07 Avqust 2025 16:46
191
GÜNDƏM

26 kəndin mühasirədən qurtarıldığı gün: Uğurlu Başkənd əməliyyatı - 33

Azərbaycan oğulları istər qədim zamanlarda, istər orta əsrlərdə, istərsə də sovet dövründə- hər zaman döyüş meydanında özlərindən 10 qat güclü yadelli işğalçılarla, dünyanın nəhəng orduları ilə  döyüşmüş, qalib gəlməsə belə döyüş meydanın tərk etməmiş , son damla qanı qalana qədər silahını əlindən yerə qoymamışdı.

 Adalet.az xəbər verir ki, Qarabağ müharibəsi də böyük dövlətlərin marağında olan bir müharibə idi Və o böyük dövlətlər ya maddi, ya mənəvi, ya da bir başa Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edirdi. Əlbəttə indi bunu danmaq günahdır. Dansaq, ən azından bu döyüşdə  şəhid olan igidlərimizin ruhu qarşısında günaha batarıq.

 

 Başkənd əməliyyatı

 

 Azərbaycan ordusununQarabağ müharibəsi ərzində qalibiyyətlə başa çatmış bir sıra hərbi əməliyyatlarından biridir. Başkəndin (Artsvaşen) qaytarılması əməliyyatı müstəqil Azərbaycan dövlətinin və ordusunun ən böyük qələbələrindən biri idi.

6-9 avqust 1992-ci ildə Azərbaycan Mili Ordusu hissələrinin keçirdiyi hərbi əməliyyat nəticəsində Gədəbəy rayonunun Başkənd qəsəbəsi Ermənistan silahlı qüvvələrindən təmizləndi. Korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynovun rəhbərlik etdiyi Başkənd əməliyyatı Azərbaycan Ordusunun Qarabağ müharibəsi dövründə keçirdiyi ən uğurlu əməliyyatlardan biri oldu. Başkənd qələbəsi Ermənistan silahlı qüvvələrinin Gədəbəy rayonunun işğal edilməsinə yönələn hücumunun qarşısının alınması və Azərbaycan Respublikasının qərb hissəsində təhlükəsizliyin təmin edilməsi baxımından böyük strateji əhəmiyyətə malik idi.

Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen"adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar.İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı illər,1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Ernənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər.


İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin düşmənin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı.

Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Düşmənin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu,3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd etdi, lakin itkilər verərək geri çəkilməli oldular. Başkənddə əməliyyatlarımız uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx mahalının 26 kəndinin birbaş mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. 

Qeyd edək ki, Başkənd əməliyyatlarında 2 milli qəhrəman iştirak edib: Rüstəmov Məzahir İzzət oğlu və Aznaurov İsgəndər Zöhrab oğlu. Hər ikisi ölümündən Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

 Əntiqə Rəşid

 Məqalə 2021-ci ildə qələmə alınıb