AQTA qida obyektlərinə nəzarəti gücləndirdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şadlıq saraylarının, mərasim evlərinin və insanların kütləvi qidalanmasının həyata keçirildiyi digər qida obyektlərinin sahiblərinə müraciət edib.
AQTA-dan Adalet.az-a verilən məlumatda bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı bir çox hallarda ziyafətlərdə ilkin və dövri tibbi müayinədən keçməmiş təsadüfi şəxslərin xidmət göstərdiyi məlum olur.
Qeyd olunub ki, belə şəxslərin birbaşa, yaxud dolayısı ilə qida ilə təmasda olması isə insanlarda kütləvi mədə-bağırsaq pozuntuları ilə müşahidə edilən halların baş verməsinə və zəhərlənməyə səbəb ola bilər. Eyni zamanda bir çox hallarda, xüsusilə də regionlarda qidaların ev şəraitində hazırlanaraq şadlıq saraylarına, mərasim evlərinə və digər belə yerlərə gətirildiyi müşahidə edilir.
Qida məhsullarının sanitar-gigiyenik norma və qaydalara uyğun olmayan şəraitdə, texnoloji ardıcıllıq gözlənilmədən, çarpaz çirklənməyə şərait yaratmaqla hazırlanması, həmçinin hazır qidaların isti və soyuq zəncir gözlənilmədən antisanitar şəraitdə şəxsi nəqliyyat vasitələri ilə tədbir məkanına daşınması isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, insan həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.
Agentlik bəyan edir ki, sadalanan hallar yolverilməzdir: "Qeyd olunan hallarda baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə obyekt sahibləri birbaşa məsuliyyət daşıyır. Sözügedən sahədəki mövcud vəziyyətin qiymətləndirilməsi, zəhərlənmə və qida mənşəli xəstəliklərin baş verməsi riskinin azaldılması məqsədilə AQTA əhalinin kütləvi qidalandığı məkanlarda, o cümlədən şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Tədbirlər zamanı qanunvericiliyin tələblərinə zidd faktlar aşkarlandığı təqdirdə, obyekt və onların rəhbərləri barədə zəruri tədbirlər görüləcək".
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” qanuna və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, qida subyektlərində çalışan və qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlar müvafiq qaydada ilkin və dövri tibbi müayinədən keçməli, gigiyenik təlimlərə cəlb olunmalı, fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Həmçinin ictimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən olunmuş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət edilməlidir.
Digər Xəbərlər
21 Sentyabr 2026 18:54
“Azərsun Holdinq” “Yaşıl dağ” aksiyasını dəstəklədi
21 Sentyabr 2026 16:09
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
21 Sentyabr 2026 16:08
1840,3 ha ərazi minalardan təmizlənib
21 Sentyabr 2026 13:41
Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi
21 Sentyabr 2026 12:36
Pensiyaçılara ŞAD XƏBƏR
21 Sentyabr 2026 12:08
"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Komitə sədri tıxacdan danışdı
21 Sentyabr 2026 10:52
“Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
21 Sentyabr 2026 10:09


Bakı -°C

