adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Dekabr 2021 10:58
1448
ƏDƏBİYYAT

Alməmməd Eldaroğlunun şeirləri

DƏRDİN PASLANMIŞ NƏMİ

 

Çapar at kimi gedir,

Ömrün naçar günləri.

Qədər ittiham edir,

Qaçırdığım illəri.

 

Kirpiklərimdə qəmin,

Çəkilməmiş, çəni var.

Qəribsəmiş kədərın,

Dərd adlı həmdəmi var.

 

Məzlumların günahın,

Yazaq kimin üstünə.

Nankorlar da allahın,

Tuş gələcək qəsdinə.

 

Gec piçilmiş kəfənin,

Çırpın, tökülsün qəmi.

Məzarlıqda yeməsin,

Məni paslanmış nəmi.

10.11.21.Naxçıvan.

 

 

ÜRƏK AÇDIĞI QAPI

Dilin gödəkdi sapı,

Mehirə salsa meyil.

Ürək açdığı qapı,

Kədərə, qəmə deyil.

 

Bu boş hiss, həyacanlar,

Qəlb üzüntüləridi.

Xoş keçən cuzi anlar,

Şər görüntüləridi.

 

Bu yol gedir "Ocağ”a,

Bilirəm hara kimi.

Ordan da kim aparsa,

Gedəcəm ora kimi.

 

Könül yüklü sirrini,

Ürəyində saxlasın.

Ölüykən bir dirini,

Eşq adıyla ağlasın.

01.11.2021

 

 

 

SUSUB GÖRDÜKLƏRİM

Barlı ağacların

çiçəyində bal,

Barsız ağacların

dibində qanqal.

Susub gördüklərim

dil olubdur lal,

Məzara gedəcək

böyük ehtimal.

Nə dərdi atıram

dərd çəkən kimi,

Nə də düşürürəm

böyürtkən kimi.

02.11.2021.

 

 

AZƏRBAYCAN.

Açsa qartal qanadların,

Zirvələrin vüqarıdır.

Öyünməli övladların,

Zəkalıdır, dühalıdır.

 

Torpağında şəhid canın,

Bayrağında şəhid qanı.

Heydər oğlu, bir İlhamın,

Lərzə saldı, "yan”, "yan”, "yanı”!

 

O çevirdi bu diyarı,

Müzəffərlər oylağına.

Qərq eylədi bu torpağı,

Heydər baba çırağına.

 

Cıdır, təzələdi cəngi,

Lərzə gəldi bütün cahan.

Azadlığın od pələngi,

Baş Komandan, Azərbaycan!

 

Parlaq oldu günəş kimi,

Dəmir yumruq, zəfər yolun.

Vətən adlı bir anadan,

Vətən doğdu, vətən oğlun.

Azərbaycan, Azərbaycan!

03.11.2021.

 

BAŞ KOMANDAN, MİLLİ ORDU

 

Qartalların vurur halay,

Dağda-daşda bir samuray.

Düşmən salıb imdad, haray,

Baş Komandan, Milli Ordu.

 

Bayraq uca, uğur zəfər,

Qələbədi yürüş, səfər.

O müzəffər, bu müzəffər,

Baş Komandan, Milli Ordu.

 

Kürsülərdə bir söz deyir,

Ulu türküm qoşa gedir.

Dərbənd, Təbriz alqış deyir,

Baş Komandan, Milli Ordu.

 

Günəş odu, atəş odu,

Göy oğludu, qürurludu.

Bu torpağı o qorudu,

Baş Komandan, Milli Ordu.

09.11.2021.

 

Vətən oğlu, vətən anan sağ olsun!.

Varlığınla sübut etdin düzünü,

Nurlandırdın parlaq günəş üzünü.

Cəlb elədin yurda dünya gözünü,

Qoy söhbətin, sözün keçsin, yağ olsun,

Vətən oğlu, Vətən anan sağ olsun!

 

Parçaladın buxov dəmir sədləri,

Bir qol etdin doğma şəhər, kəndləri.

Tuş elədin yağıya xiffətləri,

Türkçülüyün, arxa olsun, dağ olsun,

Vətən oğlu, Vətən anan sağ olsun.

 

Ulu bayraq, zəfər yol, yelkənindir,

Əziz Şuşa, ata yurd məskənindir.

Bu istiqlal, azad ölkə sənindir,

Xarı bülbül pöhrə versin, bağ olsun,

Vətən oğlu, anan vətən sağ olsun.

 

Sən dahilər qüdrətiylə yarandın,

Şəhidliklə ölümsüzluk qazandın.

Odlar yurdu, Azərbaycandır adın,

Ucalardan, uca üzün ağ olsun,

Vətən oğlu, anan vətən sağ olsun!

 

Vətən müqəddəsdi, vətən ülvidi,

Vətən heysiyyətdi, vətən sevgidi.

Vətən ana dilin söz beşiyidi,

Qoy elmi - ədəbin, işin cağ olsun,

Vətən oğlu, anan vətən sağ olsun!

22.11.2021.

 

A N A S I Z L A R.

 

Adına nə yazım, ey əziz qadın,

Adının əksi də anadır elə.

Böyuk məhəbbətlə çəkilir adın,

Ana, sən Vətənlə gəlirsən dilə.

 

Daşüstü rəsminlə çöküb izlərə,

O məzar başında can daşa döndün.

Şirin xatirətək qaldın bizlərə,

Qovuşdun tarixə, yaddaşa döndün.

 

Mən kəndə gələndə deyərdin; - bala,

Uşaq yoldan gəlib, çay süzün buna.

Altmışı ötsəm də, çal saçlarımla,

Körpə görünürdüm hələ də ona.

 

Ağrısam deyərdi;- "ay bala inan,

Canımdan, cansınız, qurbanın olum.

Rəbbim, yurdumuza qoy olsun aman,

Gedəndə yoluna diqqət et, oğlum.”

 

Ölüm öncəsiydi, tutub əlindən,

Yalvardım, nə olar mənə layla de.

O şirin nəğmələr süzsün dilindən,

Nəvəntək səvələ, yenə layla de.

 

Qalxdı yatağından qırmadı gerçək,

Açdı qucağını:- "gəl, balam,- dedi.

Həqti, bu dünyadan hamı köçəcək,

Qoy olsun, bu sənə, son laylam”- dedi.

 

Alıb ağuşunun qanadlarına,

Layla, cocuqluğa apardı məni.

Anamı uşaqtək sevib-sevindim,

Qəmli duyğulardan qopardı məni.

 

Çapdım kəhər atın nəğmələrində,

Nənəmi, babamı görməyə getdim.

İlmələr toxuyan cümlələrində,

Bu fani dünyanı sanki, fəth etdim.

 

Sən demə bilirmiş anam işini,

Bir məna verirdi, son baxışları.

Zaman sərgiləmiş öz gərdişini,

Görsəm də sezmədim o naxışları.

...Layla...

Neştəri qarlı dağlar

Meyvəli, barlı bağlar.

Balamı allah verib

Payız, boranlı çağlar.

 

Bu dağlara çən gəlib,

Duman gəlib, nəm gəlib.

Oğul hardan bilsin ki,

Əzrayıl erkən gəlib.

 

Bu dağlar, uca dağlar,

Çən tutar ucu qarlar.

Analar üzə gülər ,

Ağlasa için ağlar.

 

Atamla gəlmişik məzarın üstdə,

Qolları boynunda iki, anasız.

Alovlu baxışla baxar günəş də,

Biz də müvəqqəti, oda mənasız...

 

Anama, qəlbimdə bir məzar qazın,

Yoxsa məndən uzaq, ürəyim sızlar.

Qəlbimin oduyla adını yazın,

Bəlkə razı qaldı bu anasızlar.

 

12.08.2014.

Dəmirçi kəndi

 

 

 

Yarımçıq yuxu

Dərin yuxuların yeddinci qatı,

Dağlar ətəyində çay qırağında.

Yəhəri belində köhlənmış atı,

Bir ocaq çatmışdım, göz çırağımda.

 

Arpaçay ilk bahar selləri kimi,

Çırpınıb coşurdu, həddin aşırdı.

Buxarlar dilənçi əlləri kimi,

Buluda üz tutub uzaqlaşırdı.

 

Yolların yox idi kimi, kimsəsi,

Ancaq üzü kəndə yuvarlanırdı.

Uzaqdan gəlirdi itlərin səsi,

Dəyirman tüstüsü buxarlanırdı.

 

Çox hamar deyildi oturduğum daş,

İydə ağacından kənar üç addım.

Dalğın rütübətdən gözlərimdə yaş,

Özümün içində, özümdə vardım.

 

Nə işıq saçırdı, nə quş uçurdu,

Göydən, bir tabaq ay, bizə baxırdı.

Közün qığılcımı puçup-puçurdu,

Elə bil səmadan ulduz axırdı.

 

Bataqlıq qamışı titrəyir, əsir,

Balıqlar, ox kimi sıçrayır suda.

Qurbağa cil altda heç də tələsmir,

Şikarın gözləyir o da pusquda.

 

Uzaqdan görünən dağlar baş-başa,

Süsənli – sünbüldür təpənin çoxu.

Qəfil, iydəlikdən uçan bur quşa,

Atımla səksəndik, ayıldım, yuxu.

 

Yaman məyus etdi uçan quş məni,

Bilmədim, at nalın harada saldı.

Xəyal arzuların bir çoxu kimi,

Eləcə, yuxum da yarımçıq qaldı.

19.12.14.

 

Gecikən qatar

Gəl hisslərim oyansın,

Bitsin artıq intizar.

İstəmirəm qayıtsın,

Sənsiz gecikən qatar.

Ötən illər ömrümün,

Hər anı vağzal daşı.

Sızıltısı könlümün,

Yağan yağış, göz yaşı.

Bilirsən aramıza,

Nə qədər ələnib qar.

Boş sahil limanına,

Üz tutmaq bir intizar.

Özündə inam yarat,

Girək artıq qol-qola.

Gülə-gülə bir həyat,

Arzulayaq bu yola.

Qatılaq şıltaqlara,

Qatar alsın tərkinə,

Götürsün uzaqlara.

Qoy duyğulu xəyallar,

Qovuşsun haqlısına.

Bəlkə yolda ayıldıq,

Qatar takkıltısına.

Gəl hisslərim oyansın,

Bitsin artıq intizar.

İstəmirəm qayıtsın,

Sənsiz gecikən qatar.

06.01.15