Otaqqaya, qanli karvan və bir də...

Milli Qəhrəmanlarımız
Karvan qana bələndi.
-Nə vaxt, harada?
-Oxuyun, yadda saxlayın: 11 iyul, 1990-cı il, Otaqqaya.
Azərbaycanın əzəli torpaqlarına göz dikən, ərazilərini işğal etmək üçün ötən əsrin əvvəllərində və 90-cı illərində silahlı erməni quldurları ölkəmizin Ermənistanla sərhədləri boyunca özlərinin bədnam niyyətlərini açıq-açığına həyata keçirməyə başlamışdılar. Bir mərkəzdən idarə olunan qanlı əməliyyatlar Kəlbəcərin Böyük Alagöllər, Söyüdlü, Dikyurd yaylaqlarında da bir saatadək davam edən atışmanın səsi Kəlbəcərin mərkəzində eşidilir və körpələri vahiməyə salırdı. Ağdərənin ərazisində, Otaqqaya adlanan yerdəki güllə-baran isə bu "əməliyyatların" ən dəhşətlisi idi: Tərtər-İstisu magistral yolu ermənilər tərəfindən əvvəlcədən minalanmışdı. Quldurlar radio-rabitə qurğuları ilə bir-birinə xəbər vermişdilər ki, Bakı, Yevlax, Bərdə, Tərtərdən... Kəlbəcərə gedən maşın karvanı saat neçədə, harada dayandırılacaq. Məqsəd aydın idi: Otaqqayaya qoyulmuş partlayıcı maddə partladılmaqla yol bağlansın və bütünlüklə karvan məhv edilsin.
Amma karvanın önündə vaxtı bir az qabaqlayıb irəliləyən "NİVA" quldurların planlarını alt-üst elədi. Ona görə də bir neçə istiqamətdən hədəfə alınmışdılar. Şahlar Şükürov sürücüyə əmr vermişdi: "Saxlama, sür! Yolu biz açmalıyıq. Qanımız-canımız bahasına olsa da"!
Sürücü və yaralansa da, "NİVA"nı saxlamadığı üçün yol kəsilmədi... Həmin maşındakılar Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya gəlmiş, sonradan bütün Azərbaycanın oğlu kimi tanınan, Zərdab Rayon Daxili İşlər Şöbəsinin rəis müavini, polis (milis) mayoru Şahlar Əvəz oğlu Şükürov və Dədə Şəmşirin qaragöz adlandırdığı qızı Çimnaz xanım idi.
Həmin karvanı salamat keçirmək üçün avtobuslara dörd əsgər də götürmüşdülər. Qayalıqda gizlənmiş silahlı quldurun açdığı atəş əsgərin birini yerindəcə susdurmuşdu. Bundan sonra müşa-yiətçi digər əsgərlər atəş açmağa başlamışdılar. O gün Şahlar Şükürov və Çimnaz İşmayılova ilə birlikdə Rusiyanın Kemerovo şəhərindən olan sıravi əsgər Sergey Mezentsev də şəhid oldu.
Bu, həmin qanlı əməliyyatın çox qısa tarixçəsidir. O əməliyyatın ki, orada Şahlar olub. O əməliyyatın ki, onda Şahların balaları ata yolu gözləyiblər. Ataları gəlməyinə gəlib, lakin onları qucağına alıb oxşaya bilməyib. Atanı "oxşayıblar" və onu balalarından ayırıb, özündən və balala-rından çox istədiyi Vətən torpağına tapşırıblar...
Ürəkdən gələn səslər,
dağlardan qopan ahlar
Şahlar Şükürov haqqında yazmağa başlayanda kimi dindirirdim, bir dastanlıq danışırdı: mərdliyindən, səxavətindən, alicənablığından, təəssübkeşliyindən, insanpərvərliyindən, Ana yurdu Azərbaycanı varlığı qədər sevməyindən, doğma Kəlbəcərini qorumaq üçün bütün varlığıyla çalışmağından, hər şeyə hazır olmağından...
Şahlar Şükürov əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi kəlbəcərliləri çox sevindirirdi. Çünki Şahlar Şükürov qanlı terrorda öz canını qurban verməklə yüzlərlə insanın həyatını xilas etmişdi. Kəlbəcər Rayon Xəstəxanasında ağır yaralı olsa da, son dəfə olaraq pıçıldadı ki: "... Qoy bu qara şərin dumanı ayazısın Vətənimizin başı üstündən, onda yağılarla üzbəüz döyüşlərdə qəhrəmanlıq nüminəsi göstərəcək oğulları xalqımız yaxından tanıyacaq! Şəhidlik zirvəsinə ucalanlar Vətənə layiq oğullardır. Hiyləgər düşmən aman vermədi ki, onunla üzbəüz gələk"...
Şahlar Şükürovun dəfn mərasimində nəinki kənd-kəsəkdən axışıb gələn insan seli, sanki dağ-daş da dilə gəlmişdi, yalnız atası Əvəz Şükürovdan savayı. Daim qürur simvolu kimi görünən bu dağdan ağır kişi oğul vermişdi Vətənə! Elə bir oğul ki, "oğul deyirəm sənə"...
Azərbaycan xalqı onu qəhrəman kimi yola salırdı əbədiyyətə. Yox, yox! Şahlar Şükürov xalqının qəhrəmanı kimi köçürdü ürəklərə!..
Zirvədə qalan ömür, yaxud
"gəl, gəl, a qaragöz balam"
Otaqqayada böyülk bir karvanı qanlı terrrordan qurtaran "NİVA"da şəhid olan Çimnaz Şəmşir qızı İsmayılovanı da son mənzilə yola salan el qara geyinmişdi o gün. Kəlbəcərdə yeni salınan Şəhidlər xiyabanının ilk sakinləri ağdabanlılar idi.
...Dağların sazlı-sözlü ağsaqqalı olan Dədə Şəmşirin oylağında o gün hər yan qara geyinmiş-di. Bir qara karvan da Ağdabana üz tütmuşdu. Karvan qana bələnən gün ilk dəfə düşmən gülləsi onun balasına tuş gəlmişdi. Balalarına çatmağa macal verməmiş, yolun yarısında haqlamışdı onu. Şəhid olan bu karvanın arxasınca el-oba axışırdı, Dədə Şəmşirin dədəsiz yurduna başsağlığı ver-mək üçün. Balanı ataya tapşırmaq üçün tələsirdilər. Analı dünyadan atalı dünyaya köç edirdi. Çimnaz yamanca darıxırmış. Ata həsrətinə dözümü yox imiş. Bu dünyada anasız qoyduğu balaları ilə son dəfə görüşməmiş gedirdi. Gedirdi ki, giley eləsin bu dünyada gördüyü haqsızlıqlardan, Kəlbəcərin yollarının, kəlbəcərlilərin talelərinin bağlılığından - ağrı-acılarından. Gedirdi ki, anasız qoyub getdiyi balalarının sabah başlarına nələr gələcəyini öyrənsin Dədədən...
Vətən şəhidləri, dağ qartalları! Sizi nə tarix, nə ana yurdunuz, nə də özünüzdən sonra qalan ömrünüzü yaşadacaq balalarınız unutmayacaq. Qəhrəmanlıqlarınız haqqında, özünüzə layiq dastanlar yaranacaq!
Digər Xəbərlər

İlham Əliyev təqdim etdi, Şahbaz Şərif heyran qaldı - VİDEO

Laçın aeroportundan görüntülər

Xalq şairi Rəsul Rzanın 115 illik yubileyi keçirildi - FOTOLAR

Prezident bərpa edilmiş şəhər və kəndlərimizin sayını açıqladı
jpg-1748337158.jpg)
Zəngəzurun cazibəsi: İrandan sonra Fransa konsulluq açır, Rusiya hazırlaşır...

Əsir düşmüş azərbaycanlılar məhkəmədə ermənilərlə üz-üzə - VİDEO

"Müdafiə qabiliyyətinin gücləndirilməsi üçün xüsusi alışlar həyata keçirilib" - Nazir
