adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Avqust 2018 08:24
26116
ƏDƏBİYYAT

İngilislər tərəfindən vətənindən didərgin edilən yazıçı

1991-ci ildən bu yana bəzi qüvvələr tərəfindən təbliğedici "taunlar" beynimizə yeridilərək, manipulyasiya olunuruq. Bu təbliğatlardan biri də Sovet İttifaqının qanlar tökərək qurulması, "qırmızı imperiyanın" heç bir yaxşı cəhətinin, hətta bu dövlətin bir dənə də olsun dünya miqyasında alimi, ədibi olmamasını israrla qeyd edənlərdir. Bu cür mövqe sahiblərinə görə, 70 illik Azərbaycan Sovet Sosialist Respublikasının zamanında bizlərə təqdim olunan yazıçıların hamısı normal təfəkkürdən, zəkadan kasad qələm sahibləri olmuş, beləki, onlar cürümüş partiya təfəkkürünə malik, barıtı bir atımlıq olan primitivlər kütləsi olub. Barıtları heç bir atımlıq olmayan bu cür ifadə sahiblərinə görə dünya ədəbiyyatında öz ağırlıqları ilə iz qoyan Maksim Qorki, Sergey Yesenin, İvan Bunin, Mixail Şoloxov, Mixail Bulqakov kimi yazıçılar bolşevik təbliğatı maşının ortaya çıxardığı "əldəqayırma yazıçılardır". Eləcə də müasir ədəbiyyatımızın zənginləşməsində, xalqımızın maariflənməsində danılmaz xidmətləri olan Səməd Vurğun, Süleyman Rüstəm, Şıxəli Qurbanov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Bayram Bayramov, Əli Vəliyev, Hüseyn Abbaszadə, Əlibala Hacızadə, Salam Qədirzadə, Çingiz Ələkbərzadə, Cəmşid Əmirov, Sabir Əhmədov, Yusif Səmədoğlu, eləcə də adlarını çəkmədiyim digər ədiblərimiz partiya təbliğatının yetişdirmələri və xalqımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə zidd olan degeneratlardı. Qısası onlara görə adları çəkilən şəxslərin hamısı ədəbiyyatımızdan birdəfəlik silib atmalıyıq. Bu məqamda yazıçı, xeyriyyəçi-kitabçı Xan Rəsuloğlunun ifadəsini qeyd etmək yerinə düşər: ay bir-iki kitab oxuyub özlərini "intellektual" hesab edən dozanqurdular, tənqiddən anlayışınız olmayaraq, təhqir etdiyiniz ədiblərimizin hansı birinin etdiyi xidmətlərin 1%-ni etmisiniz?!
Ən əsası yuxarıda qeyd etdiyim mənəvi terror yalnız SSRİ-dəki yazıçılarla kifayətlənməmiş, Varşava müqaviləsi daxil olan dövlətlər, Latın Amerika, Asiya, Afrikada xalqlarının, sosial bərabərsizliyə, irqçiliyə, müstəmləkəçiliyə qarşı azadlıq mübarizəsi aparan sosialist düşüncəli yazıçılara qarşı da yönəlib. Vaxtı ilə 3 qitədə dünyanın ən irticaçı, xalqlara qarşı soyqrımlar törətmək iştahından doymadan qaniçən ABŞ, İngiltərə, Fransa, Portuqaliya kimi imperialist güclərə qarşı ölüm-dirim mübarizəsinə qalxan xalqların ədiblərinin sanballı əsərləri minlərlə nüsxədə nəşr olunaraq, insanların maariflənməsinə xidmət edirdisə, bugün o kateqoriyalı yazıçıların kitabları yararsız hesab edilərək zibilxanalara atılır, makulaturalarda məhv edilir. Təbii ki, bunun özü də yuxarıda qeyd etdiyim imperialist dövlətlərin siyasətidir ki, 3 qitədə xalqların başlarına gətirilən müsibətlərdən söhbət açan əsərlərdən insanlar xəbərdar olmasın. Söz yox ki, əhalimizin rus dilini bilməməsi də o kitabları maraqsız edir, amma bu əsas şərt deyil. Çoxlarımız görmüşük "əşşi kommunizmi, soveti tərifləyən söz yığınağına malik kitablardı" deyərək, rusca, kiril əlifbasında nəşr olunan kitablar pislənilir və atılır.
Bir məqamı da xüsusi diqqətinizə çatdırmaq istəyirəm ki, vaxtı ilə ABŞ dövləti özünün M.Tven, T.Drayzer, C.London, E.Hemenquey, Harper Li və digər nəhəng yazıçılarını təqibə, mənəvi terrora, əsərlərini isə qadağa qoyanda SSRİ və digər sosialist dövlətlərin də adı çəkilən yazıçıların əsərləri müxtəlif dillərə tərcümə olunaraq, minlərlə tirajla nəşr olunurdu.
Sevindirici məqam odur ki, Prezidentin sərəncamı ilə 2004-cü ildə kiril əlifbasıyla yazılan Azərbaycan dilindəki bir çox kitablar latın əlifbası ilə yenidən nəşr edildi. Həmçinin bir qrup fərdi intellektualların şəxsi səyləri və maddi məvacibləri nəticəsində bəzi əsərləri öz dilimizə tərcümə etmək mümkün olmuşdu.
Azərbaycan oxucularına (azsaylı rus dillilər xaric) tanış olmayan, imperialist ağdərili ingilislər tərəfindən öz vətəni CAR-dan didərgin edilən qaradərili yazıçı Aleks La Qumanın müxtəsər olaraq, həyatı və yaradıcılığından söz açacağam.
A.L.Quma 20 fevral 1925-ci ildə CAR-ın Keyptaun şəhərində fəhlə ailəsində dünyaya gəlib. Fəhlə olmasına baxmayaraq, onun atası Ceyms La Quma CAR-ın milli-azadlıq hərəkatının, ardınca İngilis müstəmləkəçiliyinə qarşı mübarizə aparam "Afrika Milli Konqresinin" və "Birləşmiş Cəbhə" təşkilatlarının avanqard siyasi xadimlərindən birinə çevrilməyi bacarır. Gənc Aleksin formalaşmasında sosialist ideologiyalı atasının böyük rolu olur. Hətta ölkədə qadağan olunmasına baxmayaraq, Qumalar ailəsinin evində Leninin portreti göz oxşayırdı. Sonralar yazıçı bu barədə "Qonaq otağında portret" hekayəsini yazacaqdı. Gənc Aleks V.Skott, C.London, A.Düma, F.Kuper, M.Tven, R.L.Stivenson, A.K.Doyl kimi yazıçıların əsərləri ilə böyüsə də onun formalaşmasında əsas rol oynayan yazıçı Maksim Qorki olmuşdur. Sonradan yazıçı bu barədə "Mən Qorkidən nə öyrəndim" adlı məqaləsində sovet yazıçısının ona təsirindən söhbət açacaqdır.
20 yaşlı A.L.Quma texniki litseyi bitirərək, metal yeşikləri istehsal edən fabrikdə işləməyə başlayır. Amma tezliklə tətil hərəkatlarında iştirakına görə, işdən qovulur. 1947-ci ildə o, gənc kommunistlər liqasına, bir il sonra isə CAR Kommunist Partiyasına üzv olur. 1956-cı ildə A.L.Quma jurnalist-yazıçı qismində CAR nümayəndələrinin heyətində yer alaraq, "Azadlıq xartiyasının" tərtibçilərindən biri olur. Tezliklə həmin xartiyanın müəllif-tərtibçiləri olan 156 nəfərin hamısı vətənə xəyanətdə ittiham günahlandırılaraq, təqib olunur, həbsə, sürgünə məruz qalır. A.L.Quma da həbs olunur, lakin bir qədər sonra azadlığa buraxılır. A.L.Quma 1957-ci ildə "Nokturn" hekayəsi ilə ilk ədəbi əsərini yazır. O, əsasən povest, hekayə yazıçısı kimi şöhrət tapmışdır. Onun yazı mətbəxindən "Və üç qat burulmuş sap", "Daş ölkəsi", "Duman fəslinin sonunda", "Gecə sərgərdanı", "Hörümçək quşunun zamanı" kimi povestlər, "Ağacdakı adam" radiopyesi, "Hara yol alırsan oğlan", "Yol üçün kofe", "Qonaq otağında portret" və digər onlarla hekayələr çıxmışdı. "Daş ölkəsi" və "Gecə sərgərdanı" əsərləri yazıçıya böyük şöhrət gətirir. Adı çəkilən əsərlər dünyanın bir çox dillərinə, o cümlədən rus dilinə də tərcümə olunmuşdu.
İngilislərin vətənindəki zülmünə qarşı açıq etiraz bildirib, aksiyalar, mitinqlər, təşkil etdiyinə görə A.L.Quma 1962-ci ildə həbs edilir, əsərlərinin çapına qadağa qoyulur. Tezliklə həbs ev dustaqlığı ilə əvəz edilir. 1966-cı ildə yazıçını vətənindən didərgin edirlər. O, həyat yoldaşı Blançe və 2 övladı ilə əvvəlcə Böyük Britaniyaya, 1979-cu ildə isə Kubaya köçür. Yazıçı Sovet İttifaqına da tez-tez səfərlər edir. Böyük sosialist dövlətində şöhrət də qazanır. O dövrün məşhur sovet yazıçıları olan Anatoli Safronov, Maksim Tank, Ənvər Alimjanov kimi yazıçılarla yaxın dost olur.
A.L.Quma 1973-cü ildə "Asiya və Afrika Yazıçıları Assosiyasiyası" baş katibinin müavini seçilir. Yazıçı 11 oktyabr 1985-ci ildə vətən üzünə həsrət qalaraq, Kubada infarkdan vəfat edir və paytaxt Havanada dəfn edilir.
A.L.Qumanın əsərlərində ingilislərin yerli afrika xalqlarına qarşı törətdiyi irqçilik, istismarçılıq, soyqrım, müstəmləkəçilik, həmçinin qaradərililərin dumanlı albionun zülmlərinə qarşı apardığı mübarizələr əsas süjet xətdidir. Həmin əsərlərdən biri olan "Hörümçək quşunun zamanı" povestində də ingilislərin yerli əhaliyə qarşı etdiyi diskriminasiya, zorakılıqdan geniş söhbət açılır. Rus dilində (Vremə sorokoputa Moskva "Proqress", 1980 ) nəşr edilən bu əsəri oxuyanda mədəni, savadlı, bürokrat kimi tanıdığımız ingilislərin necə də müstəmləkəçi, zülmkar, qaniçən və törətdiyi əməllərdən zərrə qədər də peşmançılıq çəkməyən, əksinə qürurla fəxr edən bir xalq olduğu üzə çıxır.
Povestin əsas qəhrəmanı olan qaradərili Şilinq Muriledir. Adıçəkilən qəhraman öz qardaşı Timi ilə içki içərək əyləndiklərinə görə ingilis feodalları Operman və Hanes Meulen tərəfindən əvvəlcə heyvani şəkildə döyülür, ardınca hər iki qardaşı elektrik dirəklərinə bağlayırlar, bütün gecəni qardaşlar bu vəziyyətdə qalırlar. Fiziki cəhətdən zəif olan, həmçinin döyülərək yaralar alan kiçik qardaş Timi can verir. Səhəri gün adı çəkilən "ağalar" sağ qalan Şilinq Murileni həbsə saldırırlar. Ş.Murileyə haqsız olaraq 10 il əmək islah düşərgəsində məhbus həyatı yaşayır. Həbsdən çıxdıqdan sonra Ş.Murile ağdərili ingilislərdən qisas almaq qərarına gəlir. O, sərçələr fəsiləsindən olan və əsasən zərərli həşəratları ovlayan Hörümçək quşunun yaşam tərzini özü üçün örnək götürür və ikiayaqlı həşəratlar olan ingilis müstəmləkəçilərini qırmağa başlayır.
Adı çəkilən əsərdən bəzi sitatlar gətirəcəm. Deməli, Edqar Stoups adlı ingilis mağaza sahibəsi olan həmyerlisi Meyzi adlı qızla dialoqunu nəzərinizə çatdırıram:
E.Stoups: "Çox gözəl! Siz insanların nəyə ehtiyac duyduqlarını satırsınız və onlar bundan razıdırlar. Bu əsasdır. Yalnız müştərilərinizə həddindən çox üz verməyin. Məsələn, mallarınızı kreditlə və ya nisyə satmamağı məsləhət görürəm. İnsanlar xeyirxah münasibəti qiymətləndirmirlər. İfadəmə görə üzr istəyirəm, bu başıboş yerlilərə (qaradərililəri nəzərdə tutur) fikir verin. Onlar şəhər nəqliyyatından istifadə etməkdən imtina edirlər. Görürsünüzmü, onlar yalnız "qaralar üçün" nəzərdə tutulan avtobusu bəyənmir, boykot edir, və bilet qiymətlərindən narazıdırlar. Amma biz gedişhaqqını ödəyir, şikayətlənmirik. Onlar nəyə nail oldular? Piyada yeriyir və qabarlarını sürtürlər".
Bu zaman Meyzi müdaxilə edərək: "Amma sanki onlar kasıbdırlar, gedişhaqqı isə həqiqətən qalxıb, mən bunları jurnalda oxumuşam".
E.Stoups: Kasıbdırlar? Onlara kasıb olmağı kim buyurub? Baxın siz və ya mən kasıbıq? Yox, çünki biz təşəbbüsə sahibik, bizim qazanımız qaynayır. Mənim şüarım budur - hər zaman və hər şeydə birinciliyə can at. Əgər biz olmasaydıq, bu ölkə heç vaxt mədəni ola bilməzdi".
Əsərin digər səhifələrində isə vaxtı ilə qəbilə başçısı olan, ingilislərin ölkəsini işğal etdikdən sonra isə çobanlıq edən Madolene ilə Ş.Murilenin dərdləşməsində ikinci deyir:
"Ağ insan qeyd edir ki, qanun hamı üçün birdir, amma bu onun qanunudur, bizim yox. Ağlar gənclərimizi əlimizdən aldılar, onları özləri üçün muzdluluq etməyə məcbur etdilər, biz isə buna sükutla baxdıq, çünki ağdərilinin qanunu belədir. Bizim torpaqlar qanqallarla pöhrələndi, mal-qaramız vərəmləyir, çünki qara kişilər kürəklərini ağların torpaqlarında bükür, onun sürülərini gözətləyir. Ağların saysız-hesabsız tarlaları, kök inəkləri var. Onların qanunu belədir, bizim yox.
İndi isə onların qanunu deyir ki, bizim evlərimiz və torpaqlarımız artıq bizə məxsus deyil, onlar ağlara lazım oldu. Bir vaxtlar bütün bu torpaqlar bizim idi. Sonra ağlar gəldilər, əcdadlarımızı darmadağın etdilər, onların əllərindən torpaqlarını aldılar, bizə isə bir qarış qoydular.
Biz öz kədərli təcrübəmizdə buna əmin olduq ki, onların qanunları, silahları, pulları qardaşlıq deyil, düşmənçilik toxumu səpir və insanları ayırırlar. Bizə isə, yalnız diz çökərək yoxluq içində itməkdən başqa heç nə qalmır, necə ki, bu dəqiqə zülmət içində gün işığı itdiyi kimi".
Əsərdən diskriminasiya ilə bağlı sitatlar çox çəkmək olar, amma düşünürəm ki, həqiqəti anlamaq istəyənlərə bu qədəri də kifayətdir. Əgər sadə bir ingilis qaradərili əhaliyə bu qədər yuxarıdan aşağı baxırsa, gör imtiyazlı ingilislər bədbəxt zəncilərə necə zülmlər edib...
Yaxşı olar ki, ingilisləri mədəni, bürokrat, intellektli hesab edərək, xalqımıza nümunə çəkən "oxumuşlar" birinci özləri gedib həqiqəti əks etdirən ədəbiyyatları oxusalar yaxşı olar.