Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti

Prezident İlham Əliyev: “1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik”
Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika hesab olunur. 28 may 1918-ci ildə yaradılan AXC-nin paytaxtı əvvəlcə Tiflis, sonra Gəncə, son olaraq Bakı olub.
Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb. 23 ay (1918–1920) ərzində qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi oldu (1919-cu ildə). Milli ordu və dövlət qurumları yaradıldı. Təhsil və mədəniyyət sahəsində islahatlar aparıldı. Demokratik parlament formalaşdırıldı (müxtəlif millətlərin və partiyaların təmsil olunduğu).
AXC həm müsəlman aləmində, həm də Şərqdə ilk dəfə olaraq demokratik, dünyəvi və hüquqi əsaslarla idarə olunan bir respublika kimi tarixə düşdü. Bu, həm də türkdilli xalqlar arasında ilk demokratik cəhd idi. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Bu sənəd təkcə yeni dövlətin qurulduğunu elan etməklə kifayətlənməyib, həm də onun əsas dəyərlərini və məqsədlərini bəyan edib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bu bəyannamə ilə rəsmiləşdi. Tiflisdə, Müsəlman Şərqində ilk parlamentli respublika olaraq elan edildi.
Bəyannamənin əsas müddəaları: Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququ təsdiqləndi. Respublika idarəetmə forması qəbul edildi. Milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar və azadlıqlar verildi. Dövlətin beynəlxalq hüquqa əsaslanaraq müstəqil xarici siyasət yürütmək niyyəti bildirildi.
İstiqlal Bəyannaməsinin tarixi və mənəvi əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Azərbaycan xalqında milli şüurun, azadlıq ruhunun güclənməsinə səbəb oldu. Sonrakı nəsillərə azadlıq və müstəqillik uğrunda mübarizə üçün mənəvi dayaq verdi. 1991-ci ildə yenidən müstəqillik qazanarkən, Azərbaycan Respublikası məhz AXC-nin varisi olduğunu bəyan etdi.
İstiqlal Bəyannaməsi yalnız hüquqi sənəd deyil, həm də xalqın arzusunun, qürurunun və milli iradəsinin simvoludur.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilmişdir. Bu sənəd Azərbaycan xalqının milli azadlıq və müstəqillik arzularının rəsmi və hüquqi təsdiqidir. SSRİ-nin süqutu ərəfəsində Azərbaycan xalqı da müstəqillik uğrunda mübarizəyə qalxmışdı. 1991-ci ilin əvvəllərində baş verən ictimai-siyasi hadisələr və xalqın iradəsi müstəqilliyin bərpasını zəruri etmişdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi. Bəyan edildi ki, Azərbaycan 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Respublika beynəlxalq hüquq subyekti olaraq tanındı. Azərbaycan xalqının öz təbii sərvətlərinə, ərazisinə və idarəçilik sisteminə sahib olduğu təsdiqləndi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və fədakarlığı sayəsində Azərbaycan 1990-cı illərin ən çətin və təhlükəli dövründən keçərək öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxladı. Çünki müstəqilliyin ilk illərində ölkədə siyasi xaos, iqtisadi tənəzzül, separatizm və vətəndaş müharibəsi təhlükəsi hökm sürürdü. Ermənistanın təcavüzü, Qarabağda müharibə, Gəncə qiyamı, Silahlı qrupların dövlətə qarşı çıxışı ölkənin mövcudluğunu sual altına almışdı.
1993-cü ilin iyununda xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və ölkənin rəhbərliyini öz üzərinə götürdü. Onun qayıdışı ilə ölkədə sabitlik bərpa olunmağa, dövlət institutları yenidən qurulmağa başladı. Konstitusiya qəbul edildi (1995) — hüquqi əsaslı dövlətin qurulması təmin olundu. “Əsrin müqaviləsi" imzalandı (1994) — ölkənin iqtisadi inkişafı və enerji təhlükəsizliyi üçün əsas qoyuldu. Ordunun formalaşdırılması, hüquq-mühafizə orqanlarının gücləndirilməsi dövlətin suverenliyini və təhlükəsizliyini möhkəmləndirdi. Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və müstəqil dövlət kimi tanınmasına nail oldu. Ulu Öndər Heydər Əliyev demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dövlət müstəqilliyini qoruya bildi, vətəndaş qarşıdurmasından və dağılmaq təhlükəsindən xilas oldu, möhkəm və sabit dövlətçilik təməli yaradıldı.
Onun irsi bu gün də müasir Azərbaycan dövlətinin siyasi kursunda, hüquqi əsaslarında və inkişaf strategiyasında yaşayır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu, həm tarixi ədalətin bərpasıdır. Bayrağımızın azad torpaqlarda dalğalanması – tarixi və mənəvi simvolu var. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə üçrəngli bayrağı dövlət rəmziçkimi qəbul etmişdi. Bu bayraq, milli kimliyimizin, dövlətçiliyimizin və azadlıq ruhumuzun daşıyıcısıdır. Prezident İlham Əliyev dümişdir: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.
O dövrdə başlanan müstəqil dövlətçilik ideyası bu gün Azərbaycan Respublikasında reallığa çevrilmişdir. 2020-ci il 44 günlük Vətən müharibəsi
nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin qətiyyəti, sərkərdəliyi və siyasi uzaqgörənliyi ilə üçrəngli bayrağımız Şuşada, Füzulidə, Cəbrayılda, Laçında, Zəngilanda, Kəlbəcərdə və digər torpaqlarda yenidən ucaldıldı. Prezident İlham Əliyev bu tarixi qələbə ilə təkcə torpaqları yox, həm də milli ləyaqəti, qüruru və suverenliyi bərpa etdi. Bu bayrağın azad edilmiş torpaqlarda dalğalanması — Azərbaycan gəncliyi və gələcək nəsillər üçün müqəddəs bir vətən sevgisi, dövlətçilik ruhu və tarix dərsidir.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri
Digər Xəbərlər

Gələcək nəsillərə örnək

Şanlı tarixin 28 May səhifəsi

Müstəqillik Günü tariximizin parlaq səhifələrindən biridir

TDT-nin inkişafı və perspektivləri

Azərbaycanın Türk birliyinə verdiyi töhfənin daha bir təzahürü

Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriya

Prezidentin Macarıstan səfəri: Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının yeni mərhələsi
