Deməli, orta məktəblərdə dərsə gedən cocuqları məktəbə aparan valideynləri az-çox başa düşürük. Amma universitetlərə gedən tələbələri müşayiət edən valideynləri heç cür başa düşmürük.
Ay əzizlərim, uşaqlarınızı itdən ötürürsünüz? 18 yaşında və hətta evlənmək hüququ olan övladlarınızı ali təhsil müəssisələrinə özünüz gətirirsiniz. Və hətta fikirləşmirsiniz ki, bu 18-19 yaşlı övladlarınız 44 günlük müharibəyə gediblər, vuruşublar, şəhid olublar, qazi olublar. Yəni müharibəyə yollaya bildiyiniz, Vətən uğrunda ölməyə göndərə bildiyiniz övladlarınızı universitetlərə siz aparmalısınızmı?!
Deyək ki, qızları başa düşdük, bəs, oğlanları?
Heç vaxt yadımdan çıxmaz. 70-ci il idi, 17 yaşım vardı. Bakıya universitetə sənəd və imtahan verməyə gəlmişdik. Mən idim, atam, anam idi, bir də, atam maşın sürə bilmədiyinə görə, avtomobilimizi sürən dayım idi.
Və getdim sənəd verməyə və tək getdim. Dayım istədi aparsın, atam qoymadı. Dedi, yekə kişidi, otursun taksiyə getsin. Getdim sənədi verdim, sonra da dörd imtahana getdim, hər birinə də tək. Və universitetin qabağında da (söhbət Azərbaycan Dövlət Universitetindən gedir) bircə qəbula gələn uşaqlar idi, bəlkə 10-15 valideyn vardı, yəqin ki, onlar da qız uşaqların valideynləri idi.
İmtahanları verib çıxırdım, nə qarşılayan vardı, nə də bir kimsə.
Qızıl medal alanlar bir imtahan verirdi. Amma mən də qızıl medal almalı idim, attestatıma rus dilindən «4» yazdılar, ala bilmədim. Və əslində də düz yazmışdılar, heç o qızıl medala layiq deyildim. Hətta atam Bakıdan gələnlərə (özü də qohumlarım idi) pul da təklif etmişdi, keçməmişdi.
Həmin vaxt Ağdam şəhər 5 nömrəli məktəbin məzunu Yusif İldırımzadə qızıl medala layiq görülmüşdü və həqiqətən ona layiq idi. Və heç vaxt da onun paxıllığını çəkmədim.
Birinci imtahandan çıxanda gördüm Yusif də elə ilk imtahandan «əla» alıb və universitetin hüquq fakültəsinə daxil olub. O məni ilk imtahandan «əla» qiymət almağıma görə, mən də onu universitetə qəbul olduğuna görə təbrik etdim, bir-birimizi bağrımıza basdıq. Sonra da iki eloğlu, iki qohum (və bizi heç kim qarşılamırdı) getdik bir stəkan çay içdik, sevincimizi bölüşdük, deyəsən, çayın pulunu da Yusif verdi.
Sonrakı imtahanlarda da məni qarşılayan olmadı. Kirayə qaldığımız ev (Qubanov 53) elə universitetə yaxın idi, piyada gedirdim.
İndi baxıram Bakı Dövlət Universitetinin qarşısındakı izdihama, 18 yaşındakı övladlarını Vətən uğrunda müharibəyə yola salan valideynlər bu qələbəlikdə tələbələrdən çoxdular.
Ay əziz valideynlər, övladlarınızı «ana uşağı» kimi böyütməyin. Onlar Vətən uğrunda ölümə gedəndə «ana uşağı» kimi yox, Vətən oğlu kimi getmişdilər.
Nə qədər ki,övladlarımıza «ana uşağı» kimi baxacağıq, bir o qədər uduzacağıq.