Azər Məmmədov: “Ölkə Prezidentinin Hərbi paradda səsləndirdiyi fikirlər Azərbaycanın..."
Baş redaktorun şərhi
Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən Hərbi parad müasir Azərbaycan tarixinin ən qürurlu səhifələrindən birinin təntənəli təcəssümü oldu.
Bu möhtəşəm hərbi-siyasi hadisəni şərh edən aia.az saytının baş redaktoru Azər Məmmədov hesab edir ki, şahidi olduğumuz paraq sadəcə hərbi güc nümayişi deyil, həm də dövlətin milli iradəsinin, xalqın birlik və həmrəyliyinin rəmzi idi.
Baş redaktorun fikrincə, beş il əvvəl – 2020-ci ilin eyni günündə Azərbaycanın aldığı Qələbə xəbəri necə bir xalqın taleyini dəyişdisə, bu Hərbi parad da həmin tarixi zəfərin davamlılığını, qalib millət statusunun artıq möhkəmlənmiş bir reallıq olduğunu nümayiş etdirdi: “Paradda çıxış edən cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbə xalqın əzmi, dövlətin qüdrəti və ordunun yenilməzliyinin nəticəsidir. Azadlıq meydanında səslənən bu fikirlər təkcə 44 günlük Vətən müharibəsinin nəticələrinə deyil, həm də Azərbaycanın gələcək inkişaf yoluna, dövlətçilik fəlsəfəsinə dair dərin siyasi mesajlar daşıyırdı.”
Azər Məmmədovun şərhində yer alan kifayət qədər maraqlı fikirlərdən biri də budur ki, Hərbi parad həm də dövlətin təhlükəsizlik sisteminin və milli ordusunun yüksək səviyyədə təşkilatlandığını, texnoloji və strateji cəhətdən müasir dövrün tələblərinə tam cavab verdiyini nümayiş etdirdi: “Dövlət başçısının “Biz öz torpaqlarımızı güc yolu ilə azad etdik və bu gücü bizə xalqımız verdi” fikri, ordunun xalqla, dövlətin isə millətlə vəhdətdə fəaliyyət göstərdiyini bir daha təsdiqlədi. Paradda müasir hərbi texnika, müxtəlif qoşun növlərinin sinxron çıxışları, Azərbaycan əsgərinin əzəməti, həmçinin qardaş Türkiyə və Pakistan Silahlı Qüvvələrinin iştirakı ölkəmizin beynəlxalq səviyyədə müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin sabitliyinə işarə idi. Bu, eyni zamanda, dünyaya ünvanlanmış bir siyasi bəyanat idi: Azərbaycan regionda sülhün, təhlükəsizliyin və ədalətin təminatçısı olan güclü bir dövlətdir. Bu paradda səslənən hər bir söz, atılan hər bir addım, qaldırılan hər bir bayraq Azərbaycan xalqının tarixi yaddaşında qalacaq. Cənab Prezident İlham Əliyevin çıxışında vurğuladığı “Qarabağ Azərbaycandır!” fikri artıq bir siyasi şüar deyil, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərinin, Böyük Qayıdışın mahiyyətini ifadə edən ideoloji istiqamətdir. Parad həm də xalqın dövlətə olan etimadını, qalib ölkənin mənəvi birliyini daha da gücləndirdi. Azadlıq meydanında birləşən dövlətçilik ruhu, müzəffər ordu və qürurlu xalq bu gün gələcəyə daha böyük inamla baxır. Çünki Azərbaycan artıq təkcə torpaqlarını deyil, öz milli kimliyini və tarixi ədalətini də bərpa edib. Bu parad həmin ədalətin, suverenliyin və milli dirçəlişin simvoluna çevrildi.”


Bakı -°C

