adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Avqust 2022 15:26
754
ƏDƏBİYYAT

Ana, görə bildin? - Rəşad Məcid yazır

Zabuxdan keçirdik.

- Ana, görə bildin?

- Evin üstünü, damını gördüm ancaq. Bəlkə, qayıdanda, geri qalxanda bir az çox görünər.

Bu il iyunun 14- də Laçına, doğulduğum Ağoğlan kəndinə getdiyim maşında yaxından tanıdığım ailənin - ana və oğulun dialoquydu bu.

Oğul maşını sürürdü. Ana isə qabaq oturacaqdan boylanıb 30 il görmədiyi doğma yerlərə baxırdı. Sülhməramlıların müşayiətiylə gedirdik deyə, dayanmağa icazə yox idi.

Ana ilə oğulun ilk baxışdan sakit, amma qəhər və həsrət dolu dialoqu hələ maşın Laçının vaxtilə “Poçt” deyilən ərazisinə qalxar-qalxmaz başlamışdı: Ora filankəsin eviydi... burda abidə vardı, dəyişiblər... dayıngilin evi görünür, odey odur...

Laçında kilsə tikiblər, Zabuxacan yol qırağına xaç işarəli daşlar düzüblər, hərdən qoyun otaran uşaqlar gözə dəyir.

Hələ o gün - iyunun 14-də Laçından keçəndə vitrinləri, qapı-pəncərələri sökülüb aparılan tikililərdən hiss olunurdu ki, “zorən qonaqlar” yol üstə, getmək ovqatındadır. İndi Zabux ətrafında haray-həşir qoparıblar, xaricilərin gəlib burada tikdikləri evlərdən çıxarılacaqlarına görə ah-nalə çəkirlər. Amma bütün bu yalançı ah-nalələr, haray-həşirlər maşından boylanıb öz evini - əlləri ilə daşını daş üstə qoyduğu yuvasını, övladlarını böyütdüyü doğma həyətini görmək istəyən o ananın keçirdiyi həyəcanın, neçə illərdən bəri ürəyində gəzdirdiyi nisgilin heç mində bir zərrəsi də deyil.

Zabuxda doğulub böyüyən, işğaldan sonra 30 il doğma yurd həsrətiylə yaşayan övladları yaşlı, təzyiqi, xəstəlikləri olan ananı məhz elə buna görə - bəlkə, maşından boylanıb uzaqdan da olsa evini, doğma kəndini gördü deyə özləriylə gətirmişdilər.

O vaxtlar Laçında uzaqbaşı 5-3 erməni ailəsi olardı, ya olmazdı, amma Zabuxda biri də yox idi. Zabux həm də əfsanələrlə dolu bir kənd olub. Deyirlər, Soltan bəy bu dərədə ermənilərin qarşısını kəsərək onları məhv edib.

…Axşamüstü geri qayıdanda ana yenə evlərinə sarı boylanırdı. Amma yenə də yaxşı görə bilmədi.

İnşallah, avqustun 25-dən sonra namərd qonaqlar çıxıb gedər, ana yenidən bu yerlərə gələr, salamat qalmış ev-eşiyini könül rahatlığı ilə görər, ürəyində qubar bağlamış neçə illərin nisgilini göz yaşları ilə əridib bitirər...