29 Sentyabr 2023 09:00
3905
LAYİHƏ

AZADLIQ SÖZDƏN BAŞLAYIR

İnsan dünyaya  gələndən ölənə qədər  çox şey haqqında  düşünür, fikirləşir. Amma  düşündüklərinin  heç də hamısını  həyata  keçirə bilmir. Ən azından ona görə ki, o arzuları gerçəkləşdirmək üçün insan ömrü bir o qədər də vəfalı olmur. Şübhəsiz ki, hər bir  insanın, hər bir  vətəndaşın azad, demokratik və rahat yaşamaq hüququ  mövcuddur. Ancaq bu hüququ  heç də bütün ölkələrdə  insanlara  bəxş etmirlər. 

Çünki hər quruluşun, hər ölkənin  bu və ya digər  dərəcədə  qanunları var, bu ölkə də  həmin qanunlarla idarə  olunur. Gərək bu qanunlar demokratik, sivil və hüquqi olsun ki, insanlar  həmin cəmiyyətdə normal  yaşasınlar, fəaliyyət  göstərsinlər və inteqrasiya  olunsunlar. Heç kim  deyə  bilməz ki, biz çox asanlıqla demokratik  hüquqlara  və prinsiplərə  sahib  çıxmışıq. O ölkədəki insanlar öz hüquqlarını  bilirlər və bu  yolda  heç nədən qorxmadan, hətta  ölümdən  çəkinmədən  mübarizə  aparırlır,  əlbəttə, onlar  gec-tez  öz istəklərinə,  məqsədlərinə  və məramlarına   qovuşmağı   bacarırlar. 
Deyirlər ki,  Avropa  ölkələri və eləcə də  Amerika  çox demokratik, hüquqi və sivil bir məmləkətdir. Amma bu məmləkətlərdə də  demokratiya anlayışı həmin ölkələrin  maraqlarına və inkişafına  uyğun olaraq hesablanır. Hansı ölkədəki çevriliş eləmək istəyirlər və orda mövcud  quruluşu  devirməyə cəhd eləyirlər, deyirlər ki,  insanların  hüquq  və azadlıqları  pozulub və bu  şüarla da  onlar  həmin  ölkələri  işğal edir, öz siyasətlərini  həyata  keçirir, maraqlarını  təmin edirlər.

Azərbaycanın dünya siyasətində və iqtisadiyyatında  öz yeri, öz mövqeyi olub. Düzdür,  Sovet  dönəmində də Azərbaycan bu və ya digər dərəcədə müəyyən prinsiplərə uyğun həyat  qurmuşdu və ona da  uyğun  fəaliyyət göstərirdi. Başqa sözlə demiş  olsaq  Sovet  rejiminin bütün  qayda-qanunları Azərbaycanda da reallaşırdı. O dövrdə də mətbuat, televiziya və o cümlədən  müxtəlif kütləvi  informasiya  vasitələri  fəaliyyət göstərirdi. Ancaq birmənalı  olaraq deyə  bilərik ki, KİV-lərin   fəaliyyəti senzura  şəraitində  mövcud idi.  Senzuranın, daha  doğrusu, «qlavlit»in  mütəxəssislərinin  razılığı, yoxlanışı  və möhürü  olmadan heç bir qəzet  çap oluna  bilməzdi. Guya həmin  materiallar  oxunmasa, nəzarət edilməsə dövlət sirləri  mətbuatda yayılar, ölkənin  ideoloji  iş sahəsindəki  fəaliyyətinə  kölgə düşərdi. Həmin dövrdə  həm də  Mərkəzi Komitədə  ideoloji katib və eyni zamanda  ideoloji  şöbə  fəaliyyət  göstərirdi və hər şey də onların  nəzarətində idi. 

Azərbaycan müstəqillik qazandıqdan  sonra  bütün  sahələrdə  olduğu kimi, mətbuat,  televiziya və qəzet  sahəsində də  böyük  islahatlar  həyata  keçirilməyə başladı. Müstəqil  ölkənin  öz ideoloji xətti, öz tutduğu  uğurlu  yol əsas prioritet vəzifə  oldu. Və burda da  birmənalı olaraq ölkənin  daxilində azad sözə, müstəqil  mətbuata, düşüncə və fikir  azadlığına , plüralizmə xüsusi önəm verildi. Qısa zaman kəsiyində ölkədə iqtidar mətbuatı ilə yanaşı,  müxalifət  mətbuatına da «yaşıl» işıq yandırıldı.  Təbii ki,  demokratiya havası, onun  ruhu  insanlarda xoş ovqat  yaratmaqla yanaşı, bəzi problemləri də bizə yaşatdı. Yəni bir çoxları  elə  təsəvvür  elədi ki,  demokratiya  pərdəsi  altında  istənilən  oyundan  çıxmaq  mümkündür,  nə istəsən etmək olar.  Bəzən insanlara  həddindən  çox  azadlığın və demokratiyanın şamil edilməsi bir çox hallarda insani dəyərlərə, dövlətə  və dövlətçiliyə bu və ya digər dərəcədə  xələl  gətirir. Amma  bütün bunlara   baxmayaraq, ölkəmizdə yaradılmış sağlam mühit, sağlam düşüncə, fikir və plüralizm azadlığı insanların daha  sərbəst və rahat  fəaliyyət  göstərməsinə münbit şərait  yaratdı. 

Hətta  ölkə  daxilində belə demək mümkünsə,  tamamilə  fərqli  düşünən və bir az da   dövlətçiliyə  xələl  gətirə  bilən  mətbu orqanlar da  fəaliyyət  göstərməyə  başladı. Amma demokratiya  və azadlıq  o demək deyil ki, ölkənin  imicinə , dövlətçiliyinə müəyyən  zərbələr vurulsun.   Bütün bu məsələlər  diqqət  mərkəzindən yayınmadı, sağa-sola və nala-mıxa vuran  bəzi  mətbuat orqanları  heç şübhəsiz məhkəmə  məsuliyyətinə  cəlb edildilər. 

Bütün bunlara   rəğmən  ölkəmizdə  çoxlu  sayda  müxtəlif nəşrlər,  saytlar, qəzetlər və hətta  sosial  şəbəkələr fəaliyyətini  sürətlə davam etdirdi. Və bu gün də deyə  bilərik ki,  Azərbaycan  elə bir  demokratik  mühitdir  ki, burda  bütün  xalqların  və millətlərin  birgə  yaşaması, fəaliyyət  göstərməsi, eləcə də işgüzar mühit yaradılması  üçün hər cür şərait  mövcuddur.  Təbii ki, bu  mövcudluğu bir çox hallarda  daxildəki  və xaricdəki  qara qüvvələr  görmək istəmir,  ölkəmizin  əleyhinə təbliğatlar aparır, məmləkətimizdə mövcud  olan demokratik  prinsiplərə, hüquqi azadlıqlara  və fikir  plüralizminə   kölgə salmaq istəyirlər.  Hətta bu cür  qara qüvvələr, daha doğrusu,  sapı  özümüzdən  olan baltalar xaricdəki  düşmən qüvvələrlə birləşərək ölkəmizə  qarşı  qarayaxma kampaniyalarını  davam etdirirlər.  Həmin zərərli ünsürlər hətta İkinci Qarabağ savaşında və eləcə də  24 saatlıq  lokal antiterror  əməliyyatının  keçirildiyi gündə də  yenə düşmənin  dəyirmanına   su tökdülər və onlardan  heç nələri  ilə fərqlənmədilər. Amma Azərbaycansa  bir daha  dünyaya  sübut  etdi ki, bizim  xalq  bəşəri dəyərlərə və  demokratik  prinsiplərə   yüksək  qiymət verir, ən ağır müharibə şəraitində belə  düşmənin  mülki  əhalisinin  bir nəfərinin ölümünə  imkan vermir. Amerika kimi qüdrətli dövlət İraqda hərbi əməliyyat  apararkən  nə qədər mülki əhalinin ölümünə  rəvac verdi, ancaq Azərbaycan   bir daha  dünyaya sübut etdi ki, o demokratik  bir  dövlətdir, beynəlxalq  hüquqa  çox böyük hörmətlə yanaşır.

Söz və mətbuat  azadlığından, fikir plüralizmindən  söhbət  düşəndə  Mədəniyyət və İncəsənət Universitetinin professoru,  kulturologiya  elmləri   doktoru İlqar Hüseynov deyir ki,  biz Sovet  dönəmində də yaşamışıq və müstəqillik  dövründə də  yaşayırıq. Onda  elə bir  mühit  var idi ki,  adi auditoriyada   mühazirə  oxuyanda çox diqqətli  olurduq. Əgər tələbəyə Məhəmməd Əmin  Rəsulzadə və eləcə də digər Müsavatla  bağlı olan insanlar  haqqında fikirlər  çatdırılsaydı  istər-istəməz həmin müəllimin  vəziyyəti yaxşı olmayacaqdı. Ən azından deyəcəkdilər ki, sən Sovet hökumətinin  əleyhinə   təbliğat  aparmısan və buna görə o müəllimləri  çək-çevirə   salacaqdılar. Ancaq müstəqillik  dövrünə qədəm qoyandan sonra nə auditoriyada, nə də cəmiyyətdə heç bir  məhdudiyyətlər qoyulmadı, yəni  biz hər şeyi, həqiqəti, hətta  acı həqiqəti belə  tələbələrə  çatdıra bilirik. Bu da ölkəmizdə  söz və mətbuat  azadlığının inkişafı, çiçəklənməsi və eyni  zamanda fikir plüralizminin genişlənməsi deməkdir.  Düşünürük ki,  biz müstəqilliyin  şirinliyini  zaman-zaman daha dərindən hiss edəcək və buna görə  dövlətimizə, hökumətimizə minnətdar olacağıq. 

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.