23 Avqust 2025 08:44
76
ANALİZ

26 avqust - Laçın şəhəri günüdür 

Vaxtilə mərhum əməkdar artist ,tanınmış müğənni Məhəbbət Kazımovun ürəyimizi ovsunlayan yanıqlı səsi Laçın həsrətindən qovrulurdu, xiffət çəkirdi. İndi azadlığına qovuşan Laçın şəhərinin səmasında uçuşan quşlar da sanki öz xoşbəxtliyinə qovuşub. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük qürurla bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Ölkə Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər. Laçın rayonunun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Azərbaycanın füsunkar təbiətli, qədim tarixə malik Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb.

Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.O dövrdə hakimiyyətə can atan ,istənilən yollarla onu ələ keçirmək üçün AXC-Müsavat cütlüyü Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi, bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi oldu. İşğal nəticəsində böyük strateji əhəmiyyətə malik olan Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmin qurbanı olub. Tarixdə başqalarının torpaqlarına göz dikən ,dinc əhalini gülləbaran edib əlləri qanla boyanan məkrli  Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, Suriyadan olan erməniəsilli qaçqınların məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

Tarixi ədalət sonda zəfər çaldı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu. “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” – deyən Prezident İlham Əliyevin xüsusi tapşırığı sayəsində Laçın rayonunun yeni inkişaf dövrü başlanılıb.

Təsadüfi deyil ki, bu ilin may ayında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçın şəhərindəki görüşü də sevincimizi artırır. İndi Laçında istifadəyə verilmiş müəssisələrin sayı artır, əhalinin rifahı yüksəldilir. Geniş infrastrukrur layihələr hazırlanır, Bu gün ölkə Prezident İlham Əliyevin fəxrlə dediyi “Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm.

Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” müdrik kəlamı bizi xoş günlərə səsləyir. Artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.

Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Bəli, Laçının işğaldan azad edilməsi təkcə coğrafi bütövlüyün bərpası deyil, həm də xalqımızın milli iradəsinin qələbəsi idi.

Gülxarə Əhmədova,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı