Deməli, baxıram dünən hörmət etdiyim kanalların birində xanım jurnalist Ağdam şəhərindən reportaj verir. Çox gözəl. Təbii ki, milyonlarla adam, içlərində bizi sevməyənlərlə bərabər bu reportaja baxır.
Və çox qəribədir ki, təkcə həmin xanım jurnalist yox, digər jurnalistlər də, eləcə də xaricdən gələn nümayəndələri Ağdamla tanış edən məmurlar da çox kobud səhvlərə yol verirlər.
Yaxşı, min illik tariximizi bilmirik, 270 illik tarixi niyə öyrənməyək? Mən özüm Qarabağ xanlığı haqqında roman yazan bir yazıçı kimi bu xalqın tarixini çox ciddi araşdırmışam. Özü də təkcə «Qarabağnamə»lərdən deyil, onlarla Osmanlı və İran tarixçilərinin yazdıqlarını oxumuşam, məxəzlərə baxmışam.
Mən fars dilini bilmirəm, romanı yazarkən Qarabağ xanlığı ilə bağlı İran mənbələrini təbii ki, oxuya bilmirdim. Həmin vaxt Əbülfəz Elçibəy Əlyazmalar İnstitutunda ərəbşünaslıq şöbəsinin müdiri idi. Farsşünaslıqda işləyən əməkdaşlara tapşırmışdı ki, fars dilli mənbələrdəki Qarabağ xanlığı ilə bağlı materialları tərcümə edib verin Aqilə. Və həm də türkşünaslıq şöbəsinə də tapşırmışdı ki, axtarın, tapın Osmanlı tarixçilərinin də yazdıqlarını üzə çıxarın, qoyun oxusun.
Və mənim özüm də iki dəfə Ağdamda olduğum müddətdə həm xarici nümayəndələrə, həm də yerli jurnalistlərə İmarət haqqında dolğun məlumat vermişəm.
Və Ağdamı ən gözəl tanıyanlardan biri də vaxtilə bu şəhərin inkişafında xüsusi xidməti olan Zülfü müəllim də şəhər haqqında məlumatlı adam olduğu üçün qonaqlara dolğun məlumat verir.
Məsələ nədir? Deməli, İmarətdə bir türbə var. Həmin türbədə iki ağır seyid dəfn olunub. Heç başdaşıları da yoxdu, çünki onların hər biri türbənin bir küncündə dəfn olunub və divarlar elə başdaşına oxşayır.
Sonra Pənah xan həmin türbənin üstündə İmamzadə tikdirib. Yəni belə türbələrə İmamzadə deyirik. Ona görə ki, orda yatanlar imam övladlarıdı. Və Pənah xan vəsiyyət edib ki, mən öləndə həmin seyidlərin ayaqları altında dəfn edərsiniz. Ona görə də İranda rəhmətə gedəndə gətirib həmin seyidlərin ayaqları altında dəfn ediblər. Bu, başqa bir yazının mövzusudu.
Və Pənah xandan sonra bütün Cavanşir nəsli İmarətdə dəfn edilib. Bircə Əhməd bəy Cavanşir və oğlu istisna olmaqla. Və təbii ki, Əhməd bəyin qızı Həmidə xanım da.
İndi baxıram həmin türbəni Pənah xanın sarayı kimi təqdim edirlər. Ay jurnalist dostlar, orda saraya oxşar bir şey varmı? İki qapısı olan, amma pəncərəsi olmayan türbəyə Pənah xanın sarayı demək olarmı? Pənah xanın ey, Şimali Azərbaycanda yaşayan xanların padşahı!
Hətta irəli gedərək seyidlərin uyuduğu otağı da göstərirlər ki, bura da Natəvanın ev muzeyidi.
Dostlar, Natəvanın Ağdamda iqamətgahı və evi olmayıb ki, oranı da ev muzeyi kimi təqdim edəsiniz.
Ən yaxın tarixi təhrif edirsinizsə, day sizə sözüm yoxdu.