03 Iyun 2025 10:23
34
ANALİZ

Azərbaycanın enerji potensialı qlobal əhəmiyyət daşıyır

Azərbaycanda hər il keçirilən “Baku Energy Week” (Bakı Enerji Həftəsi) beynəlxalq müstəvidə böyük maraqla qarşılanır. Sayca 30-cu olan bu tədbir hər il bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Eyni zamanda, dünyanın aparıcı ölkələrinin liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin ünvanladıqları məktublar da onların bu tədbirə vacib əhəmiyyət verdiklərini göstərir.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qazandığı böyük uğurlardan biri də Avropanın enerji təminatında mühüm rol oynamasıdır. Ölkəmizin gələcək uğurlarının zəmanəti olan qlobal enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişib. Açıq dənizlərə çıxışa malik olmasa da, ölkəmiz artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini yaradıb. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə yeni rekordlara imza atıb. Əlbəttə ki, bütün bunlar dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən, tam müstəqil siyasət yürüdərək sözünün sahibi, etibarlı tərəfdaş olduğunu isbatlayan Prezident cənab İlham Əliyevin qlobal təşəbbüsləri sayəsində reallaşıb. 

Dünya müstəvisində hazırda hökm sürən gərgin situasiyada, bir çox ölkələrin enerji, təbii qaz və neft məhsulları ilə bağlı ciddi böhranlarla üz-üzə qaldığı bir vəziyyətdə Azərbaycanın bütün lazımi strateji məhsullarla özünü tam təmin etməsi bu mənada istisna olan dövlətlərdən biri olduğunu sübut edir. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir. Bununla yanaşı, həm də əksər qonşu ölkələrə bu enerji növünü ixrac edir.

Avropada ölkəmizin enerji resurslarına olan tələbatın günü-gündən artması isə Azərbaycanda elektroenergetika sahəsinin daha sürətli inkişafını stimullaşdırır. Elektroenergetika iqtisadiyyatın aparıcı istiqaməti olmaqla hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi qismində çıxış edir. 
Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və əməkdaşlıq coğrafiyasının artması ölkənin enerji sektorunda əldə etdiyi uğurların nəticəsidir. ABŞ, Aİ, Türkiyə və ərəb-islam dünyası ilə olan əlaqələr Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətli bir rol oynadığını göstərir.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrə yaxındır. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir.

“Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə “AÇG Gələcək Qaz” layihəsi və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir.

Ölkəmiz Avropanın enerji təchizatının mənbə və marşrutlarla diversifikasiyasının yeni xəritəsini, planını tərtib edir və təbii qazla yanaşı, irəlidə "yaşıl enerji" və hidrogenin də əsas tədarükçülərindən biri olacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin yaradılması enerji siyasətimizin başlıca prioritetidir. Bu baxımdan yeni "yaşıl enerji" dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır. 

Əminə Ağazadə

Milli Məclisin deputatı