adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Sentyabr 2017 00:18
23656
LAYİHƏ

TOVUZ QƏHRƏMANLARI

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

...Tovuzun Ermənistanla 69 km sərhədi var; Rayonun sərhəd kəndlərində könüllü dəstələr yaradılmışdı. Tovuzda demək olar ki, strateji nöqtə Əlibəyli kəndidir. Ağdam, Koxa Nəbi, Muncuqlu, Qoşa, Qaralar kəndləri də erməni kəndlərinin ərazilərilə həmsərhəddir. Qaralar kəndi 26 evdir. Gədəbəy, Tovuz, bir də Ermənistanın üçbucağında yerləşən bir kənddir. Ermənistanla həmsərhəd kəndləri könüllü dəstələr müdafiə edirdilər. Xüsusən də Məmmədalı Məmmədov, Etibar Əmiraslanov, Ələddin Əliyev sinələrini düşmən gülləsinə sipər edərək Tovuzu göz bəbəyi kimi qoruyurdular.
Koxa Nəbi də Sabir Bədiroğlu, Muncuqluda Akif Orucoğlu, Qaralar kəndində Vilayət Quliyev, Həsənlidə Rəhim Hüseynoğlu könüllü dəstələrə başçılıq edirdilər.
Tovuzda ən qanlı döyüş 1994-cü ildə - "Sulu təpə"də oldu. Ermənilər qəfil hücumla strateji mövqeyə malik olan bu yüksəkliyi ələ keçirmişdilər. Ağır döyuşlər oldu. Əsrik kəndində yerləşən bu yüksəklik uğrunda gedən döyüşlərdə bir gündə - martın 22-sində12 nəfər şəhid oldu, 28 nəfər yaralandı.
Bir sözlə, Birinci Qarabağ müharibəsində Tovuz rayonundan 395 nəfər şəhid olub. Bunlardan 350 nəfəri əsgər, 45 nəfəri isə mülkü adamlardır.
6000 nəfərdən çox tovuzlu müharibə iştirakçısıdır. Rayonda 520 nəfər müharibə əlili vardır.
Torpaq uğrunda ölmək tovuzlular üçün ən böyük səadətdir. Tovuzlular Tovuzsuz bir gün də yaşaya bilməzlər. Nə qədər ki, günəş sönməyib, göylər parçalanıb yerə tökülməyib, yerlə-göy birləşməyib tovuzlular minillər boyu yaşadıqları kimi, yenə də Tovuzda yaşayacaqlar. Bunu xain və qədirbilməz qonşumuz ermənilər də başa düşürlər.
Başa düşürlər ki, əsrlər boyu dəfələrlə tarixin amansız sınaqlarına məruz qalmış ulu yurd yerimiz həmişə ağır günlərdən uğurla çıxmışdır. 1905-1907, 1988-1994-cü illərin müharibə sınağından da zəfərlə çıxan tovuzlular həmişə gələcəyə ümidlə baxırlar. Bu daxili inam, bu ümid tovuzluların əbədi var olmasına dəlalət edir.

ŞƏHİDLƏR

Şəhidlik həm də millətə xidmətdi. Vətən yolunda canından keçənlər Ulu Tanrı qarşısında sonuncu, müqəddəs borclarını da yerinə yetirmiş olurlar. Ulu Tanrı da onları öz yanına çağırır. Axı, şəhidlik eyni zamanda cənnətə dəvətdi.
Cənnət haqqında Həzrət Peyğəmbərimizin mübarək hədislərinə müraciət etdiyim zaman bu kəlmələri oxumalı oldum: "Şəhidlər Cənnətin qapısında, hər çayın, çeşmənin yanında, yaşıl bir qübbə altındadır. Onların ruziləri səhər-axşam cənnətdən gətirilir". - Bu Allahın öz sevimli bəndələrinə ən böyük mükafatıdır. Bu mükafata layiq olmaq üçün ərənlərimiz, igidlərimiz öz vəzifələrini şərəflə yerinə yetirdilər, kafirlərə qarşı son damla qanları qalana kimi vuruşdular. Onların müqəddəs qanı Tovuz torpaqlarına qarışdı, qanla yoğrulan torpaqlarımız daha da müqəddəsləşdi.

İLK ŞƏHİD -
FARİZ MƏMMƏDOV

Taleyinə hökmünə bax ki, bir ailə eyni vaxtda iki övladını itirib.
Fariz Əlibəylidə, qardaşı Rasim isə Şuşada - Daşaltı əməliyyatı zamanı şəhid olub. İki qardaşın bir-birinin ölümündən xəbəri olmayıb. Fariz 8 mart 1991-ci ildə Əlibəyli özünümüdafiə dəstəsinin "Tabakstroy"a hücumu zamanı qəhrəmancasına həlak olub.
Əsrlər boyu Tovuz igidləri - Oğuz türkləri yadelli işğalçılara qarşı amansız müharibələrdə qəhrəmanlıq göstərmiş, canlarından, qanlarından keçmişlər.
Minillər ərzində şəhid verə-verə bu günə gəlib çıxmışıq. Vətən Vətən olan gündən şəhidlər verməyə başlayıb. Əgər canından keçən oğullar olmasaydı Tovuzda da şirin, məlahətli Tovuz ləhcəsində danışanlara da rast gəlmək olmazdı. İgidlər canlarından keçdilər ki, Tovuz yaşasın, böyüsün, inkişaf etsin. Ulu babalardan miras qalmış yurd yerlərimizdə, əzəli və əbədi torpaqlarımızda düşmən at oynatmasın, ocaq qalamasın.
Tovuz torpaqları uğrunda vuruşan oğullarımız Tovuzu sevdikləri kimi, Tovuz da vətənin bir parçası olaraq onları sevib, sevir və sevəcəkdir. Şəhidlərə olan sevgini heç bir qüvvə şahidlərin canından qopara bilməz. Onlar həmişə yad edilir, xatırlanır, xatirələri əziz tutulur.
Şəhidlik xoşbəxtlikdi. Bu xoşbəxtlik hər kəsə qismət olan deyil. Tale yazısıdı şəhidlik. Bu yazını mələklər Ulu Tanrının tapşırığı ilə yazıblar. Onlar heç zaman unudulmayanlardı, əbədi yaşayanlardı.
...Hərdən ürəyim göynəyir. İçimdən bir sızıltı gəlib-keçir. 1905-1906-cı illərdə erməni-müsəlman savaşında şəhid olmuş tovuzluların, igid oğulların adlarını öyrənə bilmədiyimə görə təəssüflənirəm. O illərdə əli qələm tutan yazarları qınayıram. Axı, onlar haqqında yazılmalıydı. Yazılanları da biz bu gün oxumalıydıq, o igidlərlə tanış olmalıydıq. Bilməliydik ki, o vaxtlar erməni zülmündən tovuzluları kimlər xilas etmişdr? Kimlər canlarından keçib, bizi bu günlərə gətirib çıxarmışdır?
1905-1906-cı illərdə Tovuzun müharibə tarixinin bir parçasıdır. Biz indi o tarixi bilmirik. Tarixini, keçmişini bilməyənin, öyrənməyənin isə gələcəyi olmaz, - deyiblər. Necə də haqlı deyiblər! Mən hələ Tovuzda baş vermiş digər müharibələri, qanlı toqquşmaları demirəm. Mən hələ qədim Xunanda, Torpaqqalada qılıncların toqquşmasından, atların kişnərtisindən... söhbət açmıram. Bu barədə də məlumatımız yetəprincə deyil. Müxtəlif mənbələrdə rast gəldiyimiz ötəri məlumatlar da Tovuzun - Xunanın müharibə tarixini hələ də qaranlıqda gizlətməkdədir.
1988-1994-cü illər isə yaxın bir tarixdir. Bu tarixi hamımız yaşamışıq. Həmin illərdə şəhid olmuş tovuzluların adlarını bir daha hörmətlə xatırlayıram.
Onların sayı 395 nəfərdən çoxdur. Tovuz şəhidləri haqqında Vaqif İsaqoğlu 1996-cı ildə "Tovuz şəhidləri" adlı iki kitab yazıb çap etdirib. Bu gün tovuzluların stolüstü kitabına çevrilən "Tovuz şəhidləri" torpaq uğrunda canından keçən igidlərin xatirəsinə ən böyük ehtiramdır.
Tovuzda şəhid olmuş iki Milli qəhrəman var; Qasım Rzayev və Naiq Yusifov.
Qasım Rzayev neçə-neçə qanlı döyüşlərdə iştirak eləyib, dəfələrlə düşmənə sarsıdıcı zərbələr endirib. Döyüşlərin birində ermənilərin 1 PDM-ni, 12 əsgərini məhv eləyən Qasım Rzayevin şöhrəti tezliklə bütün Tovuza, sonra isə Azərbaycana yayılıb.
Qasım Rzayev 15 may 1992-ci ildə Hacalı kəndinin üstündə yerləşn "Quş dağı" adlanan yerdə - 22 yaşında şəhid olub. Qasım Rzayev evin sonbeşiyi idi.
Naiq Yusifov könüllü olaraq Tovuzun müdafiəsi keşiyində dayanmışdı.
1992-ci il martın 22-si idi. Tovuzlular bayram süfrəsinə hələ yığışmamışdı. Bu zaman erməni faşistlərinin Koxa Nəbi kəndi ətrafında hücuma keçdiklərini xəbər verirlər. Tovuz igidləri vaxtı itirmədən özlərini döyüş mövqeyinə çatdırdılar. Qanlı döyüşlər oldu. Bu döyüşdə Naiq erməni gülləsinə tuş gəldi. 7 iyun 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Naiq Nəsir oğlu Yusifova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəhrəmanlıq Yusifovlar nəslinə xas olan xüsusiyyətdir. Onun babası Yusif ağa 7 qardaşın son beşiyi olub. Yusif ağa 25 il çar ordusunda xidmət eləyib. O, qəhrəman bir oğul kimi tanınmış, orden və medallarla təltif olunmuşdu. 25 ildən sonra həyat yoldaşı və 4 övladı ilə doğma Tovuza qayıdıb.
Həmin o Yusif ağanın qız nəvəsi hamının yaxşı tanıdığı Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqov, oğul nəticəsi isə Naiq Yusifovdur. Naiq də Yusif ağa kimi atasının sonbeşiyi idi. Tovuzlular mərddi, igiddi, cəsurdu. Savaş meydanında tovuzluların hər biri Koroğlu "dəli"sinə dönür, düşmənə elə divan tuturlar ki...
Bəli, Tovuzun Ermənistanla 69 kilometr sərhəd ərazisini igid oğullar öz qanları bahasına qoruyub-saxlayıblar. Əlibəyli, Ağdam, Əsrik, Koxa Nəbi, Ağbulaq, Muncuqlu, Qoşa, Şıxheybət, Qaralar və digər sərhəd kəndlərinin Sovet hakimiyyəti illərində ermənilərə verilmiş 237 hektar torpaq sahəsini də tovuzlular döyüşə-döyüşə geri qaytarıb.
Vətən igid oğulları ilə Vətən olur. Vətəni Vətən eləyən oğullara hər cür ehtiram borcumuzdur. Gəlin borcumuzu unutmayaq.

Əbülfət MƏDƏTOĞLU,
Vaqif İSAQOĞLU