adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2023 19:45
1495
GÜNDƏM, MÜSAHİBƏ

“ Artsax müstəqil dövlət olana qədər mübarizə edəcəyik" - Vardanyan RTVI-yə müsahibəsi



Qarabağdakı qondarma qurumun sabiq “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan RTVI-ya müsahibə verib.


Adalet.az
xəbər verir ki, Vardanyan Rusiyaya məxsus RTVI suallarını cavablandırıb.


- Cənab Vardanyan, işdən çıxarılmağınızın səbəbləri nə idi?

- Sual mənə deyil, daha çox prezident Araik Arutyunyana ünvanlanıb.

- Prezidentlə razılaşa bilmədiyiniz ümumi qırmızı xətlər hansılardır?

- Prezident elan etdi ki, Artsaxın müstəqilliyi və muxtariyyətinin pozulması ilə bağlı hər şey onun özü və bütün xalq üçün qəbuledilməzdir. Bu mənada bizim qırmızı xətlər üst-üstə düşür. Əlbəttə ki, son aylarda təkcə Ruben Vardanyan üçün deyil, bütün Artsax erməniləri üçün həqiqətən qəbuledilməz olan şeylər baş verdi.

- İşdən çıxarıldıqdan sonra özünüzü hansı arenada görürsünüz?

- Mən dövlət vəzifəsini tutmamışdan əvvəl, yəni Artsaxa köçərkən məlumat vermişdim ki, layihələr həyata keçirəcəyik. Müxtəlif sahələrdə çoxsaylı layihələrin həyata keçirilməsi üzrə səyləri birləşdirdik. Bu yöndə gördüyümüz işlərdən biri də “Bizim dağlar” regional agentliyini yaratmağımızdır. Gənclərdən tutmuş yaşlı nəslə qədər birgə müxtəlif layihələr həyata keçirən minlərlə insanı birləşdirən “Artsax İnkişaf və Təhlükəsizlik Cəbhəsi” hərəkatımız da var. Beləliklə, fəaliyyət sahəsi böyükdür.

- Yaxın illərdə regionun gələcəyini necə görürsünüz?

- Bu ilin fevralında Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizənin 35-ci ili başa çatdı. Həmin 35 ilin gedişi çox fərqli və mürəkkəb olub. Amma ən əsası dəyişməyib. 1988 fevralın 20-də Artsax erməniləri Azərbaycan SSR-dən çıxmağa səs verdilər və onların mövqeyi dəyişməyib.
Onlar öz qanunları, öz adət-ənənələri ilə öz müstəqillikləri, öz torpaqlarında yaşamaq hüququ uğrunda mübarizə aparırlar. O yol çox uzundur, on illərlə davam edə bilər, amma əsas məqsəd dəyişməyib və dəyişməyəcək. Artsax Azərbaycanın da tanıdığı müstəqil dövlət olana qədər, düşünürəm ki, mübarizə dayanmayacaq.

- Siz siyasi fəaliyyətə qayıtmağı mümkün hesab edirsiniz, yoxsa bu, artıq keçmiş mərhələdir?

- Dövlət mühasirədə olanda, işıq, qaz, adi tibb və başqa şeylər olmayanda artıq söhbət siyasətdən yox, vətəni xilas etməkdən getməlidir. Bunlar pafoslu sözlər deyil, sadəcə olaraq hər gün öz işinizlə məşğul olursunuz, insanlara - uşaqlara, qocalara kömək etməyə çalışırsınız. Bu mənada mən öz mövqeyimi heç bir şəkildə siyasi qəbul etməmişəm. Mən öz işimi vətənə kömək edən bir əsgərin, vətəndaşın borcu kimi qəbul etdim. Bu səbəbdən də siyasətdə olduğumu hiss etmirəm.

Hara lazımdı, hara çətindisə getməyə razılaşdım və bacardığım qədər kömək etməyə çalışdım. Beləliklə, son 112 gündəki təcrübəmi bir az fərqli qəbul edirəm. Həddindən artıq çətin vəziyyətdə məsuliyyəti öz üzərinə götürüb qərarlar qəbul edən bir insan kimi bunu siyasi yox, ictimai fəaliyyət hesab edirəm.

Mən çox məsuliyyət götürdüm. Mən bundan qorxmuram və gələcəkdə məsuliyyəti öz üzərimə götürməyə hazıram. Və əmin etdim ki, xalq ən çətin vəziyyətdə belə kimin məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu, kimin ona düzgün yanaşmağa hazır olduğunu, kimin hazır olmadığını görür. Düşünürəm ki, fəaliyyətimə verilən ən yaxşı qiymət insanların mənə münasibətidir.


Tərcümə elədi: Əntiqə Rəşid