adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 08:55
31
ANALİZ
A- A+

Zəngilan– qayıdışın , bərpanın və yeni həyatın rəmzi

20 oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan əlamətdar tarixlərdən biridir. Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsinin ildönümü, milli qürurumuzun, tarixi ədalətin və Böyük Qayıdışın təntənəsidir.

2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Bu tarixi hadisə 44 günlük Vətən müharibəsinin mühüm qələbələrindən biri olmaqla, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində böyük əhəmiyyət daşıdı. Zəngilanın azadlığı xalqımızın uzun illər davam edən həsrətinə son qoyan, doğma yurda qayıdış ümidlərini gerçəyə çevirən hadisə kimi tarixə düşdü.

Zəngilan Azərbaycanın qədim yaşayış məskənlərindən, zəngin tarixi-mədəni irsə malik bölgələrindən biridir. Bərəkətli torpaqları, əlverişli coğrafi mövqeyi, təbii sərvətləri və gözəl təbiəti ilə seçilən bu diyar ölkəmizin iqtisadi və mədəni həyatında mühüm yer tutur. İşğal dövründə şəhər və rayonun yaşayış məntəqələri dağıntılara məruz qalsa da, Zəngilanın tarixi yaddaşı, doğma yurda bağlılıq və qayıdış arzusu xalqımızın qəlbində yaşamaqda davam etdi.

Zəngilanın azad olunmasından sonra bölgədə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən layihələr şəhərin gələcək inkişafının əsasını qoydu. Yaşayış binaları, sosial obyektlər, yollar və mühəndis-kommunikasiya infrastrukturu yenidən qurulur, ərazinin iqtisadi potensialının reallaşdırılması üçün mühüm addımlar atılır.

Zəngilanın inkişafında nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq hava limanının istifadəyə verilməsi, avtomobil və dəmir yolu infrastrukturu üzrə görülən işlər bölgənin ölkənin digər əraziləri və xarici tərəfdaşlarla əlaqələrini gücləndirir. Bu layihələr Zəngilanın gələcəkdə mühüm nəqliyyat və iqtisadi mərkəzlərdən birinə çevrilməsi üçün əlverişli zəmin yaradır.

Bölgənin dirçəlişi yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Əsas məqsəd insanların doğma yurdlarına qayıtması, burada təhlükəsiz və layiqli həyat şəraitinin yaradılmasıdır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər keçmiş məcburi köçkünlərin öz torpaqlarında məskunlaşmasına, məşğulluğun təmin olunmasına və sosial həyatın canlanmasına xidmət edir. Zəngilanda yeni həyatın qurulması dövlətimizin gücünün, xalqımızın iradəsinin və milli həmrəyliyimizin təzahürüdür.

20 Oktyabr – Zəngilan Şəhəri Günü həm də gələcəyə inamın rəmzidir. Bu əlamətdar tarix bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın birliyini xatırladır. Zəngilanın azadlığı və dirçəlişi Azərbaycanın öz tarixi torpaqlarına sahib çıxmaq əzminin, milli iradəsinin və qətiyyətinin bariz nümunəsidir.

Bu gün Zəngilan yeni inkişaf mərhələsinə qədəm qoyur. Dağıntıların yerini quruculuq, həsrətin yerini qayıdış, ümidsizliyin yerini gələcəyə inam tutur. Əminliklə demək olar ki, doğma sakinlərinin qayıdışı ilə Zəngilanın küçələrində həyat daha da canlanacaq, şəhər ölkəmizin tərəqqisinə töhfə verən müasir yaşayış və iqtisadi mərkəzlərindən birinə çevriləcək.

20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın qələbə əzmini, tarixi yaddaşını və quruculuq iradəsini özündə birləşdirən əlamətdar gündür. Bu gün azadlığın qədrini bilən, Vətənini sevən hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Zəngilanın dirçəlişi Azərbaycanın güclü gələcəyinin, milli birliyinin və Böyük Qayıdışın təntənəsidir.

Əminə Ağazadə

Milli Məclisin deputatı