adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2026 21:57
78
ƏDƏBİYYAT
A- A+

Azərbaycanlı yazıçının müsahibəsi Amerika mediasında

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən müstəqil Maskomania News nəşri Azərbaycan yazıçısı, şairi və dramaturqu Seyran Səxavətdən geniş eksklüziv müsahibə alıb.

Müsahibədə Seyran Səxavət vicdan, ədalətsizlik, ədəbiyyat, süni intellekt və insanların üzləşdiyi mənəvi seçimlər haqqında danışır.

Seyran Səxavət, həmçinin Azərbaycan–Ermənistan sülhü, yazıçıların məsuliyyəti, tamahkarlığın siyasətdə və cəmiyyətdə rolu barədə fikirlərini bölüşür. 80 yaşında o, həyatından çıxardığı dərslərə nəzər salaraq həqiqət, insan təbiəti və dünya haqqında düşüncələrini ifadə edir.

Eksklüziv müsahibə Maskomania News-un baş redaktoru Fərhad Elmar tərəfindən yazılı suallar əsasında aparılıb. Seyran Səxavət sualları Azərbaycan dilində cavablandırıb. Cavablar Maskomania News tərəfindən ingilis dilinə tərcümə edilərək dərc olunub.

Müsahibənin ingilis dilində tam mətni:

"https://maskomania.com/seyran-sakhavat-the-world-is-ruled-by-greed/" (https://maskomania.com/seyran-sakhavat-the-world-is-ruled-by-greed/)

---

Haqsızlığa məruz qalmaq ağırdır, yoxsa haqsızlıq etmək?

SUAL: Seyran müəllim, qədim yunan filosofu Sokratın müdafiə etdiyi fikirlərdən biri budur ki, haqsızlığa məruz qalmaq haqsızlıq etməkdən daha yaxşıdır. Ancaq həyatda çox vaxt bunun əksini görürük: haqsızlıq edən adam uğur qazanır, haqsızlığa məruz qalan isə həm itirir, həm də əziyyət çəkir. Sizcə, belə bir vəziyyətdə əslində kim uduzur? Başqasına haqsızlıq edib rahat yaşayan insan, yoxsa öz vicdanını qoruduğu üçün əziyyət çəkən adam? Bəs vicdan əzabı çəkməyən bir insanı mənəvi cəhətdən uduzmuş hesab etmək olarmı?

CAVAB: Haqsızlıq edən adam bunun ağırlığını duysa bəlkə də etməz. Haqsızlıq onun üçün çox yüngül başa gəlir – bəzən də əyləncə səviyyəsində. Ona görə də hesab edirəm ki, haqsızlığa məruz qalmaq ağırdı!!!

Fəxri adlar: mükafat, yoxsa ömürlük mənəvi borc?

SUAL: Seyran müəllim, təsəvvür edin ki, Amerikada Ernest Heminqueyə “Amerika Xalq Yazıçısı”, Maykl Ceksona “Amerika Xalq Artisti”, Nikol Kidmana isə “Amerika Əməkdar Artisti” adı verilsəydi, yəqin ki, amerikalılar buna təəccüblənərdilər. Azərbaycanda isə sovet dövründən qalan bu fəxri adlar sistemi hələ də yaşayır. Sizcə, dövlət sənətkara fəxri ad verəndə onun yaradıcılığını qiymətləndirir, yoxsa onu öz qarşısında mənəvi borclu da qoyur? Bəlkə, bəziləri daxilən bu ada layiq olmadıqlarını bilir, həqiqətən xalqın sevgisini qazanmış sənətkarların yanında utanırlar, amma aldıqları addan da imtina edə bilmirlər? Mənə bəzən elə gəlir ki, belə bir fəxri ad sənətkarın söz azadlığına ömürlük iş kəsmək kimidir. Siz necə düşünürsünüz? Azərbaycan bu sistemi saxlamalıdır, yoxsa sənətkarın qiymətini onun yaradıcılığı və xalqın sevgisi müəyyən etməlidir?

CAVAB: Fəxri adlar Sovet dövründə, xalq arasında böyük hörmət və söz sahibi olan şəxslərə verilmiş “rüşvətdir”, yəni al bunu ağzına gələni danışma. Təəssüflər olsun ki, bu indi də davam edir. Ədalət naminə onu da demək vacibdir ki, fəxri ad alanlar arasında son dərəcə böyük sənətkarlar və bu fəxri adı “doğrultmayanlar” (hökumətin nəzərində) da var – bu reallıqdır, həqiqətdir.

Azərbaycan–Ermənistan sülhü: tarixi yaddaşla gələcək arasında seçim

SUAL: Seyran müəllim, siz 2021-ci ildə “Həftə içi” qəzetinə müsahibənizdə ermənilərlə birgə yaşamağa hazır olmadığınızı bildirmişdiniz. Bu gün isə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində addımlar atılır. Həmin müsahibə: "https://hafta.az/ermenilerle-hec-vaxt-birge-yasamaram...--seyran-sexavet-310079-xeber.html" (https://hafta.az/ermenilerle-hec-vaxt-birge-yasamaram...--seyran-sexavet-310079-xeber.html). Artıq XXI əsrdə yaşayırıq. Müharibənin ağrılarını yaşamış insanlardan keçmişi unutmağı gözləmək olmaz. Amma bu gün böyüyən uşaqların gələcəyə hansı düşüncə ilə baxacağı da mühüm məsələdir. Təsəvvür edin, bir azərbaycanlı uşaq atasından soruşur: “Ata, ermənilər bizim düşmənimizdir?” Sizcə, ata bu suala necə cavab verməlidir? Tarixi yaddaşı qorumaqla keçmişin düşmənçiliyini gələcək nəsillərə ötürmək arasında sərhəd haradan keçir? Sizcə, uşaqlara Azərbaycan xalqının yaşadığı faciələri olduğu kimi öyrədib, eyni zamanda onları başqa xalqlara nifrət etmədən böyütmək mümkündürmü? Bu məsələdə ədəbiyyatın üzərinə hansı məsuliyyət düşür?

CAVAB: Azərbaycan türkləri kinli deyil, uzun illərdən sonra tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinə də bu günkü kimi yanaşmayacaq, əgər belə demək mümkündürsə nisbətən “unudacaq”. Ancaq inanmıram ki, erməni xislətli tarix boyu özünə məxsus şəkildə (torpaq iddiası, dənizdən-dənizə böyük Ermənistan hülyası və sair sərsəmləmələri ilə) Xocalını təkrar-təkrar yadımıza salmasın – kaş yanılsaydım. Övladlarımızı isə sonradan-sonraya bizə qonşu gələn ermənilərlə düşmənçilik ruhunda deyil, son dərəcə ehtiyatlı olmağı tövsiyə etmək gərəkdir. Siyasətçilərin meydan suladığı məkanda isə ədəbiyyat köməksizdir və heç nə edə bilməz – ədəbiyyat 100-150 il bundan əvvəl kömək eləyə bilərdi və eləyirdi də!

Azərbaycan ədəbiyyatı niyə dünyada kifayət qədər tanınmır?

SUAL: Seyran müəllim, Azərbaycan ədəbiyyatının dünyada kifayət qədər tanınmamasını çox vaxt keyfiyyətli tərcümələrin azlığı və xarici nəşriyyatlarla əlaqələrin zəifliyi ilə izah edirik. Amma bəlkə, Azərbaycanda öz ədəbiyyatının dünya səviyyəsindəki yeri və imkanları olduğundan yüksək qiymətləndirilir? Yoxsa dəyərli hesab edilən əsərlər dünya oxucusu üçün eyni dərəcədə maraqlı olmaya bilər? Ümumiyyətlə, bir yazıçının dünyada tanınmaması onun yaradıcılığının zəifliyini göstərirmi? Təsəvvür edin ki, nüfuzlu bir xarici nəşriyyat sizdən dünya oxucusuna təqdim etmək üçün üç müasir Azərbaycan yazıçısı, üç şair və üç publisist seçməyi xahiş edir. Kimləri seçərdiniz və nə üçün? Özünüzü bu doqquz nəfərlik siyahıya daxil edərdinizmi?

CAVAB: Bizlər, ümumiyyətlə xaricdə tanınmağa heç vaxt meylli olmamışıq. Belə olmasaydı Nizami, Füzuli, Xaqani... və onlarla klassiklərimizi dünyada tanıdardıq da... Tanıtmamışıq. Rəssamlıqdan, musiqidən fərqli olaraq ədəbiyyatın dünyəvi tanınması tərcümə kimi bir qıl körpüdən keçir – keçə bilirmi? Yox, keçə bilmir və keçilməzliyin xeyli səbəbi var ki, bu bizim daxili işimizdi və burda yalnız özümüz-özümüzə kömək edə bilərik. Sizin dediyiniz kimi nüfuzlu bir xarici nəşriyyat məndən dünya oxucusuna təqdim etmək üçün üç müasir Azərbaycan yazıçısı, üç şair və üç publisist seçmək xahiş etsə kimləri seçərdiniz və özünüzü də bu doqquz nəfərlik siyahıya daxil edərdinizmi?

Cavab verirəm:

Üç yazıçı:

 

  • İsi Məlikzadə
  • Yusif Səmədoğlu
  •  Fərman Kərimzadə

 

Üç şair:

 

  • Məmməd Araz
  • Qulu Ağsəs
  •  Əşrəf Veysəlli

 

Üç publisist:

 

  • Səyavuş Sərxanlı
  • Bahəddin Həzi
  • ?

 

Əlbəttə, bu mənim zövqümdü və heç kəs bunu məndən ala bilməz. Ədalət naminə onu da deməliyəm ki, bu “üçlüklər”dən başqa yetərincə istedadlı nasirlər, şairlər var, sırf publisist yoxdu; yazıçılar, şairlər var ki, gözəl publisistik yazıları var. Qaldı, sizin sualınızın o tərəfinə ki, Seyran Səxavət olaraq özümü bu doqquzluqda görürəmmi? Bəli, şair kimi də, publisist kimi də, nasir kimi də... Və mən havayı danışmıram, ortada romanlar, şeirlər, poemalar, yeddi min beş yüzdən yuxarı intervu, yol qeydləri və digər publisistik yazılar var... Mən özümə də ədalətlə yanaşmalıyam və bunu bacarıram.

Hicab: şəxsi seçim, yoxsa cəmiyyətin qadına qoyduğu tələb?

SUAL: Seyran müəllim, Azərbaycanda hicab məsələsi uzun illərdir mübahisə doğurur. Bəziləri bunu qadının dini inancının və şəxsi azadlığının ifadəsi hesab edir, digərləri isə ailənin və cəmiyyətin təsiri altında verilən qərarın nə dərəcədə azad seçim olduğunu sorğulayırlar. Təsəvvür edin ki, bir qadın ailəsinin etirazına baxmayaraq hicab taxmaq, başqa bir qadın isə ailəsinin təzyiqinə baxmayaraq hicabını çıxarmaq istəyir. Sizcə, bu iki qadının seçim hüququna Azərbaycan cəmiyyətində eyni hörmətlə yanaşılırmı? Əgər insan öz seçiminə görə ailəsinin sevgisini, yaxınlarının hörmətini, hətta yaşadığı mühitdəki yerini itirmək təhlükəsi ilə üzləşirsə, onun qərarını nə dərəcədə azad hesab etmək olar? Sizcə, burada əsas problem hicabın özü, yoxsa cəmiyyətin qadının həyatına və şəxsi qərarlarına nəzarət etmək istəyidir?

CAVAB: Səxsi seçim, yoxsa cəmiyyətin qadına qoyduğu tələb, - deyə soruşursunuz. Cavab birmənalıdır:

- İkisi də.

Süni intellekt: insan öz yaratdığının əsirinə çevrilə bilərmi?

SUAL: Seyran müəllim, süni intellekt getdikcə insanların gördüyü işləri öz üzərinə götürür. Sizcə, bir gün yazıçıların və şairlərin də yerini tuta bilərmi? Təsəvvür edin ki, süni intellekt insan psixologiyasını, duyğuları və ədəbiyyatın incəliklərini təqlid etməyi öyrənir, oxucuları heyran edən romanlar, hekayələr, ssenarilər, şeirlər və dərin psixoloji əsərlər yazır. Hətta insanlar bu əsərləri tanınmış yazıçıların əsərlərindən üstün tuturlar. Belə olan halda hiss etmədən hisslər haqqında yazmaq həqiqi sənət sayıla bilərmi? Bəlkə, insanlar öz yaratdıqlarına inanmağa, onun qərarlarını öz qərarlarından üstün tutmağa meyillidirlər? Bu, insanın təbiətindəki könüllü tabeçilik, hətta qul olmaq istəyi ilə bağlıdır, yoxsa məsuliyyəti öz üzərinə götürmək istəməməsi ilə? Yaxud bəlkə, süni intellekt dünyanı insanlardan daha yaxşı idarə edib daha ədalətli bir gələcək quracaq? Sizcə, insanlar öz yaratdıqlarının əsirinə çevriləcəklər, yoxsa onun sayəsində daha azad olacaqlar?

CAVAB: Hələ süni intellekt ortalığa çıxıb bütün boy-buxunu ilə görükdükdən xeyli, uzun illər əvvəl insan süniliyi əsarətində idi – girov düşmüşdü – plen. Bu süni intellekt heç vaxt, heç vaxt, heç vaxt nəinki əsl istedad sahibi olan yazıçıların yerini tutar, heç onların böyründən yel olub ötə də bilməz – bu həqiqətdir.

Ziyalının dəyişən mövqeyi: vicdan, yoxsa şəxsi maraq?

SUAL: Seyran müəllim, təsəvvür edin ki, bir ziyalı illərlə hakimiyyəti sərt tənqid edir. Sonra ona ev, avtomobil, yüksək vəzifə və ailəsi üçün müəyyən imtiyazlar verilir. Bundan sonra həmin insan dünən tənqid etdiyi hakimiyyəti tərifləməyə başlayır. Məni maraqlandıran onun niyə mövqeyini dəyişməsi deyil. Daha çox bu dəyişikliyin insanın daxilində nə baş verdiyini bilmək istərdim. Sizcə, belə bir insan öz vicdanı ilə necə barışır? Zaman keçdikcə yeni mövqeyinə özü də inanmağa başlayır, yoxsa qazandığı rahatlıq onun üçün əvvəlki prinsiplərindən daha vacib olur? Bəs cəmiyyət belə insanlara niyə bəzən əvvəlkindən də böyük hörmət göstərir? Bu, həmin ziyalının nüfuzudur, yoxsa onun qazandığı imkanlara göstərilən hörmət? Bəlkə, insanlar belə halları gördükcə “O dəyişdisə, mən niyə dəyişməyim?” deyə düşünür və zamanla prinsiplərindən imtina etməyi adi hal saymağa başlayırlar? Sizcə, bu cür münasibət cəmiyyətin mənəvi dəyərlərini də tədricən dəyişə bilərmi? Belə olan halda bu, cəmiyyəti hara apara bilər?

CAVAB: İnsanın yer üzünə ayağı dəyəndən bu günə qədər Vicdan – Şəxsi Maraq müharibəsi, bu günə qədər də davam edir və edəcək. Orasını da deyim ki, bu elə bir mürəkkəb seçimdir ki, onun başında Nəfs dayanır – özü də çox möhkəm. Əslində Vicdan – Şəxsi Maraq müharibəsini də, elə Dünyanın özünü də Nəfs idarə edir – dünyanın idare olunmasinda böyük dövlət başçılarının rolu görüntü xarakteri daşıyır – siyasi butaforiya...

Yazıçı həqiqəti deməlidir, yoxsa xalqını qorumalıdır?

SUAL: Seyran müəllim, yazıçının vəzifələrindən biri cəmiyyətin görmək istəmədiyi həqiqətləri üzə çıxarmaqdır. Amma bəzən həmin həqiqətlər xalqın özü haqqında yaratdığı təsəvvürlərlə ziddiyyət təşkil edir. Xalqını sevmək onun səhvlərini gizlətmək deməkdir, yoxsa həmin səhvləri açıq göstərmək də vətənə xidmət sayıla bilər? Sizcə, burada yazıçının vicdanı ilə cəmiyyət qarşısındakı məsuliyyəti arasında sərhəd haradan keçir? Bədii əsərdə həqiqətlə təxəyyülü bir-birindən ayırmaq nə dərəcədə vacibdir?

CAVAB: Yazıçının vicdanı ilə cəmiyyət qarşısındakı məsuliyyəti arasında sərhəd, Nefsden kechir-chokh agir olsada bu hegigetdir. Bədii əsərdə həqiqətlə təxəyyülü bir-birindən ayırmaq nə dərəcədə vacibdir sualina ise javabim beledir: bedii eserde texeyulle hegigetle bir birinden ayirmag Soze xeyanetdir. Yazıçı yalnız və yalnız həqiqəti deməlidir, çünki xalqı qorumağın yeganə yolu da elə həqiqətdən keçir... Xalqın səhvlərini gizlətmək xəyanətdir. Bir dəfə Azərbaycan televiziyalarının birində bu barədə o qədər sərt danışdım ki, məni o qədər də dərindən anlamayan teleaparıcı soruşdu:

- Seyran müəllim, bu xalqa qarşı bu qədər nifrət sizdə hardandır?!

Cavab verdim:

- Sevgidən!!!"

İnsan öz həyatını yenidən yaşamağa razı olardımı?

SUAL: Seyran müəllim, alman filosofu Fridrix Nitşe “Şən elm” əsərində belə bir düşüncə təcrübəsi irəli sürür: təsəvvür edin ki, sizə bütün həyatınızı, yaşadığınız sevincləri, ağrıları, uğurları, itkiləri və etdiyiniz səhvləri heç nəyi dəyişmədən yenidən, özü də sonsuz dəfə yaşamaq təklif olunur.

Sizcə, insan belə bir təklifi qəbul edə bilərmi? Yoxsa həyatında dəyişmək istədiyi heç olmasa bir hadisənin olması onun öz taleyi ilə tam barışmadığını göstərir? Bəs sizə belə bir seçim verilsəydi, Seyran müəllim, öz həyatınızı olduğu kimi yenidən yaşamağa razı olardınızmı?

CAVAB: İnsanları dəyə bilmirəm, ancaq söhbət məndən gedirsə: - Mən heç vaxt!!! Çünki son dərəcə maraqsız olardı və birinci yaşamda gördüyüm yaxşı şeylər də burnumdan gələrdi... İstəmirəm...

Dünya – həyat haqqında geldiyiniz nəticələr barədə...

SUAL: Sizin 80 yaşınız var – böyük ömür yaşamısınız – Zəhmət olmasa Dünya – həyat haqqında geldiyiniz nəticələr barədə ne deyerdiniz? Fikriniz nedi …something like this

CAVAB: Bu yaşda mənim gəldiyim xeyli nəticələr var:

 

  • İnsan yalnız ölümə yaltaqlana bilmir.
  • Yalan yaltaqlığın lirikasıdır.
  • Təqsiri olan adamlar günahını zəmanənin boynuna atırlar və nəticədə zəmanə bəşəriyyətin günah ambarına çevrilir – bax, bir gün bu anbar partlayanda dünyanın axırı olacaq.
  • Baba ilə nəvə ona görə bir-birini çox istəyir ki, ikisi də bir ağılda olur.
  • İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar.
  • Mənə elə gəlir ki, insan yalnız ölənə qədər deyil, öləndə də öyrənir – öləndə də ölmək öyrənir.
  • Dünya Allahın çin olmuş yuxusudur.
  • Xalqın uğrunda ölməyə dəyməz, çünki xalq həqiqət deyil – həqiqətin yolunda ölmək lazımdır.
  • Körpə ölümü yaşlı adamların yuxusu boyda bir şeydir.
  • Cümlə qurmaq dövlət qurmaq qədər çətindir!
  • Ən asan şey dünyaya gəlməkdir, çünki burda sənin heç bir zəhmətin yoxdur.
  • “Salam verdim rüşvət deyildir deyə almadılar” (Füzuli) – ancaq rüşvət verdim salam deyildir deyə o saat aldılar...
  • Qız uşağı sevinəndə Allah da gülümsəyir. Allahın dodaqlarına təbəssüm qonanda o, bəşəriyyətə qarşı daha çox mərhəmətli olur.
  • Yumruq boyda daş, milyon illər boyu sıxılmış Yer kürəsi boyda torpaqdır.
  • Mənə elə gəlir ki, Allah bütün dünyanı bizim kəndin üstündən idarə eləyir.
  • Yoooox!!! Sənin dediyin o həqiqət doğulmayacaq – Sən də, Mən də, O da yığışıb o həqiqəti abort elətdirməliyik! (“Qızıl teşt” tamaşasından – 1988-ci il).
  • Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi.
  • Əgər Abdulla da davadan qayıtmasaydı, tarix kitabında yazacaqdılar ki, Sovet xalqı İkinci Dünya müharibəsində iyirmi milyon bir nəfər adam itirib.
  • Qızlarının üzü gülməyən məmləkətin gələcəyi ağlar qalar.
  • Dünyanın ən xoşbəxt xalqı, dünyanın ən az yalan danışan xalqıdır.
  • Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə.

 

Seyran muellim vaxt atirib bizimle musahibe ….. minnetdarligimizi bildiririk !