Padarqışlaq nahiyəsinin şəhid məzarları
Ləngəbiz sıra dağlarının ətəyində Qarasu-Udulu yolundan başlayan "Qara bel" kiçik tirəsi "Həzrə" qış otlağınadək 35-40 km-lik məsafədə uzanır. Bu tirə indi Ağsu rayonunun Padarqışlaq və Hacıqabul rayonunun Muğan, Qarasu, Padar yaşayış məntəqələrini, geniş yovşanlı-yulğunlu otlaqları əhatə etməklə, qədimdə 1200 obadan ibarət (hər obada 5-7 ailə olub) Padar-tərkəmə elatının binələndiyi yurd yerləri idi. 1918-ci ilin yaz aylarında (mart-aprel) azğınlanmış hay-daşnak və rus-bolşevik quldurları Şamaxı qəzasına hücum edərkən daxil olduqları istiqamətlərdən biri də Hacıqabul-Kürdəmir cəbhəsi olduğundan bu təcavüzdən zərər çəkən Padar elatının dinc sakinləri Göylər kəndinin ətəyindəki dağarası dərələrdə gizlənməli, sığınacaq tapmalı olmuşlar.
5-ci Qafqaz İslam Ordusunun xilaskar dəstələri bu cəbhə boyunca düşmənə sarsıdıcı zərbələr endirdikdə qanlı savaş meydanlarından biri də "Qara bel" tirəsi, ətrafdakı "Gilasxana", "Sirkanlı", "Həzrə" qış otlaq sahələri, "Yasamal" ərazisi olmuşdur. Bu döyüşlərdə qələbə sorağı nə qədər sevindirici və qürur doğurucu olsa da, min təəssüf... Şəhidlərimiz də az olmayıb, həm Azərbaycan Milli Ordusunun əsgərləri sırasında, həm yerli könüllü dəstələrində, həm də Osmanlı Türkiyəsinin ordu sıralarında...
Padarqışlaq kəndinin 4 km-də yerləşən "Dolbatlı" qəbirstanlığında (bu qəbirstanlığın tarixi X-XI əsrlərdən hesablanır) 8-10 türk şəhidinin məzarı olduğunu Molla Məhəmməd Hacı Dünyamalı oğlu (1858-1933), Nisəxanım Soltan qızı (1890-2002), Ağacan İbad oğlu (1850-1933) bildirmişlər və həmin məzarlar Hacı Əbdürrəhman və Hacı Qəhrəman türbələri ətrafında yerləşir.
Padar-Göylər avtomobil yolundan 8 km şərqə tərəf, "Gilasxana" qış otlağı daxilində 20-ə qədər məzar daşları və qəbir yerləri Şəhid türk döyüşçülərinin məqamından xəbər verir. Sinə daşları uzunsov (1 m-dək), bəziləri isə sənduqə formasındadır. İndi həmin yerin ətrafında taxıl əkini sahələri yerləşir.
Bu yerdən keçən Yuxarı Şirvan suvarma kanalının davamı hissəsinin alt tərəfində, Padar qəsəbəsindən 8 km şimalda əvvəllər "Sirkanlı" qış otlağı daxilində, indi qarğıdalı əkini sahəsində 0,10 hektar ərazidə Şəhid türk döyüşçülərinin 8 məzarı saxlanılıb. Bu barədə yaşlı sakinlərin (Qəzənfər Rəfiyevin (1862-1943), Qaraxanım Rəfiyevanın (1883-1978), Balaqardaş Əlif oğlu Əliyevin (1910-2013) bilgisini Ağamurad Kərim oğlu Bəkirov (1954), Elsahab Əlisahab oğlu Xəlilov (1959) və Mətləb Əvəz oğlu Səfərov (1966) çatdırmışlar.
Qismət Yunusoğlu,
BDU-nun müəllimi
Digər Xəbərlər
26 May 2026 14:26
Kəndlərimiz niyə boşalır... - İlqar Əlfioğlu yazır
25 May 2026 13:00
Səkkiz martdan əvvəlin və sonranın statusları - Pərvanə Bayramqızı yazır
25 May 2026 09:45
Qələm olanlarla qələmin olanlar - Pərvanə Bayramqızı yazır
25 May 2026 09:43
Aysel Nəsirzadənin imza günü keçirildi
24 May 2026 20:32
Əbülfət Mədətoğlu oxucularla görüşdü - VİDEO
23 May 2026 13:51
Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri
22 May 2026 14:28
Biz kimik, Azərbaycan xalqımı, sovet xalqımı? Hər ikisimi, heç birimi?
21 May 2026 21:36


Bakı -°C

