adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2026 19:02
81
ƏDƏBİYYAT
A- A+

Cümşüd AYDƏMİR -Seçmə şeirlər

Payızdır...

 

Üşəndim yağışın şırıltısından,
Süsləndim bir qızın pıçıltısından,
Qamaşdım rənglərin parıltısından,
Qızıl payızdır...

Diksindim göylərin uğultusundan,
Şaqqanaq şimşəyin gurultusundan,
Beşikdə körpənin...qığıltısından,
Daha payızdır...

Torpağın üstünə sərilib xalı,
Yarpaq örtüyüdür rəngbərəng şalı,
Gözəllər rəqs edər əli xınalı,
Gözəl,payızdır!...

Donuq baxışlarla baxır harasa,
Bir şəhid atası əlində əsa,
Bir şəhid anası bataraq yasa,
Axı,payızdır...

 

Xudat.  26.09.24
 

***

Zəfər nəğməsi

 

Sən vətən torpağının ey müsəlləh əsgəri,
Düşmənin bağrın yarıb orda qurdun səngəri,
Səni əzizim kimi qucaqlayım, gəl bəri,
Vətənə sənin kimi,mərd  oğullardır gərək,
Bu gün Zəfər günüdür,Zəfərimiz mübarək!

Şəhidlərin qanıyla sulandı ana torpaq,
Analar nalə çəkdi, alışıb yandı torpaq,
Torpağın sinəsindən göyə ucaldı bayraq,
Vətən üçün canından keçən oğullar gərək,
Bu gün Zəfər günüdür,Zəfərimiz mübarək!

Dünya hərb tarixinə  şərəflə yazdın adın,
Eşq olsun analara,qəhrəman doğan qadın,
Düşmənlərə görk oldu,gözü kor oldu yadın,
Torpağıma göz dikən gözlər ovulsun gərək,
Bu gün Zəfər günüdür,Zəfərimiz mübarək!


Xudat   04.11.24
 

***

Ömrün saralan çağıdı

 

Dili şirin,sözü məzə,
Bir söz söylə yeni,təzə,
Seyr eləyək gəzə-gəzə,
Payızın bahar çağıdı!

Nədi üzündəki qübar,
Bir nar dərdim, sənə nübar,
Xəbər verir gülöyşə nar,
Payızın oğlan çağıdı!

Bax,göbələk ətək-ətək,
Papaq yekə,özü gödək,
Asta-asta yığaq, dərək,
Əsil yeyilən vaxtıdı!

Xəfif əsən soyuq külək,
Yarpaqları əsdirərək,
Tökür yerə, xalı sərək,
Ömrün saralan çağıdı!


Xudat      21.10.22
 

***

Mənim şeirlərim...

 

Mənim şeirlərim agbəniz gozəl,
Mənim yazdıqlarim comərd kişidi...
Hüsnünə yazdığim o beş beyt qəzəl,
Gəlinin belində kəmər kimidi.

Namərdi atından salandı şerim,
Xəbis ürəklərə dağ çəkə bilər.
Sehrdi,möcüzdü,tilsimdi şerim,
Təkənin "süd"ündən yağ çəkə bilər.

Mənim şeirlərim yaltaqçün deyil,
Yarınmaq,sarınmaq xətası olmaz.
Özundən müştəbeh maymaqçün deyil,
Lovğalıq,gədalıq ədası olmaz.

Mənim yazdiqlarım məhrəmdi mənə,
Vulkan tək içimdən qaynayib çıxır.
Qəzəbi qasırğa,sevgisi Günəş,
Cücərən rişə tək pırtdayıb çıxır.

Mənim istəyim də,arzum da budur,
Uca Şah dağindan güc alsın şerim.
Cəsur babalar tək qəhrəman kimi,
Zamanın fövqünə ucalsın şerim!

Mənim şeirlərim ağbəniz gözəl,
Mənim yazdıqlarim comərd kişidi.
Hüsnünə yazdığım o beş beyt qəzəl,
Gözəlin belində kəmər kimidi.


Xudat    10.08.25
 

***

Bağışla...

Mən qollu-budaqlı palıd ağacı,
Sən mənim kölgəmdə bitən çiçəksən.
Mən palıd ömrümü yaşayacağam,
Sən mənim eşqimlə süslənəcəksən.

Palıdın qış ömrü, yaz ömrü olur,
Ay mənim ömrümün həsrət çiçəyi.
Şaxtaya,küləyə bir sipər olur,
Belədir həyatın doğru, gerçəyi.

İllər gəlib kecir küləklər kimi,
Xəyal qırıqlığı yaşama, gülüm.
Qəfil gedər olsam tərs qonaq kimi,
Məni tərsliyimə bağışla,gülüm.


Quba.     01.06.26