adalet.az header logo
  • Bakı -°C
03 Fevral 2026 13:42
105
ƏDƏBİYYAT
A- A+

Azad Məhəbbət, Nişan Üzüyü və Antiprofanasiya Günü - Pərvanə BAYRAMQIZI yazır

Azad Məhəbbət Günündən başlayaq. 

Bu, əlamətdar günün adı adama sevginin əsarətdə saxlanıldığının da mümkünlüyünü bildirmiş olur. 

Azad məhəbbət anlayışına hərənin bir cür baxışı var. Məhəbbətin yasaqmı, azadmı olmasının səbəbi müxtəlifdir. Talelər fərqlidir, ona görə də birinin həyatında baş verən hadisəyə digəri öz ömründə olanların təsiri ilə yanaşmamalıdır.

Əsl, dərin məhəbbətlə sevmək, ömrünü bəzəyəcək eşqin qəlbində baş qaldırması, bir dəfə olur. Birini canında hiss etməyin, nəfəsində duymağın bir dəfə olur. Bəzən ikinci dəfə də sevmək mümkündür. Niyə də olmasın, ilk eşq hər hansı səbəbdən ayrılıqla bitibsə, təzədən təpər tapıb sevməyin, kiməsə bağlanmağın, həyatın yenidən  gözəlləşməsinin nəyi pisdir? 

Bizim cəmiyyətdə çox şey kimi məhəbbət də azad deyil. İnsanlar özləri də bir-birinə sevməyi, sevinməyi, dincliyi qadağan edirlər. Sevəndə başqalarından gizlədirik. Dilə düşməkdən qorxuruq, çünki bizim şəxsi duyğularımızı müzakirəyə çıxarırlar. Bununla hisslərimizi buxovlayır, ömrümüzə sahiblik etməyə can atırlar. Məhəbbət bir qəlbə gecikə də, heç vaxt gəlməyə də bilir. Onun gəlmək vaxtı bizdən asılı deyil. Nə vaxt gəlsə, demək, vaxtı ondadır. Di gəl ki bizim cəmiyyət fərdin öz xoşbəxtliyinə çatmasını qəbul edə bilmir, hər şeyi qəbahət sayır, özünün səadəti üçün tabuları aşana kəskin münasibət bəsləyir.

Neçə gündür sosial şəbəkələrdə "Altmış yeddi yaşlı kişi özündən otuz beş yaş kiçik qadınla evləndi" manşetini görürük. Onları qınayır, yaş məsələsini vurğulayırlar. Həmin insanların həyatının indiyədək keçən hissəsi ilə maraqlanmır, indi evlənməsinin səbəbini bilmirlər. Əslində, bu, insanlar üçün maraqlı olmamalıdır, madam ki, onların evlənməsinə acıqlanırlar, onda səbəbi də öyrənməlidirlər. İnsaflı olsaydılar, bu evliliyi ən azından altmış yeddi yaşlı şəxsin tənhalıqdan xilas olmaq istəyi, özünə həmdəm tapmağı kimi dəyərləndirərdilər. Bəlkə, bu vaxtadək həyatından məmnun olmayıb, istəyir ki, ömrünün qalan hissəsini xoşbəxt yaşasın. Bəlkə, o qadın da indiyədək ailə qurmayıb, bəxti indi açılıb. Ya bəlkə, səbəb bunlar deyil, sadəcə, bir-birini sevib, biri digərində bəyəndiyi keyfiyyət tapıb. Nə üçün hərənin öz həyatı olduğu halda, hamı başqasının həyatına qarışır? 
Bəs bu "azadlıq" tələb edənlər niyə azad məhəbbəti pisləyirlər?

Məncə, bütün bunlara səbəb sevgi hissindən məhrum olmaqdır. Ömründə bir dəfə də olsun o gözəl hissi duymayanlar elə bilirlər, onların "ağlı" yaxşı işləyir, hər şeyi götür-qoy etməyi bacarırlar, xoşbəxt olmağa çalışanların isə əxlaqı normal deyil. Onlara elə gəlir, kiminsə yaşı çoxdursa, sevə, ailə qura bilməz, bunu istəyən, yaxud, eləyən dünyanın ən ağılsız, ədəbsiz adamıdır.

Ömrümüzü belə mühafizəkar yanaşmaya görə  duyğularımızı öldürməyə sərf edirik. Özümüzü başqalarının zövqünə uyğunlaşdıraraq yaşayırıq. Sevməkdən qorxduğumuz üçün özümüzü özgə kimi güdə-güdə günləri başa vurur, "sevərəm, qınağa tuş gələrəm" düşüncəsinin ucbatlndan hisslərimizi boğub məhv oluruq. İnsanın nə vaxt nə edəcəyi, haçan sevəcəyi bəlli deyil, ona görə də hər şeyə görə başqasını qınamayaq, bir gün özümüz də həmin hərəkəti təkrarlasaq necə olar? Kim ağlından, taleyindən əmindir? 

Əgər adamlarda məhəbbət hissi olsa... üstəlik azadlığı da qorunsa, bir-birinə kin-küdurət bəsləməzlər. İnsanlarımızda sevgi yoxdur, olan da cəmiyyətin qınağından dilinə gətirə bilmir.

Həyatımız yalançı əxlaq keşikçilərinin ciddi nəzarətindədir.

Nə ömrümüzə heyfimiz gəlir, nə özümüzə. İztirab çəkməyə həvəsliyik, xoşbəxtlikdənsə qorxuruq. Bilirik ki, bədbəxtliyimizə toxunmazlar, səadətimizi isə oğurlamağa hazırdılar. 

Daha çox insanların ilk məhəbbət deyəndə sızım-sızım sızıldadıqlarının şahidi olmuşuq. Bu mövzudan söz düşəndə az qalırlar, nalə çəksinlər.

Şair Vahid Aslanın şeirindən bir misranı xatırlayıram:

"İlk sevgi nədisə, bax odu ömür". 

Gözəldir, reallıqdır. İlk məhəbbətini illərlə unutmayanlar olub, amma fərqli məqamlar da var.

Deyirəm, bəlkə, yanaşma tərzimizi dəyişək? Düşünək ki, əsl sevgi sonuncu dəfə duyduğumuzdur? Nə vaxt hiss etsək ki, artıq tamamlanmışıq, özümüzü bütöv görürük, məmnunuq, qəlbimizdə başqasına yer qalmayıb, sonuncu eşqin səadətini yaşadığımızı anlamalıyıq. Son sevgi olduğunu qəlbimiz özü söyləyəcək bizə.  Sonuncudan o yanası yoxdur.

Hərə öz duyğusuna yaxın olanı seçsin.

Həyatın ən gözəl tərifini şair Ayaz Arabaçı verib:

"Həyat könül dadında, ürək ölçüsündədir".

Reallıqdan real, mücərrədlikdən mücərrəd... 

Yəni həyat sevgidir, sevgi də həyatdır. Sevgi ilə yaşayaq. Ən birinci özümüzü özümüzdən azad edək. Öz əsarətimizdən qurtarsaq məhəbbətimiz də azad olar.

Azad Məhəbbət Günü kaş bircə gün qeyd edilməyəydi...

Elə adamlar olur, onlara ərk yeri ayırırsan. Əslində, bu yeri onlar özləri qazanırlar, sənsə, sadəcə, sənədləşdirirsən. Əsəbiləşəndə bəzən sənə "dəli" deməyi səni incitmir. Bilirsən ki, çox istəyir, həyatında xüsusi yerin olduğundan əminsən, ona görə ona icazə verirsən ki, bəzən emosiyasını gizlətməsin. Ən gözəli onun da bu haqqı sənə verməsidir. Doğmalıq budur.

Adamların bir-birini sevməyi, bir-birinin qeydinə qalmağı, bir-birini qorumağa çalışmağı çox gözəldir. Görəndə ki, səndən nigaran qalırlar, sənə pis şeylər olmasın deyə tövsiyələr edirlər necə sevinməyə, necə kövrəlməyəsən?

Ömür heç nəyə yaramayacaq təcrübədir. Yaşayırsan, hər hadisədən nəticə çıxarırsan, amma sonda — ağıllandığın vaxt ölürsən. Topladığın təcrübədən istifadə etmək üçün sənə ikinci dəfə həyata gəlmək imkanı verilmir.

Pis hallarla yaxşı məqamlar bir-birini teyləməkdən qaranəfəs edir. Ona görə dəhəmişə olmasa da olar, hərdən yaxşı şeylər ol(ur)sun. 

Nişan Üzüyü Günü də fevralın üçündə qeyd olunur.

Yeniyetməlik illərindən yaddaşımda Tofiq Mütəllibovun şeirindən bir bənd qalıb:

O, adi üzük yox, qəlb sirdaşıdır,
Sədaqət, etibar, büllur qaşıdır.
Məhəbbət yaşadır, sevgi yaşadır,
Qoruyur bu şərəf, bu şan üzüyü,
Sədaqət üzüyü, nişan üzüyü. 

Misraları nişan mərasimində xalçanın üzərinə pambıqla özüm yazmışdım. 

Bu gün həm də Antiprofanasiya (söyüş və nalayiq sözlərlə mübarizə) Günüdür. 

Mənim və mənikimilərin günüdür.

Köhnə yazımdakı bir fikrimi bu mətndə də təkrarlayacam: Aztv-ni filmlərdəki kobud ifadələri kəsdiyinə görə sevirəm. 

Bugünkü tarixə Beynəlxalq Zəriflik Gününü də əlavə edib, bu əlamətdar günlərin dəyərini il boyu bilək, ömür boyu qoruyaq. 

Məhəbbətimizin azad olması üçün əvvəlcə özümüzü azad edək? Nədən? — Cavab individualdır.

Zərifliyi də birinci özümüzdən gözləyək. 

Qaldı nişan üzüyü, o da arzulayanlara qismət olsun. 

Getdim... sağ olun.