ABŞ qalib gəlmədi, İran məğlub olmadı - Səxavət Məmməd yazır
ABŞ və İran münasibətləri yeni mərhələyə qədəm qoyur. Hər iki tərəf anlaşdığını bəyan edib. Məsələ ondadır ki, İranla ABŞ-nin anlaşması bəzi ölkələri razı salsa da, İsrail və Avropa İttifaqı (Aİ) bundan narazı qalıb. Təbii ki, Tramp özünü, İran isə özünü qalib elan edəcək.
Müharibənin nəticələri barədə danışarkən onu qeyd etmək lazımdır ki, hücumda olan tərəflər istədikləri nəticəyə çata bilmədilər.
Müharibə başlayanda onun səbəbləri tamamilə başqa idi – İran hakimiyyətinin dəyişdirilməsi, SEPAH-ın sıradan çıxarılması, etnik xətlərin aktivləşdirilməsi və nüvə potensialının məhv edilməsi nəzərdə tutulurdu. Bunu İrana edilən zərbələrdə açıq şəkildə görmək olurdu. İranın ali dini liderinin və SEPAH komandanlarının hədəf alınması məhz bu niyyətdən xəbər verirdi. Etnik xətlərin aktivləşdirilməsinə gəldikdə isə, Vaşinqton və Tel-Əvivin bəyanatlarında birbaşa fars, kürd, bəluc və azərbaycanlılara çağırışlar edilirdi. Hətta Tramp kürdlərə silah verdiklərini, kürdlərin isə "atdığını" açıq şəkildə bildirdi. İranın daimi olaraq Ərbili niyə hədəfə almasının səbəbləri də artıq heç kimə sirr deyil.
İndi isə müharibənin rəsmi səbəbləri kimi uranın zənginləşdirilməsi, proksi şəbəkəsinin boğulması və ballistik raket layihəsinin qarşısının alınması ön plana çıxarılır. Maraqlıdır ki, bu sonuncu variantlar yerli ekspertlərin dilindən daha çox səsləndirilir.
Ümumiyyətlə, bu müharibə hücumda olan qüvvələr üçün nəticəsiz qaldı. Təbii ki, kimlərsə irad tuta bilər, deyə bilərlər ki, ali dini lider, generallar öldürüldü. Bəs bu nəyi dəyişdi? Hakimiyyət yerindədir, SEPAH isə bu prosesdən daha da güclü çıxdı. Yeri gəlmişkən, bir neçə gün öncə İsrailin Baş naziri Benyamin Netanyahu da açıq şəkildə qeyd etdi ki, İranda istədiklərinə tam şəkildə nail ola bilməyiblər. ABŞ və Qərb mənbələri açıqca bildirir ki, İranın raket potensialı qətiyyən zəifləməyib, dron sənayesində istehsal davam edir, bundan əlavə, ABŞ və İsrail zərbələri nəticəsində məhv edildiyi bəyan edilən mərkəzlər yenidən döyüşə hazır vəziyyətə gətirilib. Bir neçə gün öncə İran İsrailə raket zərbələri endirən zaman, dolayısı ilə vurduqları yerlərin koordinatlarını da verdilər; bununla mesaj ötürdülər ki, "məhv etdiyinizi dediyiniz məhz həmin nöqtələrdən sizə zərbə endiririk". Bu o deməkdir ki, ABŞ və İsrail fevral ayında "Bunker-buster" (bunker dağıdan) bombalarla İranın yeraltı raket şəhərlərini (raket bazalarını) tam sıradan çıxara bilməyib. İran bununla hərbi kəşfiyyatın uğursuzluğunu ifşa etdi.
Müharibənin sonu olaraq diqqət çəkən digər məqam isə İsrail ilə ABŞ arasındakı gərginlik və fikir ayrılıqlarının ön plana çıxmasıdır. Bunu bir neçə gün əvvəl də açıq şəkildə gördük. İran və İsrail qarşılıqlı zərbələr endirən zaman ABŞ, İordaniya və Böyük Britaniyanın hava hücumundan müdafiə sistemləri işləmədi. Oysaki biz bunu bütün hücumlarda görmüşdük. İranla İsrail baş-başa qaldı. Daha sonra isə ABŞ ilə İran arasında qarşılıqlı zərbələr baş verdi ki, bu zaman da İsrail prosesə qoşulmadı. Digər maraqlı məqam isə İranın bu dəfə Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətəri hədəf almaması idi. İranla Oman onsuzda müttəfiq sayılır; Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər isə müəyyən mənada İranla razılığa gəliblər. BƏƏ-nin dondurulmuş İran aktivlərini geri verəcəyini bildirməsi də bu gizli razılaşmaya işarədir. İran-ABŞ anlaşmasının əldə olunmasında pərdəarxası ən böyük oyunçulardan biri Çindir. BƏƏ-nin İran aktivlərini dondurmaqdan imtina etməsi və Körfəz ölkələrinin İranla gizli anlaşması həm də Çinin regiondakı təhlükəsizlik və enerji zəmanəti (Pekin sazişinin davamı) ilə bağlıdır. Çünki ABŞ İranda rejim dəyişikliyi edib bura nəzarəti götürsəydi, bu, Çinin enerji təhlükəsizliyinə birbaşa zərbə olacaqdı.
İsrailə gəldikdə isə, o, faktiki olaraq İranla ABŞ arasındakı anlaşmanı xəyanət kimi qəbul edir. İsrail mediası da, müxalifəti də bu anlaşmanın strateji olaraq onların zərərinə işlədiyini dilə gətirir. Onu da nəzərə almaq lazımdır ki, müharibədə İsrail əsas tərəf olsa da, danışıqlar prosesindən tamamilə kənarda qaldı. Hətta Tramp İranla anlaşma ərəfəsində İsrailin Beyruta hücumunu kəskin şəkildə pislədi və Netanyahunun ünvanına sərt ifadələr işlətdi.
Maraqlı bir məqam isə ondan ibarətdir ki, İranla ABŞ-nin anlaşması ərəfəsində, "Rusiya Günü"ndə (12 İyun) Tel-Əvivin mərkəzində 60 metr uzunluğunda Rusiya bayrağı açıldı. Rusiyanın özündə belə bu cür bayraq şousu göstərilməzkən, İsraildə açılan Rusiya bayrağı ABŞ üçün müəyyən mənada mesaj ola bilər. Ola bilsin, bu düşüncə bir çoxları üçün real görünməyəcək, ancaq İsrail kimi bir ölkədə 60 metrlik bayrağın açılması dövlətin rəsmi icazəsi və marağı olmadan qətiyyən mümkün deyildi. Bu, Netanyahu hökumətinin Ağ Evə qarşı istifadə etdiyi çox açıq bir diplomatik şantaj və təzyiq rıçaqı kimi qiymətləndirilə bilər.
İran-ABŞ razılaşmasına İsraildən sonra, bəlkə də onunla eyni dərəcədə qarşı çıxan digər tərəf Avropa İttifaqıdır. Mətbuatda yayılan razılaşma bəndlərində ballistik raket layihəsi ilə bağlı heç bir bənd olmasa da, Fransa birdən-birə bunun təhlükəli olduğunu və İranın raket proqramını dayandırmalı olduğunu bildirdi. Bundan əlavə, Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv etməyəcəyini bəyan etdi. Avropa İttifaqının, ümumiyyətlə, bu cür davranışı anlaşılmaz olduğu qədər, həm də yersizdir. Niyə? Çünki Avropa İttifaqı əlini qana bulamır, müharibələrə birbaşa qoşulmur, ancaq hər masadan, hər razılaşmadan pay güdür. Nə dünən, nə bu gün, nə də sabah "Allahdan buyruq, ağzıma quyruq" düşüncəsi ilə nəticə əldə edilməyib, edilməyəcək də.
Əslində, Avropa İttifaqı öz qorxaqlığının və cəsarətsizliyinin acısını yaşayır. Nə Rusiya-Ukrayna müharibəsində maliyyə dəstəyindən xaric heç bir real hərbi addım atılmadı, nə də Trampın təhdid, təzyiq və şantajlarına rəğmən Aİ İran müharibəsinə qoşuldu. Belə olan təqdirdə, Avropa İttifaqı hansı payı gözləyir? Görünür, Fransanın İkinci Dünya Müharibəsinin nəticəsi olaraq masada qalib tərəfdə yer alması onların dişində şirə kimi qalıb.
Avropa İttifaqının, xüsusilə Fransa və Almaniyanın son zamanlar aktivləşməsinin səbəbi heç bir masadan pay ala bilməmələridir. Sabah Ukrayna müharibəsinin nəticəsi olaraq Avropa İttifaqını yenə masaya dəvət etməsələr, bu, heç bir təəccüb doğurmayacaq. Avropa İttifaqını, xüsusilə onun əsas iki gücü olan Almaniya və Fransanı bir neçə regional münaqişənin əsas səbəbkarı kimi də görə bilərik. Misal üçün, Avropa İttifaqının genişlənməsi siyasəti çərçivəsində Gürcüstanı əsas tərəfdaş seçdilər, nəticədə Rusiya Gürcüstanın 20 faizini işğal etdi. Ardınca eyni ssenari Ukrayna ilə bağlı yaşandı. İndi isə Ermənistandakı seçkilər ərəfəsində Avropa İttifaqı yenə aktivlik göstərir və Genişlənmə Komissiyası Ermənistanı öz sıralarına qoşmaq istədiyini bildirir. Gürcüstan və Ukrayna variantlarına baxsaq, Ermənistan Avropa İttifaqının çətiri altına alacağı bir ölkədən daha çox, Rusiyanın yeni qurbanı kimi görünür.
Fransa Yunan Kipri ilə hərbi əməkdaşlığa dair saziş imzaladı. Bu, İsrail, Fransa və Yunanıstanın Türkiyəyə qarşı birgə fəaliyyəti kimi də qiymətləndirilə bilər. Yeri gəlmişkən, Yunanıstanın Baş naziri də açıq şəkildə qeyd etdi ki, çox ciddi təhdidlə üz-üzədirlər. Bu təhdid Yunanıstan ilə Türkiyə arasındakı dəniz sərhədləri, adaların silahlandırılması və Kipr ətrafındakı hərbi ittifaqlar (məsələn, Kipr yunanlarının Fransa ilə hərbi sazişlər imzalaması) səbəbindən yaranan gərginliklərdən qaynaqlanır.
Avropa İttifaqının digər böyük dövləti olan Almaniya isə Rusiyanı təhdid etdi. Almaniya tərəfi rəsmi olaraq bildirdi ki, Rusiya Baltikyanı ölkələrə hücum edərsə, onlar Kalininqrad və Sankt-Peterburqu vuracaqlar. Əslində, burada da çəkingən davranan bir Avropa görürük. Çünki Rusiyaya qarşı Ukrayna üzərindən hansısa real hədə-qorxu gəlmək əvəzinə, baş vermə ehtimalı 50 faiz olan bir fərziyyə üzərindən bəyanat səsləndirmək, nə qədər ciddi görünsə də, yenə də şübhəlidir. Fərz edək ki, Belarusla Rusiya Baltikyanı ölkələrə zərbələr endirdi, bəs Almaniyanın bu müharibəyə girmək üçün real hərbi potensialı varmı? Hazırda bütün analizlər onu göstərir ki, Avropa ölkələrinin ayrı-ayrılıqda uzunmüddətli müharibə aparmaq potensialı mövcud deyil.
Avropa İttifaqının Ermənistan üzərindən oynadığı oyun Cənubi Qafqaz ölkələrini birbaşa təhdid altına salır. Seçkiləri Rusiya ilə Avropa İttifaqının, xüsusilə də Fransanın mübarizə meydanına çevrən Paşinyan Moskvanı razı sala bilməsə, ya Ermənistanın suverenliyi tamamilə təhdid altına düşəcək, ya da o, Mixail Saakaşvilinin taleyini yaşayacaq.


Bakı -°C

