adalet.az header logo
  • Bakı -°C
15 Iyul 2026 11:57
57
ƏDƏBİYYAT
A- A+

ALLAHIN QİSMƏTİ - FAİQ QİSMƏTOĞLU 

Düşdü yadıma keçən günlərim,əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

Məhəmmədəmin Dilsuz

Qohumlar iki cür olur.

1.İrsiyyətə görə-yəni ki,beldən gələnlər.

Əmioğlu,xalaoğlu,bibioğlu və yaxud dayınəvəsi bunlar irsiyyətlə bağlıdır.

Xoşun gəldi və ya zəhlən getdi,heç nəyi dəyişə bilməzsən.Genetikanın zibilidir.

Təqribən,deputat seçkisi kimi bir şey.Ürəyincə oldu-olmadı,istədin-istəmədin,təbin çəkdi-çəkmədi sənin rəyinə zad eləyən yoxdur.Dəyişmək gücündə deyilsən.

2.Sonradan qazanılanlar-eldən gələnlər.

Yeznədir,bacanaqdır,qaynatadır,qaynanadır,qudadır,...burada,üç aşağı-beş yuxarı,sənin səlahiyyətli olmasa da,məşvərətçi səsin olur.

Dost da elədir.

Ya öz seçimindir,ya da Allahın qismətidir.

Faiq Qismətoğlu mənim öz seçimim deyil, Allahın qismətidir.

Şükürlər olsun ki,mənim öz seçimim deyil.

Çünki bu yaşa qədər,ən ciddi məsələdən tutmuş,1 manatlıq coraba qədər,özümün yönnü seçimim olmayıb.Minlərlə abırlı,həyalı,qanacaqlı adamın içərisində bir dənə urvatsız,ləyaxsız,ləğviyət,düşük olsa mən,axtarıb-arayıb, mütləq həmin bambılını seçəcəm.

Qurban olduğum mənə belə bir qeyri-adi istedad verib.

AZ QALA YARIM ƏSRİN SÖHBƏTİDİR

Jurnalistikada mənim ilk yaxınlıq elədiyim adam Faiq Qismətoğlu olub.Sonra bu yaxınlıq dostluğa çevrilib.Və az qala 50 ildir ki, davam edir.

Faiq Qismətoğlunun yaradıcılığından danışmayacam,çünki mən yazmağı Ondan öyrənmişəm.

Onun bir neçə insani keyfiyyətlərindən danışacam.

Mən hələ bu yaşa qədər Faiq Qismətoğlu qədər qədərindən,qismətindən,taleyindən razı olan adam görməmişəm.

Dilindən şükranlıq əskik olmayan adam görməmişəm.

Allahdan bu qədər razı olan adam çətin tapıla.

Faiq bir dəfə olsun maddi sıxıntıdan tıncıxmayıb,Ona qarşı edilən haqsızlığı dilə gətirməyib,kiminsə qeybətini eləməyib,dalınca danışmayıb,pisliyini istəməyib.Bu yaşa çatıb,kiməsə həsəd aparmayıb.

Dünya malına Faiq qədər ögey münasibət bəsləyən adam görməmişəm.

Çox imkanlı kişinin oğlu ola-ola ömrü boyu var-dövlətə laqeyd olub,dünya malını qəlbinə nəinki soxmayıb,heç həndəvərinə də yaxın buraxmayıb.

Onun qədər dilindən Allah kəlamı düşməyən,qəlbindən Allah xofu çıxmayan az adam tanıyıram.

Azərbaycanda peşəkar qələm sahibi çoxdur.Amma onların içərisində Faiq Qismətoğlu kimi insan çox azdır.

Həddindən artıq azdır.

Russodan başlamış,Turgenyevə,Məmməd Rahimdən başlamış Sergey Mixalkovun zırpı gədələrinə qədər dünyada istedad itinətök qədər çoxdur.

Amma istedadla birlikdə insan olaraq qalmaq hər kəsə nəsib olan şey deyil.

Əziz qardaşım,Azərbaycan jurnalistikasında peşəkarlığına görə yəqin ki,Sən birinci yerdə deyilsən.Bizdən istedadlılar,

maşallah olsun,kifayət qədərdir.

Amma bir şey şəksizdir, yazıları ilə dostlarına,müəllimlərinə,həmkarlarına.... etibarlığına görə bu gün Azərbaycan jurnalistikasında Səndən irəlidə olanı yoxdur.

Bu,insaniyyətin göstəricisidir.

Etibarlılığın əmsalıdır.

Sədaqətliliyin ekvivalentidir.

Təmənnasızlığın dərəcəsidir.

Dünyada ən çətin şey də elə bunları bacarmaqdır ki,Sən onu çox asanlıqla və rahatlıqla bacarırsan.

Əziz qardaşım,Səni mənə və mənim kimi Səni sevən dostlarına ürcah eləyən Allaha göydəki ulduzların sayı qədər həmd və sənalar olsun.Zərrə qədər şübhəm yoxur ki,Səni tanıyanların hamısı mənim fikirlərimə şərikdir.

SONDA

Jurnalistikanı bir qırağa qoyaq,desəm ki,indi Sənin kimi insanların özü azdır,bu bir az düz ifadə olmaz.

İndi Sənin kimi insanlar ÇOX AZDIR.

Təəssüf ki,böyük Füzulinin:

"Az olsa bir məta,ona el çox bəha verər"

iqtisadi-psixoloji-əxlaqi prinsipi bu gün digər normal prinsiplər kimi Azərbaycanda işləmir.

Amma orası da var ki,bu həyatda biz çox işlək olmayan prinsiplərin gedərgəlməzə tolamazlanmağının şahidi olmuşuq.İnşəallah qalanlarının da şahidi olarıq.

Emin Eminbəyli

9 iyun 2026.

Bakı.