adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Oktyabr 2018 22:43
49120
LAYİHƏ

QIRMIZI KÖRPÜ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

İslam Məmmədovun şərəfinə yazılmış "İslam" balladası həqiqi mənada böyük şairimiz Səməd Vurğunun Böyük Vətən müharibəsi haqqında yazdığı şeirlər arasında öz məzmunu, dəyəri, bədiiliyilə çox seçilir, yadda qalır. İslam Məmmədov şəxsiyyətinə, əməllərinə əsil mənada solmaz ətirli çiçək kimi ucaldılmış bu şeir-abidə bu sətirlərlə yekunlaşır:

Öpür bir-birini aylar, fəsillər,
İnsanlıq qovuşur arzularına.
İslama hörmətlə azad nəsillər,
Baş əyir dünyanın xilaskarına!

Fəxr edirik ki, bəşəriyyətin qəhvəyi faşist taunundan xilas olunmasında o böyük insanın - İslam Məmmədovun da əvəzsiz xidmətləri olmuşdur. Yaşlı adamlar indi də Qırmızı körpüyə İslam körpüsü deyirlər.
Hər dəfə düşünərdi ki, bu böyük şairi Kürdəmirə, bu şoranlı torpağa bağlayan hansı qüvvə, maraq olmuşdur? "İslam" şer -balladasında bütün bu suallara cavab taparaq, qəlbən çox rahat, sakit oldu. Deməli, torpağın şoranlı, isti, insanı yandırıb-yaxan olması hələ hər şey deyilmiş. Necə ki, Kürdəmir torpağına, ərazisinə bənzəyən müqəddəs yerlərimizi müqəddəs edən müqəddəs insanlar olduğu kimi... İslam Məmmədov şəxsiyyəti, əməlləri də bu yerləri beləcə şöhrətləndirib...
Bəli, tarix boyu körpü tikmək, tikdirmək, bərpa etmək ən böyük savab işlərdən biri olub.
Müqəddəs varlıqlara da bu yaxşılıq körpüsündən keçib yaxınlaşır, yaxın olur insanlarg İstər cismən, istərsə də ruhən... Qırmızı körpünün isə xalqımızın memarlıq sənəti tarixində öz adı, öz yeri var. O, təkcə ölkələri yox, insanları da bir birinə yaxınlaşdırır, yaxın edir...
Fəxr edirik ki, bu möhtəşəm Qırmızı körpünü bərpa edib, bu günkü hala salanlardan biri də eloğlumuz İslam Məmmədov, bir də onun yaxını, ailəvi dostu olduğu, qardaş bildiyi böyük şairimiz Səməd Vurğun olub. Onun bu fədakar insana həsr etdiyi "İslam" balladası ilə bu xeyirxah əməllər əbədiləşib. İndi hərdən öz-özünə soruşur, görəsən belə bir adamın adına indi Qazaxda anılırmı?! Heç olmasa onun adına Kürdəmirdə olduğu kimi bir küçə varmı? Varsa çox yaxşı, bu hərəkət alqışa layiqdir! Yoxsa, bu barədə düşünülməlidi...
Böyük şairimiz Səməd Vurğunun "İslam" balladası ilə gözəl bir abidə ucaltdığı bu fədakar insanın nəinki yaxşı əməlləri, elə dostluğu, qardaşlığı da insanlara bir örnək, nümunə olmalıdı. Onda hər iki insanın ruhu şad olar! Belə insanları alqışlanmağa, fəaliyyətlərini təqdir etməyə dəyər. Nəinki Qazaxda elə Kürdəmirdə də bu dostluğu, qardaşlığı simvolizə edən bir lövhə, abidə olmalıdır!
Qırmızı körpü... Körpü isə insanları daha da yaxın, doğma edən, birləşdirən bir vasitədir. Hər dəfə o körpüdən keçəndə, o dahi insanlar, onların nəsillərə ərmağan olası dostluğu, qardaşlığı, əməlləri yada düşür... İstər-istəməz təsirlənir, kövrəlir, gözləri dolur... Hər ikisi öz soydaşımız, hər ikisi azərbaycanlıdı. Az-çox bu kitablara bələddi, belə yaxın, ailəvi dost olan, qardaş bildiyi insanın ölümünə, yoxluğuna bu qədər yanıb-yaxılan, belə təsirli şer- ballada həsr edən ikinci belə bir şair, insan tanımır! Arzu edir ki, hər iki rayonda bu qardaşlığı, yoldaşlığı sinvolizə edən qoşa ayaq ləpirlərini özündə əks etdirən abidə qoyulsun, ucaldılsın!..
Necə ki, vaxtında Səməd Vurğun poeziyası böyük Sovetlər İtifaqına lazım idi! Elə onun "Ukrayna partizanları" şeiri yüz min nüsxələrlə çap olunub, təyyarələrdən meşələrə səpilərmiş!.. Döyüşkən, mübariz partizanları ruhlandırmaq üçün! İndi hamı belə bir "Qarabağ" şeiri?! Varsa da, onu kim oxuyub, harada ona dövlət səviyyəsində münasibət göstərilib?!. Səməd Vurğun isə sanki bu günümüzü nəzərdə tutub yazırdı:

De, kimdir gecənin bağrını dələn,
Düşmənin üstə ley kimi gələn?
Kimin qüdrətinə güvənir Vətən,
Kimdə sədaqət də, mərdlik də vardır?
O bizim qəhrəman partizanlardır!

Bir sözlə zər də bizdə, zərgər də!.. Sadəcə xalqın mübarizə ruhunun ölgünləşməsinə imkan verməmək! "Qarabağ! Qarabağ!" deməklə iş bitmir! Hər yanda beləcə canlı sözün qüdrəti hiss olunmalı, gənclərin Vətən sevgisi yüksəldilməli, coşdurulmalıdı! Nahaq demirlər ki, qələbəni təmin edən öndə gedən cəsur əsgərlər olur! Belə insanların yolunda quru torpağa da baş qoymağa dəyər! Sanki qulağına həzin bir əsgər mahnısı gəlir: "Məni qoruma, anam mənim!.. Qorusan da, məzarım üstə ağlama..." Bax xalqın qətiyyətlilik, cəsurluq ruhu bundadı! Axı, onlar İslam Məmmədov, Səməd Vurğun kimi şəxsiyyətlərin nəvələri, nəticələridi!..
Qazax eli!.. Ona həmişə elə gəlib ki, bütün Azərbaycana günəş elə oradan doğub!.. Əlbəttə, bu sənət, elm, bilik günəşi olub! Qori seminariyasının Qazaxa köçürülməsindən sonra daha çox! Onun ibtidai sinif müəllimi Bahadur Əhmədov da əsli Qazaxdan idi. Kürdəmirin Ərəbxana kəndini özünə yurd yeri seçmişdi. Qaramahmudlu kənd ibtidai məktəbində onlara dərs deyərdi. Məhşur Əfəndiyevlər ailəsinin bir nümayəndəsi, olduqca səmimi, alicənab bir insan idi. Respublika xəstəxanası onun əmisinin adınadı.
Novruz müəllim də onun kimi Ərəbxana səkkizillik məktəbdə coğrafiya, kimya fənlərindən onlara dərs desə də, dünya dahilərindən onlara söhbət etməyi də unutmazdı. Lev Tolstoyu, Çexovu, Turgenevi, Dostoyevskini o sevdirdi ona. İnsan nə qədər hazırlıqlı, mütaliəçi olarmış! Bəlkə də "Hərb və Sülh", "Anna Karenina", "Dirilmə" romanlarını əzbər bilirdi. Hey Lev Tolstoydan misallar çəkər, onun müdrik kəlamlarından söhbət açardı...
ADU-nun hüquq fakultəsində oxuyanda əslən qazaxlı olan Vaqif Hacıyev onlara dərs deyərdi. Bu mübariz ruhlu adam qorxu, hürkü bilməz, onları əsil mənada mübariz insanlar kimi yetişdirməyə çalışardı. Onda hələ hüquq fakultəsi indiki İstiqlaliyyət küçəsində, Ali Sovetin köhnə binasının birinci mərtəbəsində yerləşirdi. Qorxudan çoxlarının pıçıltı ilə danışdıqları vaxtlarda, o əlini yuxarı- ikinci mərtəbəyə tərəf qaldırıb deyərdi: "Hamısını edən bu alçaqlar, vicdansızlar, manqurtlardı!"
Bəli, özümüzdən olan baltalar vaxtında bizi çox kəsib- doğradı. Bir "molodes" sözünü eşitmək üçün. Şükür ki, yenə də taley üzümüzə güldü. Heydər Əliyev qüdrəti ilə tam müstəqilliyə qovuşduq, ölkəmizin sahibi olduq. Qırmızı körpüdə bizim inam, ümid yerimizdi! Gör gündə neçə -neçə adam onun üstündən o tərəf-bu tərəfə keçir. Xeyirxahlıqla yanaşı, tək-tək olsa da bədxahlara da təsadüf edilir. Bunlardan Vətən, cəmiyyətimizi qorumalı, işıqlı sabaha inamla getməliyik!
Qırmızı körpü!.. Müqəddəs torpağımız... İnsan bəzən səhvə yol verir, ona nəsib olan səadəti qiymətləndirə bilmir. Sonra da gec olur. Bəli, belələri elə iradəcə zəif olan, məqsədsiz insanlardı! Onlara da arxa, kömək olmaq hər birimizin vəzifə,vətəndaşlıq borcu olmalıdır! Axı onlar da xalqımızı təmsil edirlər! Görürsən ki, bir tabaq meyvənin içində də çürüyünə təsadüf edilir. Xoş gələdcək, qarabağ zəfərləri, sağlamlıq naminə çalışmalıyıq! Fəaliyyət göstərməliyik!

Əlisəfa Azayev