adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2017 09:30
13074
ƏDƏBİYYAT

İSLAM SADIQ ŞEİRİNİN DƏQİQLİK ƏLAMƏTLƏRİ


Pis gəldi yayım da, qışım da yaman,
Min il at oynatdı qarşımda zaman.
Gözümdə çən gördü, başımda duman,
Dumanı duymadı,
Çəni duymadı.

Bulud elçi daşı, mən də bir elçi,
Bu daşı tapammır mində bir elçi.
Bir elçi yolladı, bəndə bir elçi,
Nə bu daş, nə o baş
Məni duymadı.

Bu misraların hikmətinə vatsaq (hər oxucunun öz duyum versiyası var bir şeir barədə-şeir budur!), İslam Sadıq üzünü başqa kimsəyə tutmur, ona görə ki, şeirin yazılmasında üçüncü şəxs iştirak etməz, çünki ilahilə şair arasında mübhəm rabitədir, bilavasitə ruhla bağlıdır, ovqatla qidalanır və intellektual vəhdətdə yazılır, əslində yaranır. Bu kövrək, eyni zamanda sərt tələbi İ.Sadıq hətta gəraylılarında və qoşmalarında da gözləyir: hədəfin suçunu pıçıldayır, ümumi adını qoyur, amma özünü göstərmir. Halbuki şair şəxsiyyətində də, poeziyasında da, elmində də sərt simadır. Məsələn, onun "Ay nadan" qoşması var, ancaq necə də incə, zərif harayla (!) deyir:

Ulduz dərir xəyalların göylərdən,
Dayaz ağlın ağıl umur səylərdən.
Dəm vurursan bilmədiyin şeylərdən,
Az sayıqla, yuxu danış, ay nadan.

Yelə verib yaddaşını, yadını,
Qaçırmısan sən sözün də dadını.
Qaralama görən kimi adını,
Sən İslamı oxu, danış, ay nadan.

İslam Sadığın poeziyasında hər bir şeirin məna intonasiyası, poetik röyalara qapılmamaq, obrazların seçiminə müsbət təsiri əsasdır. Şeirdə-fantomda harmoniyanın görümünün real təsvirini əsas hesab edirəm və bu möcüzəyə inam gətirir. "Evimiz nə yaman soyuqdur", "Olmadı", "Bura Koroğlunun öz vətənidi", "Aman Tanrı", "Məndən yuxarı" kimi nümunələrin hər bir misrasında poetik rənglərin çaları-fiziki mənada yox- assosiativ oxşamalar, impressivlik sezilir və oxucu mənimsəyir. Poeziyanın prinsiplərindən biri olaraq, necə ki, İslam Sadıq şeirindən çıxış edirəm-şairin iddia səviyyəsi var: şeirin predmeti hasilə gələndə onun qarşıya qoyduğu məqsədin həlli məsələsi müəyyənləşir, yeni identik forma-xüsusini təsviretmə mərhələsi. Əgər şairə səlahiyyət verilsəydi o yalnız şeirmi yazardı, kitablar bağlayardı, şöhrətin felinə düşərdi? Bəlkə də belə şairlər az deyil, lakin İslam Sadıq romantik ovqatında belə, başqa cür düşünür. "Gecələr könlümdən bir şahlıq keçir" şeiri nə qədər səmimi və nə qədər haqlı səslənir. Gördüyü həqiqətlər tamamilə paradokslarla sonuclanıb. "Təpəni dağın yerində görür, qara ağın yerini tutub, alimin başı üstündən nadanı dörə qoyublar". Filankəsləri filan yerlərdə otuzdurublar. Faciə budur və şairin nəzərindən yayınmır:

Baş-ayaq görürəm nəyə baxıram,
Astar üzə çıxıb, üz astar olub.
Mən yerə baxıram, göyə baxıram,
Əyri üzə çıxıb, düz astar olub.

Daşı baş yerinə qoyublar burda,
Daşı daş yerinə qoy görüm indi.
Başı daş yerinə qoyublar burda,
Başı baş yerinə qoy görüm indi.

Belə həqiqətlər görümündə şair sosial hazırlığa ehtiyac duymur, eləcə də poetik əhval-ruhiyyəyə. Psixoloq Z.Freydin "libido"su kifayət edir. Misralar iç dünyalarında "qardaşlaşır", bir-birilə "ədavətə" qoşulub, şairi "üzüqara" etmir, şeiri tapmacaya dəyişmir! Çünki poeziyada emosionallıqla intellektuallıq birləşir!
İslam Sadığın "Ocağı közündən tanıyıram" (2016) və "Sözündən üşüyən dodaqlar" (2017) kitablarında mövzular palitrası rəngarəng olduğu qədər də təsviretmə aktı bir o qədər polifonikdir: belə ki, xatirələrdən gəlmə olaylar, deyimlər, həsrət notları, ana və ata məhəbbətinin tərənnümü. "Atamın qəbri, anamın vətəni", "Anam xana qurub" və "Dədəmə qovuşub kiridi anam" kimi kövrək şeirlər. Misralarda itirilmiş, bir daha geri qayıtmaz övlad sevgisinin qığılcımları. Bu üç şeiri oxuyanda müəllifdən heç də az təsirlənmədim. Xatırladım anamın şəhərə-evimə gəlib sanki tikan üstə oturduğu ovqatını, qoxumu alandan sonra kəndə aparmağımı təkid elədi, qonşu yaşıdlarının adlarını çəkdi, təndirə kim çörək yapacağından gileyləndi, ordakı nəvələrin darıxdığını söylədi. Şairin anası da "gecənin bir oğlan çağı oyanıb dur kəndə apar"-deyir.

Deyirəm, ay ana, darıxma bir az,
Mən yaxşı bilirəm ora vətəndi.
Sən məni Bakıda qərib sayırsan,
Bura qürbət deyil, bura vətəndi.

Cifayda. Sən demə:

Az qala yüyəni versin əlindən
Gah mənim hövsələm, gah onun səbri.
Sən demə, anamın Vətən dediyi
Atamın qəbriymiş, atamın qəbri.

Bəli, ibrətli bir sədaqət nümunəsi. Müasir gənclərə örnək dərsi!
Şeirin assosiativ davamı: 2009-2014. Beş ilin şair oğluna diqtəsi. Bəlkə də böyük rəqəmdir, ana məhəbbətini qoruyanlar üçün. Övlad bu illərdə təbii ki, anasını əzizləməyə bilməz, nazı ilə oynamaya bilməz:

Min qayğıya bükdük, naza bələdik,
Kimsə gözlərimə duz tökür,-dedi.
Yerini nə qədər isti elədik,
Yorğanın, döşəyin buz tökür,-dedi.

Dədəmin iyini bu evdən aldı,
Dədəmsiz qalalı gülmədi anam.
Dədəmin iyinə tamarzı qaldı,
Dədəmin evində ölmədi anam.

Açmadı qəlbini nə toy, nə düyün,
"Vətən" deyə-deyə əridi anam.
Torpağa tapşırdıq anamı bu gün,
Dədəmə qovuşub kiridi anam.

İslam Sadığın poeziyası haqqında qeydlərimi təkrarsız bir ovqatla qələmə alınan şeirlə tamamlamaq seçimim təsadüfi görünməsin: hansı oğul (övlad) ana məhəbbətinin qüdsiyyətini qəlbində bəsləyirsə, anasının südü ilə əmdiyi poetik istedadını qiymətləndirirsə- o şair son nəfəsinəcən şeirlərini yazacaqdır, israrla pıçıldayıram! Ana oğlunun hər bir şeirindən xəbər tutur, bunu fantaziya hesab etməyin, ruhun səsi ölmür!
İslam Sadığın-şairin sənət seçimi-poeziyası onun varlığını əhatə edir və enerjili misralar yaradır, ürək çırpıntıları varkən poetik təxəyyül yad istiqamətlərə yönəlmir, sinir sistemindən doğulur, oxucunu yaxşı mənada sarsıdır və ovundurur. Şairin poeziyasında nəzarətdən çıxan "iki komponent": rasional- mücərrədlik və konkret- obrazlılıq vəhdətdədir; əgər əks mövqedədirsə, bir-birini tamamlamırsa, şeir dəyərini itirmiş olur, oxucuya nəsr ovqatı ilə çatır.
İlk sualıma qayıdıram və V.Paskalı improvizə etmədən deyirəm: "Şair şeirlərində kövrəkdir, hisslərinə güzəştə gedəndir, intellekti və emosionallığı ilə yazır və yazacağına zəmanət verir".