adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

PROFESSOR QƏZƏNFƏR PAŞAYEVƏ AÇIQ MƏKTUB

11406 | 2017-06-24 09:34
MUSA ƏLƏKBƏRLİ

Hörmətli Qəzənfər müəllim, avtoqrafınızla mənə bağışladığınız "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı növbəti kitabınızı duyğusal bir ovqatla, dərin maraqla oxudum. O kitabın Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda coşqu ilə keçən təqdimat mərasimində mən də ürək sözlərimi dedim, kitabın özəl tərəfləri, təkrarsız məziyyətləri barədə reqlament şəraitində, qısa da olsa söz açdım. Ancaq sizin gördüyünüz bu şərəfli işin müqabilində bunu yetərli bilmədim. Üstündən bir neçə ay keçəndən sonra Sizə - ədəbiyyatımızın görkəmli ağsaqqalına, dilçi və ədəbiyyatşünasına, Kərkük bayatıları ilə ədəbi şöhrət qazanmış folklorşünasına, Nastradamus katrenlərinin fəlsəfi və dünyəvi qatlarına enən filosof tədqiqatçısına açıq məktubla müraciət etməyi qərara aldım.
Doğrusu sizin ayrı-ayrı sənət adamları, oxuduğunuz kitablar, dəyərləndirdiyiniz əsərlər barədə yazdığınız açıq məktublar, o məktublardan aldığım xoş təəssüratlar da mənə cəsarət verdi ki, bu açıq məktubu Sizə ünvanlayım.
Siz yaşınızın ixtiyar çağında çox çətin və olduqca gərəkli bir işə çiyin vermiş, ürək qıymış, sağlığında layiqincə qiymətini almayan böyük bir şairə ədəbi bir abidə ucaltmısınız. Mən bu kitabı nəsrlə yazılmış mənsur poema adlandırardım. Ən önəmlisi də budur ki, siz bu kitabı duyaraqdan, şairin keçirdiyi hissləri təkrar-təkrar ürəyinizin sarı simindən keçirə-keçirə, onun yaşadığı ağrı-acıları təzədən yaşaya-yaşaya yazmısınız. Hüseyn Kürdoğlu poeziyası xalqımızın milli-mənəvi qatlarından daşlanıb gələn, güclü, energili, dil və üslub gözəlliyi ilə seçilən, birbaşa könüllərə süzülən axarlı-baxarlı bir poeziyadır. Dumduru bulaq suyuna bənzər bu poeziyanın duruluğu qədər də dərin, məzmunlu, fəlsəfi məna çalarları ilə zəngin, geniş, hüdudsuz obrazlar dünyası sizi ahənrüba kimi özünə çəkmiş, özünüzün dediyiniz kimi ömrünüzün bir neçə ilini bu dərin ümmanda üzmüş, incilər, mirvarilər toplamısınız.
İnanıram ki, bu gün H. Kürdoğlu yaradıcılığından az xəbəri olan bir çox yeniyetmə gənclər belə sizin bu kitabınızı oxuduqdan sonra o böyük şairi yetərincə tanıyacaq, duyacaq, sevəcək, dəyərləndirəcək. Siz bu kitabı Kürdoğlu poeziyasına uyarlı bir dildə, hər cür ədəbi termin və istilahlardan yan keçməklə, sadə və anlaşıqlı, eyni zamanda oxucunu ələ alan dəruni bir səmimiyyətlə qələmə almısınız.
Sizin kitabınızda biz H.Kürdoğlunu ilk gənclik çağlarından, orta məktəbdə oxuduğu illərdən izləyir, onun ilk sevgisindən, "Azərbaycan gəncləri" qəzetində 16 yaşında çap etdirdiyi ilk mətbu şeirindən xəbər tutur, ali məktəbdə oxuduğu illəri vərəqləyir, bu günün məşhurları olan o zamankı tələbə yoldaşları ilə tanış olur, şairin şeirdən-şeirə, kitabdan-kitaba boy göstərən ədəbi uğurlarının şahidinə çevrilirik. Sizin qələminizdə H.Kürdoğlu həm böyük şair, həm orijinala sadiq istedadlı bir tərcüməçi, həm dəyərli bir alim, həm də xalqını, millətini canından artıq istəyən layiqli bir vətəndaş kimi uğurla təqdim edilir.
Poetik yaradıcılığında heca və əruz ənənəsinə bütün varlığı ilə bağlı olan şair bu ənənə müstəvisində yenilikçi, novator bir sənətkar kimi yetişmiş, ustad səviyyəsinə yüksəlmişdir:

Saz tutub dərdimi saza deyirəm,
Sözü şax deyirəm, üzə deyirəm.
Şeirimin əynində öz donumuz var,
Bu donda hər şeyi təzə deyirəm.

Siz haqlı olaraq H.Kürdoğlu yaradıcılığını bu təzəlik, yenilik yönümündə araşdırmış və çox düzgün, inkarolunmaz qənaətə gəlmisiniz:
"Tam səmimiyyət və məsuliyyətlə deyirəm ki, Kürdoğlunun əsərlərini diqqətlə nəzərdən keçirəndə gördüm ki, hər şeiri ilk misrasından son misrasına qədər əsil sənət nümunəsidir".
Siz H.Kürdoğlu sənətkarlığının köklərini birinci növbədə onun qeyri-adi, ilahi dəyərlərə söykənən təbində, sonsuz yurd, Vətən sevgisində, folklorumuzun qanımızdan-iliyimizdən qopan təbiiliyində, səmimiyyətində eyni zamanda poeziyamızın ölməz dühalarının ən çox da Nəsiminin, Füzulinin, Aşıq Ələsgərin, Səməd Vurğunun tarixi poetik örnəklərində, bayatılarımızın Sarı Aşıq ucalığında axtarırsınız ki, bu da şairi təqdim etmək üçün ən düzgün, mən deyərdim ki, ən uğurlu yoldur.
Siz H.Kürdoğlu haqqında bütün yazılanları birər-birər bir alim səbri ilə oxumuş, fikir və mülahizələrinizi əsaslandırmaq üçün yeri gəldikcə onlardan örnəklər gətirmisiniz. Bu cəhətdən akademik B.Nəbiyevdən, T.Hacıyevdən, Y.Qarayevdən, Ş.Salmanovdan və başqa elm və sənət adamlarından çəkdiyiniz misallar H.Kürdoğlu poeziyasına verilən qiymətin, dəyərin, onun şair tərcümeyi- halına olan diqqət və sayğının sanbalını, çəkisini təyin etmək üçün görümlü faktlardır.
Yeri gəlmişkən, Daşkənd Universitetinin professoru Həmdulla Baltabayevin H.Kürdoğlunun özbək dilində çap olunmuş "Seçilmiş əsərlərinə" yazdığı "Dərdli elin dərdimənd şairi" adlı ön sözdən gətirdiyiniz örnək məni də elə sizin qədər təsirləndirdi. O yazır:
"H.Kürdoğlu zaman və millət şairidir. Öz dövrü onun qiymətini lazımi dərəcədə verə bilməsə də, sonrakı zamanlar tarixin bu səhvini düzəltməyə borcludur. H.Kürdoğlunun bütün zamanlarda oxunmağa, təkcə öz ana dilində deyil, eyni zamanda onlarca dillərdə səslənməyə, başqa ellərin və xalqların diqqətinə və məhəbbətinə layiq sənətkar, öz qəlb həqiqətlərini başqalarına inandıra bilən şair olduğu onun "Seçilmiş əsərlərində" aydın görünməkdədir".
H.Kürdoğlu çoxlarından fərqli olaraq şöhrət, ad-san üçün yaşamadı. O, şeirin, sənətin yükünü, ağırlığını ümumbəşəri siqlətini əlinə qələm aldığı gündən duydu, dərk etdi, özününküləşdirdi:

"Sözə verdim mən ömrümü dəmadəm,
Əzəl gündən söz Əslidir, mən Kərəm".

Deyən şairin bütün varlığı, fiziki və mənəvi aləmi söz üstə bərqərar idi. O, sözlə doğuldu, sözlə yaşadı, havası, iqlimi, çörəyi, suyu da söz oldu. Cismani ömrünü də sözə etibar etdi, sözə tapşırıb getdi:

Çox da doluxmasın qəbir qazanlar,
Məndən yol öyrənər yolun azanlar.
Qoca Kürdoğluya rəhmət oxuyar
Min il bundan belə dördlük yazanlar.

Hörmətli Qəzənfər müəllim, seçiminiz o qədər sərrast, gəldiyiniz elmi-bədii fəlsəfi qənaətlər o qədər dəqiq və yerli-yerindədir ki, onlardan bir neçəsini Sizin özünüzə oxumaqdan özümü saxlaya bilmirəm:
"H.Kürdoğlunun ilham mənbəyi təbiət və onun ecazkar gözəllikləri olub. Onun sevgi şeirlərindən də təbiətin ətri gəlir. H.Kürdoğlunun təbiətə sevgisi ilk eşqi ilə qaynayıb qarışır. Şair təbiət nəğməkarına çevrilir. İnanırıq ki, qüdrətli bir rəssam şairin təbiət mənzərələrini vəsf edən şeirlərini incələsəydi, fırçasının və qəlbinin məhəbbəti ilə ölkəmizin füsunkar gözəlliklərini əks etdirən heyrətamiz bir tablo yaradardı".
Yaxud:
"Çəkinmədən deyə bilərik ki, Kürdoğlu xalq dili ilə ədəbi dilin qovşağında poeziyadan, sözdən heyrətamiz bir abidə ucaltmışdır. Buradan Vətənimizin hər guşəsi - şəhərləri, kəndləri, dağları, ormanları, çayları, şəlalələri, çəmənləri, bulaqları, yurdsevər insanları, qürur mənbəyi olan görkəmli şəxsiyyətləri apaydın görünür. Ümumiyyətlə yaradıcılığında dünyanın on bir iqlim zonasından doqquzunu özündə cəm edən Vətənimizin füsunkar gözəllikləri incə, bədii boyalarla vəsf edilmişdir. "Şairin ölməz şah əsəri təbiət idi", - deyənlər yanılmayıblar. Doğru deyiblər ki, H.Kürdoğlu poeziyası, insanla təbiətin vəhdətindən yaranıb:

Dolama yolları kəsə gəlmişəm,
Bir acı xəbərə, səsə gəlmişəm.
Kəsiblər qayada bitən palıdı,
Eşidib dağlara yasa gəlmişəm.

Qayada bitən palıdın kəsilməsi və bu acı xəbərdən sarsılan şairin yaslı dünyası, hüznlü qəlbi... Di gəl bu misraların poetik qüdrətinə heyrətlənmə, şair-vətəndaş mövqeyinin ucalığı qarşısında baş əymə!..
Qəzənfər müəllim, Siz bu böyük şairin qana, iliyə, birbaşa insan ruhuna işləyən əsərlərini elə həssaslıqla, elə qədirbilənliklə təhlilə çəkmisiniz ki, onlar barədə səbirlə düşünmək, sakit danışmaq olmur. Bu əlbəttə ki, həssas şair ürəyi ilə, şair ürəkli tədqiqatçının bir ünvanda birləşən duyğularının sarsılmaz gücündən, ayrılmaz vəhdətindən qaynaqlanır. H.Kürdoğlu Sizin köhnə dostunuz, köhnəlməyən məsləkdaşınız olub. Onun Sizə həsr etdiyi, rəmzi olaraq bayatı janrında yazdığı "Tovuzum mənim, oğuzum mənim" poeması Sizin simanızda saza, sözə, Dədə Qorqud ənənələrinə bağlı bir elə, bir obaya sonsuz məhəbbətin poetik ifadəsi idi. Nə yaxşı ki, Siz də qədirbilənliklə dünyadan vaxtsız getmiş şair dostunuzun miras qoyduğu ədəbi məhsullara bunca canıyananlıqla yanaşmış, onun haqqında çox sanballı, dəyərli və urvatlı bir əsərə ömür bağışlamısınız.
Sizin əsərinizdə H.Kürdoğlu çox güclü bir şair kimi hər tərəfdən görünür. Onun çoxtərəfli yaradıcılığı həm janr, həm də ideya-sənətkarlıq baxımından bütün özəllikləri ilə diqqətə çatdırılır, şairin şeirlərindən gətirdiyiniz örnəklər onun sənətkar obrazını cilalayır, işıqlandırır, mükəmməl şəkildə tamamlayır. Sizin tədqiqat əsərinizi seçimli eləyən cəhətlərdən biri də şairin şəxsiyyəti haqqında yetərli bilginiz, onu bir insan kimi xarakterizə edərkən real, inandırıcı təfsilatlara söykənməyinizdir. H.Kürdoğlunun bir insan kimi sevinci, sevgisi ailəyə, övladlarına bağlılığı, xüsusən ömür-gün yoldaşı Fəridə xanıma təkrarsız məhəbbəti şeirlərindən götürülmüş əyani misallarda öz əksini tapmış, şairə, onun insani keyfiyyətlərinə rəğbət və məhəbbət hissi oyatmışdır.
Siz H.Kürdoğlunu akademik Tofiq Hacıyevin təbiri ilə desək, "rübailərdə era yaradan" bir ustad, bayatılara cinaslardan daş-qaş düzən bir zərgər, ikiliklərin, üçlüklərin ilkin yaradıcısı, dördlüklərin bənzərsiz, təkrarsız müəllifi kimi səciyyələndirmiş, şairin bu sahədəki əvəzsiz sənət uğurlarından qürurla söhbət açmısınız. H.Kürdoğlu poeziyası ahəngdarlıq və doğmalıq poeziyasıdır. Bu poeziyada hər sözün, hər kəlmənin və bəlkə də hər səsin, hər hərfin saitinə və samitinə qədər bir-birinə məhəbbəti, səs, musiqi uyarlılığı var. Şairin dördlükləri bu cəhətdən poeziyamızın ləl-cəvahirat fondu sayıla bilər. Örnəklərə diqqət yetirək:

Yolunu görmədim hamar dünyanın,
Ovcuna göz yaşı damar dünyanın.
Qələmim iynədir, sətirlərim sap,
Cırıq köynəyini yamar dünyanın.

...Tərlanım şikarı təkləyə bilmir,
Karvanım yükünü yükləyə bilmir.
Şər pozub kökünü dünya sazının,
Xeyir ha çalışır kökləyə bilmir.

Yaxud:

Məhəbbət ömrüdür dünyanın yaşı,
Eşqin kamalına dözərmi naşı.
Dərdi daş əridən sinəmin üstə
Necə duracaqsan, ey məzar daşı?!

Bu dördlüklərdəki sənətkarlıq qüdrətinə heyrətlənməmək mümkündürmü?!

Müəllif bir xarakterik fakt gətirir:

Bir qəzet var,
Dönüb bir-iki ailənin
ailə qəzəbinə.
O şeir yazır bunun itinə,
Bu şeir yazır onun itinə.
Vəsf edilən elə öz itləridi.
Elə bil,
Yalnız onlardan ötəridi...

Mən öyüd-nəsihət mənasında deməzdim: axı gələcək, əsl sənət əsərini tanıyır, monopolik seçməni qəbul etmir. Filosof Buffon deyirdi ki, yalnız yaxşı əsərlər gələcək nəslə çata bilir...
Şairlər, nasirlər, rəssamlar, eləcə də alimlər bir-birini daha çox anlamalıdılar, fitrətən belə olmalıdır, yoxsa uğurlu əsərə və onun müəllifinə paxıllıq etmək yaraşarmı. Elşad bu şeirin bir növ davamı kimi "Paxıl"ı yazmışdır, səmimiliyini gizlətməmişdir.

Böyüksən, dahisən, olsun - nə işim,
Şeirdə dühasan, olsun - nə işim.
Çiyninə uldzular qonsun - nə işim -
Üstəlik, deyirəm ulduzsan, paxıl.

...Vicdanın elə bil sağalıb sənin,
Xəmirin mayasız yoğrulub sənin.
İçinə pisliklər yığınıb sənin,
Sən ki, pisliklərə daxılsan, paxıl!

Mən qisası seçib almıram ki, kam,
İstəsən hayına darda çataram.
Mən əldən vuran yox, əldən tutanam,
Əlindən tutaram yıxılsan, paxıl.

Elşad Səfərli o şairlərdən sayılır, öz fitri istedadına güvənir, həyatı idrak edir, balalarımızı elmlə-mərifətlə maarifləndirir, kimsənin söz bostanına daş atmır, oxucusunu sevincə, xoşbəxtliyə, hürriyyətə səsləyir - bir-birlərini sevsinlər, əvəzində "Şöhrət" ödülü yox, yuxarıda - paytaxtda əli yox (O, Lənkəranda doğulub, boya-başa çatıb, bu gün də orada çalışır; Lənkəran DU-da), hücrəsindədir, təklik şahıdır, azaddır:

Və bu azadlıqdan alıram kam
Nə diktə quluyam,
Nə də diktatoram.
Dövlət içində dövlət -
Vatikan kimiyəm!

Elşad Səfərlinin yaradıcılığı (o həm də istedadlı alim - ədəbiyyatşünasdır) şəxsiyyət kimi səmimi və xeyirxahdır; bunu təsəvvürümə gətirəndə məşhur fransız şairi (XX əsr) Pol Elyuarın bir kəlamı yadıma düşdü: "İnsanlar yaranmışlar ki, bir-birilərini başa düşsünlər, bir-birini sevsinlər. Onların övladları vardır; bu uşaqlar dünyanın soyuğunu çəkəcəklər. Bu uşaqlar yenidən odu, yenidən insanlığı kəşf edəcəklər".
Bu o uşaqlar - o nəsil olur, ataları halal əməyilə, sənəti-peşəsiylə, vicdanı ilə, bir sözlə, şəxsiyyət bütövlüyü ilə böyüdür, tərbiyə edir. Haşiyə çıxım ki, bu sətirlərin müəllifi Elşadın ailəsini: atasını, qardaşını yaxşı tanıyırdı, kənddə hörmət qazanmışdı valideynləri. Oğul Elşad bu etimadı doğruldub yaşatdı, istedadı və gərgin zəhmətilə yüksəldi. Və "Oğluma, qızıma ikinci şeir"ini qələmə aldı: Fridana və Turana! Bu şeir sosioloji motivlə əxlaqi-ruhi harmoniyanın vəhdətindən yaranmışdır. Gələcək illərində övladları, nəvə-nəticələri xəcalət çəkməsinlər, ona görə ki:

Sənətə yönəltdi duyğular, onu,
Bir yandan incitdi ağrılar onu.
Yedi içərisindən qayğılar onun,
Saçları ağardı tez atanızın.
Vara da qaçmadım, bilirdim qəti -
Dünyanın dünyada qalır sərvəti.
Necə ki, hamitək olur qisməti.
Gedəndə bir çarış bez atanızın.

Və nəhayət, uluların nigaran - sevinc arzusu:


Xoşbəxtdir o kəs ki, yurdu boş qalmır,
Çırağı gedəndən sonra qaralmır.
Ölsəm, dərd etməyin, ömrüm qırılmır,
Ömür davamısız siz atanızın.

Elşad Səfərlinin şeirlərində genetik-ardıcıllıq kodu var və bu üslub mövzunu tamamlayır. Necə ki, barəsində danışdığım şeirindəki poetik informasiya "Bir Elşad Səfərli vardı dünyada da" motivləşir. Şeirdə şair Elşad Səfərlinin poetik obrazını görürük: Allahın hökmünü hər an gözləyən, başına gələ biləcək hadisəni praqnozlaşdıran, ana itkisindən qəlbi qırılan, qardaş xiffətindən bağrı yarılan ilk eşqi daşlara çırpılan, amalı, vicdanı, qəlbi düz olan, namərdlərlə vuruşda sınmayan - bu şərti "yeddilik" insan kodu. Bu, Ali insan tipidir: varlığını intellektual vicdanı ilə dolduran, kölə əxlaqına nifrət edən, şair ləyaqətini qorumağı bacaran (bu gün bu, çox çətinləşib), başını dik tutan və əbədiyyətdə yeri olan Elşaddır - bu epitetləri sadalamağa bəlkə də ən çox mənim haqqım çatır illərə etibarımda. Həyatın nikbinliyi, ölümün labüdlüyü haqqında çox danışmışıq, dərdləşmişik, ədəbiyyatın ölməzliyinə haqq qazandırmışıq. Və pıçıldamışıq: Bir vaxt biz vardıq qoyub getdiyimiz Dünyada. Və nə vaxtsa ömrümüzün nağıl möcüzəsi başlar: "Biri vardı, biri yox, bir Elşad Səfərli vardı dünyada".
O nisbi ömür ötən il qapımı döymək istəmişdi. Şeytan (mənim "Şeytanın intiharı" romanının qəhrəmanını nəzərdə tuturam) məni əzrayıldan gizlətmək üçün İstanbulu məsləhət gördü, inandırdı ki, hər şey yaxşı olacaq. İki aylıq müalicə həsrətimə şərik çıxdı. Elşad Səfərli sıxıntılarıma təsəlli verdi. "Küsü" şeirilə. İstanbula misralar Vətən havasını gətirmişdi.

...Az qalıb bu yumru binadan gedim -
Harasa Allahın adından gedim.
Atasız, qardaşsız... dünyadan gedim -
Kimlərin çiynində bəs mən, ay ustad?!
Elşad Səfərli barədə "Elşad Səfərlinin poeziyası: düşüncələr, mülahizələr" (Bakı, 2015) monoqrafiyamda yazmışdım: "Elşad Səfərli imzası ədədi mühitdə axır vaxtlar demək olar ki, gözə çarpmır" iradı bəlkə də mənim yanılmağım idi, yaxud onun mətbuat, nəşr aləmində susması idi və bir ildə iki dəyərli şeirlər kitabımı çap etdirdi. Bunun özü Elşadın poetik prinsipinə, iradi keyfiyyətinə işarədir. İkinciyə onun sonetləri, bəzi şeirləri və bir poeması daxil edilmişdir.
Elşad poeziyada janr rəngarəngliyi sevən şairdir, xokkiləri və sonetləri yaxşı qarşılanmış, ətraflı təhlil olunmuşdur. Ədəbiyyatşünas Hüseyn Həşimli və Allahverdi Eminov tərəfindən xüsusi vurğulanmışdır.
Sonetlər çələnginə gəldikdə şair Şekspirdən üzü bəri yazılan bu janrı yamsılamamış, özünün poetik üslubu ilə: emosional və intellektual ahəngilə, dilinin ləyaqəti və əlvanlığı ilə, söz və intonasiya labirintilə qələmə almışdır. Bu sonetlərin yaşı cavandır (2000-2017), daşıdığı məna siqlətisə poetik yüklüdür. "Dante daim vəsf etdi gözəl Beatriçenı" misralı soneti 18 avqustda doğulmuşdur.

Səninlə fəxr edirəm, çoxuna bəllidir bu,
Heç nədə yox gözüm, neynirəm malı, mülkü,
Sən mənimçün hər şeysən bu dünyada, əzizim!
Gözəllərin hüsnünə iz salanda qırışar,
Qarabəniz bir xanım dillənəcək həmin an.

"Mənə nə vermişdi ki, nəyi də alsın zaman!" - yazılma tarixi 20.01.2017. Son!
"Lənkəran sonetləri"ni janrın müxtəlif növlərində yazmış, lirik, həzin ovqatı tərənnüm etmişdir. Sonetlərin xeylisi ayrı-ayrı şairlərə həsr olunmuşdur. N.Həsənzadə, Xəlil Rza Ulutürk, Adil Babayev, Şəkər Aslan, Vaqif Hüseynov... Şekspirə və Pasternaka aid sonetlərində rəng çalarları tərtəmizdir, solmazdır, gözəlliyə qovuşandır və bu "üçlük"dən zövq alır, ilhama gəlir.
Şair Elşad Səfərlinin poeziyası haqqında danışarkən ən azı onun qəlbinə, ömür yarpaqlarına, fəaliyyət dairəsinə bələd olmalısan, təmənnasız yaradıcılıq niyyətini mənimsəyəsən. Xüsusilə, sonetlərindəki kolorit, sözə qənaət, ruhi ölməzlik kimi poetik-dil nüanslarını duymağı bacarasan; bu əlamətlərdir oxucu zövqünü təmin edən. Böyük rus yazıçısı və söz sərrafı, tənqidçi B.B.Şklovski yazır: "Üslubun ləyaqəti məhz ondadır ki, mümkün qədər az sayda söz işlətməklə imkan qədər çox fikirlər çatdırsın".
Bu maraqlı tezisi şair Elşadın poeziyasına şamil edirəm. O, hadisələrin sosial çalarlarına cəsarətlə müdaxilə edir, mənəvi dəyərlərdən yan keçmir, dünya ilə arasındakı çarpışmada oxucusunun yanında olur, özünü sınağa çəkir, sənətdə geriyə dönüşü yoxdur. Hansı şairin qəlbini, yaddaşını "Uğursuz eşq əfsanəsi" üstələyirsə... "Alması düşməyən nağıllar"da səmada əbədi yaşamaq haqqı çatır.



Hörmətli Qəzənfər müəllim, məni hər bir oxucu kimi razı salan ən başlıca səbəblərdən biri də sizin bu kitabın hər səhifəsinə demək olar ki, hər sətrinə köçmüş vurğunluğunuz, heyrət və heyranlığınızdır. Siz bu əsəri sevə-sevə, duya-duya, kövrələ-kövrələ ərsəyə gətirmisiniz. Siz yazırsınız ki; "Kürdoğluya həsr etdiyim əsərimin "Ağrılar bölümü"nü tale elə gətirdi ki, İstanbulda (12-17 may, 2016-cı il) "The House hotel" də yazdım. Şairin Gülyana ağısını köçürəndə göz yaşlarına qərq oldum. Bəlkə bu uşaqlıqdan anadan yetim qalmağımla bağlı idi, bilmirəm. Bir onu bilirəm ki, həyat yoldaşım Arəstə Mikayıl qızı məni çətinliklə sakitləşdirə bildi". Sizin bu səmimi etirafınız H.Kürdoğlu şeirinin təsir gücünün əyani ifadəsi deyilmi?!
Hörmətli professor, mən də H.Kürdoğlu poeziyasının vurğunlarından biriyəm. 2009-cu ildə onun ruhuna müraciətlə yazdığım "Ruh qohumum H.Kürdoğlu ilə beş saatlıq söhbət" adlı esse-düşüncələrim "Ulduz" jurnalının 11-ci sayında çap olundu. Yaşıdım, dostum, mərhum xalq şairimiz Zəlimxan Yaqub mənə telefon açdı. Bu yazıdan yana ürək sözlərini və razılığını özünəməxsus coşqu ilə bildirəndən sonra düz yarım saat mobil telefonda H.Kürdoğlunun rübailərini, bayatı və dördlüklərini əzbər söylədi. Dedi ki, Musa, Hüseyn çox böyük şairdir. O, layiqli qiymətini sağlığında ala bilməsə də, öz əbədi ömründə - poeziya ömründə mütləq alacaq. Qəzənfər müəllim, Sizin bu kitabınızı xalq şairinin səkkiz il bundan qabaq dediyi sözlərin avansı saymaq olar. H.Kürdoğlu poeziyasına bu müraciətiniz, ortaya qoyduğunuz bu kitab inanıram ki, şair haqqında, onun bənzərsiz sənətkarlıq məziyyətləri haqqında yazılacaq neçə-neçə kitabların yoluna işıq salacaq, onların hər birinə proloq kimi seçiləcəkdir.
"H.Kürdoğlunun poetik dünyası" kitabı çox mükəmməl və bitkin, şairin ədəbi dünyasını hərtərəfli işıqlandıran, ömür yoluna, sənət uğurlarına güzgü tutan əhatəli, elmi-bədii, fəlsəfi dəyəri olan monoqrafiq əsərdir. Bu əsər ədəbiyyat tarixinə, çağdaş ədəbiyyatşünaslıq elminə Sizin - professor Qəzənfər Paşayevin növbəti hədiyyəsi, ərməğanıdır.
Hörmətli Qəzənfər müəllim! Siz vaxtilə çap etdirdiyiniz "Altı il Dəclə Fərat sahillərində" xatirələr kitabınızla xalqımızın ürəyində özünüzə məxsus yer tutmuş, adınıza, soyadınıza yetərincə populyarlıq qazandırmısınız. Bir çox qüdrətli şairlərimiz sizə poema və şeirlər həsr etmişlər. Bu baxımdan Siz həm də canlı ədəbi obrazsınız. Bu il həm də sizin şanlı yubiley ilinizdir. Bir-iki aydan sonra ömrünüzün səksənini tamamlayıb, doxsanına qədəm qoyacaqsız. Canınız sağ, yolunuz uğurlu, işləriniz avand olsun!
Mən də sözümün sonunda yetmiş illiyinizə həsr etdiyim şeiri sonuncu bəndində balaca bir düzəliş etməklə bu yubiley ərəfəsi sizə yenidən oxumaq istəyirəm.

YETMİŞ NƏ YAŞDI Kİ...

Professor Qəzənfər Paşayevin 70 illiyinə

Kərkük bayatısı şirin dilində
Halal zəhmətiylə ucalan kişi.
Sağ ikən pir olan Oğuz elində
Tovuz torpağından güc alan kişi.

Sevgiylə döyündü sinəndə ürək,
Ozan təbiətli əhli-hal oldun.
Tələbə vaxtından tədbirli, zirək,
Gənclik çağlarından ağsaqqal oldun.

Necə bağlandınsa, torpağa, yurda
Axmadın qürbətin yad sellərində.
Vətəni ömür tək yaşadın orda -
"Altı il Dəclə-Fərat sahillərində".

Bu yanğı ürəkdən, bu sevgi haqdan,
Üzdün, nə dərindir sənət ümmanı!
Xəzinə toplayıb gəldin İraqdan
Heyrətə gətirdin Rəsul Rzanı!

Odunu bir az da artırdı günəş,
Yük tutdun bir elin dərdi-sərindən.
Axdı qəlbimizə bu yanğı, atəş,
Vətənin qıraqda qalan yerindən.

Sən birinci saydın ədəbi, elmi,
Kitab tək üst-üstə qalandı ömrün.
Böyük insanlığa yönəltdin elmi,
Böyük ömürlərə calandı ömrün.

Məhəbbət özü də din olarmış, din,
Bu duyğu, bu istək necə dərindi!
Arəstə xanıma ən böyük sevgin
Abidəyə dönən əsərlərindi.

Vətənçün qoymuşdu ömrünü girov,
Necə bu millətə içdən yanırdı.
Səndən söz düşəndə Abbas Zamanov
Müəllim yox, ata tək qürurlanırdı.

Bəzən qəfil qopur ürəkdə sancı,
İnsan quş tək uçur, bir anlıq olur.
Böyük alimlərin əsil qazancı
Tarixə iz salan insanlıq olur.

Ürək var, bir ömür şam kimi yanır,
Duyğu var, köçürmək çətindir dilə.
Elmi titullar da hörmət qazanır
Əsil alimlərin imzası ilə!

Sən alim, sən insan, əsil vətəndaş,
El görür ziyanı necə saçırsan.
Neçə ürəklərə olursan sirdaş,
Neçə könüllərə qapı açırsan.

Həmişə qayğıkeş, mehriban, həlim,
İncilər səpilir şirin dilindən.
Səksən nə yaşdır ki, Qəzənfər müəllim,
Doxsana çat, yüzün yapış əlindən!
28.12.2009





TƏQVİM / ARXİV