adalet.az header logo
  • Bakı -°C
17 Iyul 2026 10:02
66
MÜSAHİBƏ
A- A+

Süni İntellekt: Köməkçi, yoxsa zehni tənbəlliyin başlanğıcı?

Texnologiyanın sürətli inkişafı gündəlik həyatımızı və vərdişlərimizi kökündən dəyişir. Bəs bu dəyişikliklər bizi hara aparır? Süni intellekt imkanlarımızı artırır, yoxsa bizi tənbəlləşdirir?

Adalet.az bu mövzuda maraqlı məqamlara toxunan həmsöhbətimiz psixoloq Vüsalə Əmiraslanova ilə qısa, lakin düşündürücü bir müsahibəni təqdim edirik:

– Bu gün süni intellekt həyatımızın hər sahəsinə nüfuz edir. Sizcə, ondan istifadə edərkən ən çox nələrə diqqət etməliyik?

– Düşünürəm ki, süni intellektdən faydalanmaq üçün ilk növbədə onunla aramızda düzgün sərhədlər qoymalıyıq. Sİ-ni hər zaman şəxsi məsələlərimiz üçün deyil, daha çox iş və peşəkar fəaliyyətlərimiz üçün istifadə etməyi ön plana çəkməliyik.
Həmçinin, ondan bir həkim, müəllim və ya psixoloq kimi istifadə etməməliyik. Çünki bu sahələr birbaşa insan faktoru, empatiya və peşəkar məsuliyyət tələb edir. Digər tərəfdən, gün ərzində vacib olmadıqca süni intellektə müraciət etməməyə çalışmalıyıq. Hər xırda suala cavab axtarmaq bizi asılı vəziyyətə sala bilər.

– Gənclər və tələbələr arasında süni intellektin istifadəsi ilə bağlı ciddi narahatlıqlar var. Bu barədə nə düşünürsünüz?

– Bəli, bu çox ciddi bir məsələdir. Məsələn, adi bir nümunə çəkim: abituriyentlərə imtahan suallarının cavabını hazır şəkildə verəndə, onlar artıq düşünmədən o cavablara baxıb sualları həll etməyə çalışırlar. Cavab tapmaq çox asanlaşdığı üçün araşdırmaq həvəsi ölür.Amma o hazır cavablar olmayanda gənclər özləri axtarır, maraqlanır, müəllimlərindən soruşur və öyrənirlər. Sİ bir növ insanları hazır cavablara öyrəşdirərək intellektual axtarışlardan uzaqlaşdırır.

– Belə çıxır ki, süni intellekt bizim düşünmə qabiliyyətimizi zəiflədir?

– Əgər hər şeyi ona həvalə etsək, bəli. Biz bir az da özümüz düşünməliyik, düşüncə qabiliyyətimizi daima artırmağa çalışmalıyıq. Süni intellektə yalnız ən ağır, ən çıxılmaz anlarda köməkçi vasitə kimi müraciət edə bilərik.
Əsas məqsədimiz öz beynimizi işlətmək, onun yatmasına və ya tənbəlləşməsinə icazə verməmək olmalıdır. Bütün günü bura şəxsi məlumatlar yazmaq, fərdi suallar vermək düzgün deyil.

– Sonda cəmiyyətə və gənclərə bu texnologiya ilə bağlı əsas tövsiyəniz nə olardı?

– Ən əsas tövsiyəm odur ki, əvvəlcə özümüzü işlədək, öz beynimizi inkişaf etdirək. Sİ platformalarına şəxsi suallar və məlumatlar daxil etməkdən çəkinək.

Əgər yalnız işimizə və təhsilimizə aid müəyyən sualları verməklə kifayətlənsək, əlbəttə ki, bu texnologiyanın bizə heç bir mənfi nəticəsi olmayacaq, əksinə, işimizi asanlaşdıracaq.

Müxbir - Şəlalə Camal