adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Avqust 2022 10:58
505
İDMAN

Adına qurban olduğum – “Qarabağ” - Orxan ASLAN yazır

“Qarabağ” klubu istər evdə, istərsə də səfərdə oynayanda həmişə zəfər, qələbə gözləyə-gözləyə izləmişəm. Amma 2020-cı ildən bu yana (Vətən müharibəsindəki qələbəmizdən sonra - red.) “Qarabağ”ın qazandığı zəfərlər bizə ikiqat sevinc bəxş edir. Çünki “Qarabağ” bizim üçün müqəddəsdir. Bilirsiniz niyə? Qələbəni də, sevinci də, həyəcanı da, sevgini də, torpağı da, Vətəni də Qarabağda görürük. 

Dünənki matçdan sonra “Qarabağ”ın ev oyunları ilə yanaşı səfər oyunlarındakı çıxışını tək meydandakı azarkeşlər deyil, bütün ölkə izləyir desəm yanılmaram. Çünki oyundakı hər hücumda, hər vurulan qoldan sonra bu sözləri eşitmək bizim üçün artıq alışqanlığa çevrilib. "Meydanda da, cəbhədə də qələbə qazanan Qarabağ", "Zəfər sənin adındır - Qarabağ", "Adına qurban olduğum - Qarabağ" və.s  

Ard-arda qazanılan qələbələr və bu qələbələrin məhz ölkə çempionları üzərində qazanılması zirvəyə qalxan yolun bir addımlığında olduğumuzu bir daha sübut edir.  Dünənki qələbəmizdən sonra (Macarıstanın “Ferentsvaroş” klubunun 3-1 hesabı ilə məğul etməsi) doğma “Qarabağ”ımızın Çempionlar Liqasının finalına getdiyi yolda əzmkar olduğunu göstərir. Macarıstan çempionu “Ferentsvaroş” üzərindəki qələbə “Qarabağ”ı pley-off mərhələsinə apardı. Artıq növbəti mərhələdəki rəqibimiz də məlumdur. “Qarabağ” Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq. Adına da, özünə də qurban olduğumuz “Qarabağ”ımızın qələbəsinə inancımız dönməzdir. 

Dünənki qələbədən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyun bitdikdən sonra oyunçuları təbrik edib. Videonu sona qədər izlədim, bu cümləsi isə beynimdə ilişib qaldı: “Biz zəif oynaya bilərik, inamlı olmaya bilərik, lakin biz meydandan döyüşsüz çıxa bilmərik”. Bəli heç çıxmadıq da, sözün hər iki mənasında meydanda da, meydançada da “sökə-sökə” qələbə əldə etdik. Çünki əzm, iradə, bacarıq və peşəkarlıq bu qələbənin təməlində dayanmışdı. 

Bu qələbə haqda çox danışmaq olar (Layiqdirlər, danışdıqca doyulmayacaq qədər qazanılan qəbələdir –red.) Amma qısa edib, bu cümləni qeyd edirəm. Qarabağ qazadığı hər qələbədən sonra Qarabağ Azərbaycandır! ifadəsi bütün dünyaya yayılır. Adına da özünə də qurban – Qarabağ!