04 Noyabr 2017 00:58
115071
ƏDƏBİYYAT

VƏTƏNPƏRVƏRLİK HAQQINDA DÜŞÜNCƏLƏRİM

Oktay
ABDULLA



İnsanın qəlb kasadlığı və ya genişliyi onun Vətənə olan münasibəti ilə də təyin oluna bilər. Nədir vətənpərvərlik? Vətənə sevgi necə bir hissdir? Hər kəs bir dəfə də olsa, özü-özünə bu sualları verib.
Vətənpərvərlik haqqında sorğu aparsaq, cavablar bir-birinə bənzəyəcək: Vətən - anadır, Vətən gözəldir, Vətən müqəddəsdir, Vətənin tüstüsü də şirin və xoşdur, Vətən qorunmalı və müdafiə olunmalıdır.
Bəlkə bu gözəl, təmtəraqlı cümlələri kənara qoyub, daha səmimi düşünək?
Vətən - müsbət enerjili, ahəng qanununa uyğun... tünd rəngli sözlərlə uzlaşmayan bir sözdür. Bu sözü tələffüz edərkən insanın beynində doğma, pak, xeyirxah, səni çətin gündə qoruya biləcək bir varlıq kimi canlanır.
Ümumi vətənimiz var - bu yaşadığımız ölkənin müvəffəqiyyətləri, onun təbiəti, tarixi, gözəllikləri, bir sözlə, dünyadakı statusudur. Ancaq hər birimizin qəlbində özünə məxsus bir vətən də var - doğulduğu yer, uşaqlığını yaşadığı kənd, şəhər, ata-baba yurdu. Çox vaxt Vətəni ana ilə müqayisə edirlər. Ana - sevgidir, ana - qayğıdır, ana - mənəvi və maddi qidadır. Deməli, ana Vətən də öz vətəndaşlarına bunları verə bilər.
Vətəni bilmək və başa düşmək lazımdır. Vətəni nə üçün sevdiyini anlamaq vacibdir. Vətən sevgidir, sevgi isə Rəbbimizdir. O hər şeyi öz sevgisi ilə bağlayıb, hamıya özündən verdiyi sevgi payı ilə.
Ona görə də vətənpərvərlik - Vətən sevgisi, azadlıq, mübarizə, düzgünlük, səmimiyyət, xeyirxahlıq, insanpərvərlikdir, Vətənə qarşı olan vəzifələrimiz və hüquqlarımızdır. Hüquq, vəzifə - Konstitusiya sözləri olsa belə, çox rəsmi və soyuq sözlərdir.
Uşaqlıqda Vətəni vəzifə olaraq yox, ilk məhəbbətlə sevirsən. Böyük yaradıcının dediyi kimi: "Hamını sevərək: yaxınları da, uzaqları da, Tanrını da onun bütün sifətlərində sevərək". Ona görə ki, sevgi (Vətənə olan sevgi də həmçinin) - ruhumuzun mənasıdır və bu səmimi hissi qorumağı bacarmaq lazımdır.
Vətənə bağlılıq fenomeni ana südü ilə tərbiyə olunur - dostluq etmək, hədiyyə vermək, paylaşmaq, sevmək, bağışlamaq bacarığı.
Əgər Vətənə bağlılıq fenomeni vətəndaşın erkən uşaqlıqdan ailədə, uşaq bağçasında, məktəbdə, cəmiyyətdə formalaşmayıbsa, o insan ömür boyu tənha qalır. Belə insan qüsurludur, yazıqdır.
Elə də olur ki, Vətən səni başa düşmür, mövqeyini qəbul etmir və xatirəsindən, tarixindən silib atır, unudur. Vətəndə doğulub, təhsil alıb 10-20 illik gedənləri də inkar etmək olmaz. Bəzən həmişəlik gedib, qayıtmaq belə istəmirlər, vətəndaşlıqdan imtina edirlər. Məgər genetik hafizə bu qədərmi zəifdir.
Vətən həm maddi anlayışdır, torpağı, onun Yer kürəsində tutduğu ərazi, təbii sərvətləri, həm də mənəvi anlayışdır: xeyirxahlıq və sevgi.
Belə bir anlayışların əsasında sevməliyik Vətənimizi.
Bu yekdillik, bu vəhdət - zamanın abirasiyasına bənzəyir - yəni, başqa bir zaman və məkan fəzasına keçid kimi, merac kimi. Amma alimlərin dediyinə görə kosmik fəzanın özü də elastikdir...
Və əgər ruhumuzun mənası və mahiyyəti sevgidirsə, Vətən, vətənpərvərlik haqqında düşünərkən, belə bir nəticəyə gəldim ki, bu fikirlər daha yüksək mənəviyyata, daha vacib mahiyyətə əsaslanmalıdır. Yoxsa, düşünməyə dəyməz.
Sevgi olmadan, haqq da yoxdur.

VƏTƏN

Vallah, bir dünyaya dəyişmərəm mən,
Qanımda təpərim, qeyrətdi, Vətən!
Bu sonsuz kainat, günəşim odur,
Başımın tacıdı, şöhrətdi, Vətən!

Axtarsan dünyada gözəl-göyçəyi,
Hər yandan qoxuyan gülü, çiçəyi.
Sözümün gövhəri budur gerçəyi,
Tükənməz arzular, istəkdi Vətən.

İblistək, şeytantək ara qatanlar,
Alçaqlıq gətirər Vətən satanlar.
Bir görün nə demiş müdrik atalar,
Laləzar, gülüstan, cənnətdi, Vətən!

Xəta var qəfildən qaçılmaz olur,
Qala var, səngər var, alınmaz olur.
Vətəni sevəndə basılmaz olur,
İlahi qüdrətdi, heyrətdi, Vətən!

Keçər günortadan düşər kölgələr,
Azman meşələri sərinlik ələr.
Büllur bulaqları şerimə gələr,
Şəkərim, şirinim, şərbətdi, Vətən.

O böyük Yaradan sahmana salmış,
Çox şair söz deyib xəyala dalmış.
Vaqifin, Vurğunun ruhuna alqış,
İnsanlıq dünyası, məktəbdi Vətən!

Dərd tüğyan eylədi, şəmində oldum,
Tapılmır çarələr, qəmində oldum.
Fikrimin qatarı cəmində oldum,
İrəvan, Ərdəbil, Dərbənddi, Vətən!

Əzəlin kim idi, sonun kim oldu?
Ətirli baxçalar, güllərin soldu.
Ah, necə sızladım, gözlərim doldu,
Qəlbimi həsrətin, göynətdi, Vətən!

Çörəyi, neməti, süfrəsi boldu,
Döyüşən əsgəri qəhrəman oldu.
Şəhidlik zirvəsi Tanrıya yoldu,
Ata nəsihəti, hikmətdi Vətən!
Düşmənin, yağının səsini kəsəm!
Yarımçıq olmaqdan uzağam, pəsəm.
Biləsən mən səni bütöv görməsəm,
Qəbrim də torpaqda qürbətdi, Vətən!

Ağrımız, acımız olmasın gərək,
Diləyim, istəyim çox həzin, kövrək.
İnsanlar, torpağı bu xalqı sevək,
Hər daşın ruhumu, titrətdi, Vətən!

Kamalım, düşüncəm yanıltmaz zəndim,
Vətəndir qürurum o kiçik kəndim!
Mən zirvələr qalxdım, zirvələr endim,
Oktaya sevməyi öyrətdi, Vətən!

OLMUR

Dəli könlüm öz-özündən incimə,
Sözün yoxdur, söz tapasan, incimə.
Alovundan bir od düşüb içimə,
İçim yanır, qor ələnir, köz olmur!

Ömür çağım, payızdayam, qışdayam,
Gah günəşəm, gah gecəyəm, gah ayam.
Ömrüm yetə ulduzları bir sayam,
Gələ təbim, tərif deyəm, söz olmur.

Girim çata bir danışam, anladam,
O yerlərdə nabələdəm, mən yadam.
Daş helləyib qabağıma bir nadan,
Çapam belə, yüz yerindən, iz olmur.

Olur hərdən söz baxçamı açıram,
Dərd çeşidli, gövhərini "satıram".
İllər keçir, tələsirəm, qaçıram,
Hər yan hasar, yolum bağlı, düz olmur.

Olmuşlardan, olanlardan halıyam,
Bilən demir mən haqsızam, haqlıyam.
İstəyirəm çaylar təki çağlıyam,
Bir kükrəyəm, dərin axam, üz olmur.

Arzularım qaysaq tutmur gözümdə,
İstək ola, təpər tapam özümdə.
Kara yetmir, kara gəlmir sözüm də,
Ha yalvardım, ha yaxardım tez olmur.

Sən ay Oktay, bu nə yoldu seçmisən,
Bu nə badə, bu nə meydi içmisən.
Dönə-dönə qıl körpüdən keçmisən,
Fani dünya, bir üstümdə göz olmur.


AZƏRBAYCAN BAYRAĞI

Düz yoldasan, doğrusan,
Yanındayam, çağırsan.
Sən xalqımın uğrusan,
Azərbaycan bayrağı!

Qanadımsan, qolumsan,
Haqqa gedən yolusan.
Ululardan ulusan,
Azərbaycan bayrağı!

Sənə qurban canımız!
Halalındı qanımız.
Hamımızsan, hamımız,
Azərbaycan bayrağı!

Ayın solmaz bədrisən,
Yerin, göyün ətrisən.
Haqqın qızıl sətrisən,
Azərbaycan bayrağı!

Ey ruhumdan güc alan!
Düşmənimdən bac alan.
Xankəndində dalğalan,
Azərbaycan bayrağı!