adalet.az header logo
  • Bakı -°C
06 Dekabr 2025 17:34
58
MƏDƏNİYYƏT
A- A+

Ağdamda Qədir Rüstəmovun 90 illik yubileyi qeyd edilib - FOTOLAR

06 dekabr 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib.

Adalet.az xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ağcabədi Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutan tədbirdə RİH başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, millət vəkilləri Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı Vaqif Bəhmənli, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mərhum sənətkarın ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak edib.

Tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və mərhum sənətkarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmişdir. 

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmovun nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanmasından, onun çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verməsindən bəhs etmişlər. 

Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.

Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin sonunda çıxış edərək təşkilatçılara və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını ifadə etmişdir.