Hacı Zeynalabdin Tağıyevin adına qara yaxana bir cavab

15330 | 2016-06-11 09:37
(əvvəli ötən şənbə sayımızda)

Haşiyə çıxaraq bir şeyi də qeyd edim ki, ümumiyyətlə, H.Z.Tağıyevin kiməsə qarşı şəxsi-qərəzi, onunla hesab çürütmək adəti olmayıb. H.Z.Tağıyevin Nəriman Nərimanovla məşhur mübahisəsini xatırlatmaq istəyirəm. 1906-cı ildə müəllimlər qurultayında onların arasında baş vermiş kəskin söz qarşıdurmasından sonra H.Z.Tağıyevin N.Nərimanova münasibəti dəyişməmiş və o, N.Nərimanovu hamisi olduğu qızlar məktəbinə həkim vəzifəsinə işə götürmüşdü (Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında. Tərtib edəni: F.Cabbarov. Bakı, 2013, səh.132).
İndi isə H.Z.Tağıyevin H.Ərəblinskinin qətlinə aidiyyəti məsələsinə dair. O.Bahadırsoy oxucuları israrla inandırmağa çalışır ki, qətlin sifarişçisi H.Z.Tağıyev olmuşdur. Bu versiyanı o vaxtkı şayiələr əsasında qurub-düzəldən, ona özündən bir az da "bəzək verən" O.Bahadırsoyun diqqətinə çox maraqlı bir sənəd təqdim etmək istəyirəm. SSRİ xalq artisti Sidqi Ruhulla öz xatirələrində deyirdi: "Ərəblinskinin ölümü ilə əlaqədar deyə bilərəm ki, onu ev üstündə qohumu öldürmüşdü. Bu, o dövrdə məlum idi. Hacı Ərəblinskiyə yaxşı münasibət göstərir, məharətli aktyor oyununa görə ona hədiyyə və pul göndərirdi" (Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında. Bakı, 2013, səh. 97-98). Mənə elə gəlir ki, bundan artıq dəlil-sübut ola bilməz. Bu sözləri elə bir insan yazır ki, onun obyektivliyinə şübhə ilə yanaşmaq mümkün deyil. Onu da nəzərə çatdırım ki, S.Ruhullanın bu xatirəsi 1957-ci ildə qeydə alınmışdır. Sovet dövründə H.Z.Tağıyev "sinfi düşmən" hesab edildiyindən onun haqqında müsbət yazmaq cəsarət tələb edirdi. Və belə bir dövrdə S.Ruhullanın H.Z.Tağıyevin H.Ərəblinskinin ölümü ilə heç bir əlaqəsinin olmadığını yazması əslində qətlin gerçək səbəblərini açıqlayır.
O.Bahadırsoy öz yazısında daha bir maraqlı məqama toxunur ki, mən onu diqqətdən kənarda qoya bilmərəm. O, yazır: "...Hüseyn Ərəblinskini öldürən dayısı oğlu Əbdülxalıq həbs olunur. Amma çox keçmir ki, həbsdən azad olunur və Qazaxıstana köçür. Eyni zamanda, Ərəblinskinin qətlinə dair bütün sənədlər yoxa çıxır və əfsus ki, bu gün onların heç birini əldə etmək mümkün deyil. Təbii ki, Ərəblinskinin qətlini Əbdülxalıqa sifariş verən Hacı Zeynalabdin Tağıyev kimi milyonçu üçün Əbdülxalıqı həbsdən azad etmək, Qazaxıstana göndərmək və bu qətllə bağlı sənədləri yoxa çıxarmaq elə də çətin məsələ deyildi". Yeni sensasiya və yeni absurd. Cümhuriyyət dövrü tarixini az-çox bilən adam kimi tam əminliklə söyləyə bilərəm ki, əgər H.Z.Tağıyev həqiqətən də qətlin sifarişçisi olsaydı, o, heç zaman məsuliyyətdən qaça bilməzdi. Əgər O.Bahadırsoy H.Z.Tağıyevin pullarına eyham vuraraq onu istintaqın gedişinə təsir etmək gücünü nəzərdə tutursa, o, yanılır. Cümhuriyyət dövründə nüfuzlu şəxs olsa da, H.Z.Tağıyevin nüfuzu hədsiz deyildi. Cümhuriyyət hökuməti ilə H.Z.Tağıyevin biznes maraqları arasında çoxlu ziddiyyətli məqamlar var idi və yeri gələndə, hökumət bu maraqları özünə tabe etdirməyi bacarırdı. H.Z.Tağıyevin hədsiz güc sahibi olmasını düşününlərə tövsiyə edirəm ki, "Nəsib bəy Yusifbəyli - milli istiqlal və dövlətçilik mücahidi" kitabında (Bakı, 2013) "Po sledam odnoy dokladnoy zapiski premğer-ministru" ("Baş nazirə bir məruzə qeydinin izi ilə") məqaləsini oxusunlar, onda onlara çox şey aydın olacaq. Mən tam əminəm və şübhə etmirəm ki, əgər H.Z.Tağıyevin H.Ərəblinskinin ölümünə aidiyyəti olsa idi, Cümhuriyyət hökuməti onu həbs etdirərdi, çünki ortada çox ağır cinayət var idi və onun ört-basdır edilməsi hökumətin marağında deyildi.
H.Z.Tağıyevin H.Ərəblinskinin qətli ilə əlaqəsi məsələsində bir vacib məqama O.Bahadırsoyun məqaləsində cavab tapa bilmədim. Əgər O.Bahadırsoy yazdığı kimi, cəmiyyətdə aktyorla milyonçu arvadı arasında nələrinsə baş verdiyi aşkar idisə və bu nələrsə artıq 1906-cı ildən bəri baş verirdisə, niyə H.Z.Tağıyev H.Ərəblinskini 1919-cu ildə öldürtdürür? Bəs o, 13 il niyə gözləyirdi? Məlumdur ki, H.Z.Tağıyev çox ailəcanlı adam idi və vaxtilə Lütfəli Behbudov Hacının ailəsinin namusuna toxunanda, onu döydürtdürməkdən də çəkinməmişdi və hətta buna görə məhkəməyə də düşmüşdü. Bəs niyə onda H.Ərəblinski ilə S.Tağıyeva arasında hamıya aşkar olan rəğbətə göz yumurdu? Düşünürəm ki, O.Bahadırsoy öz "tarixi araşdırmasını" yazanda bu sadə suallar barədə fikirləşməli idi...
O.Bahadırsoyun yazısında əsas mövzu H.Z.Tağıyevin H.Ərəblinskini öldürtdürməsi cəfəngiyyatıdırsa, digər mövzu H.Z.Tağıyev şəxsiyyətinin aşağılanmsı, xeyriyyəçinin böyük işləri üzərindən xətt çəkib, onu oxuculara "sözdə xeyriyyəçi olan, amma ziyalılara, sənət fədailərinə qənim kəsilən" biri kimi təqdim etməkdir. Belə ki, "tarix araşdırıcısı" yazır: "...Ətrafda gəzən söz-söhbətlərdən dolayı, Tağıyev çox insanı döydürmüş, həbsə atdırmışdı. Lütfəli bəy Behbudovu döydürməsi də bu çirkin hadisələrdən biri idi. Tağıyevin həmin dövrdə bütün Qarabağ ziyalılarını Bakıdan qovdurması da aşkardır. Nəzərinizə çatdırım ki, Hacı Zeynalabidin Tağıyev qazanc əldə etməyəcəyi heç bir işə öz istəyi ilə vəsait ayırmamışdır. Onu bütün mədəni-maarif işlərinə vəsait ayırmağa məcbur edən Sona Ərəblinskaya idi. Qızlar məktəbinin açılması, tələbələrin xaricdə təhsil alması, qəzetlərin nəşr olunması üçün Sona xanımın təkidi ilə Tağıyev vəsait ayırırdı. Digər bütün hallarda Tağıyevi yalnız gəlir gətirən sahələr maraqlandırırdı".
Çox kiçik və başdan-ayağa yalan olan bu parçadan görünür ki, müəllif qəsdən tarixi saxtalaşdırmaq yolunu tutur. Yazısını "tarixi araşdırma" adlandıran O.Bahadırsoy bəhs etdiyi üç qəhrəmanın - H.Ərəblinskinin, H.Z.Tağıyevin və S.Tağıyevanın həyat və fəaliyyətini əvvəl dərin bilməli və araşdırmalı idi ki, onlar haqqında yaza bilsin. H.Z.Tağıyevdən yazan (fərq etməz, müsbət və ya mənfi yazan) ən azından onun həyat tarixçəsinə, gördüyü işlərə bələd olmalıdır ki, sonra bir mülahizə irəli sürsün. Görünür, bu O.Bahadırsoyu o qədər də maraqlandırmırdı və o, daha çox oxucuları məşhur adamlar arasında intriqalarla cəlb etmək niyyətini güdürdü. Bu səbəbdən də məcbur olub O.Bahadırsoya bəzi tarixi gerçəklikləri açıqlayıram:
1. 1911-ci ildə mühəndis, vaxtilə H.Z.Tağıyevin təqaüdü ilə ali təhsil almış Lütfəli Behbudov evli ola-ola, Sona xanıma öz hisslərini bildirmiş və beləliklə, Tağıyevlərin ailə şərəfinə toxunmuşdu. H.Z.Tağıyevə yaxın olan bir neçə nəfər L.Behbudovu döymüş, bu hadisə o vaxt böyük əks-səda doğurmuşdu. Bunu "çirkin hadisə" adlandıran O.Bahadırsoyun nəzərinə çatdırıram ki, H.Z.Tağıyev burada öz ləyaqətini müdafiə edirdi. Deyə bilərsiniz ki, bunu humanist üsulla etmirdi. Ola bilər, amma nəzərə alaq ki, bu tipli məsələlərdə müsəlman kişiləri humanizm haqqında ən az düşünürlər. Maraqlısı odur ki, o zaman Bakının vitse-qubernatoru olmuş rus V.Alışevski yazırdı ki, belə hadisələrdə müsəlman kişisi onun arvadına nalayiq hərəkət edəni qətlə yetirir, H.Z.Tağıyev isə hətta müəyyən mənada humanistlik göstərərək L.Behbudovu döydürməklə və evindən qovmaqla kifayətlənmişdi. Beləlikə, hətta rus məmur başa düşürdü ki, H.Z.Tağıyev O.Bahadırsoyun təsəvvür etdiyi kimi, "çirkin hadisə" törətməyib, öz ləyaqətini qoruyub.
2. H.Z.Tağıyevin Qarabağ ziyalılarını Bakıdan qovdurması cümləsini oxuyanda qeyri-ixtiyari bir məqam yadıma düşdü. Tağıyev-Behbudov məhkəməsi gedən vaxtı erməni və rus qəzetləri bu hadisəni şişirdərək onu bakılılarla şuşalılar arasında münaqişə kimi təqdim edirdilər (H.Z.Tağıyev Bakıda, L.Behbudov isə Şuşada doğulmuşlar). Yüz ildən sonra isə azərbaycanlı O.Bahadırsoy bu absurd fikri gündəmə gətirir. Görəsən, H.Z.Tağıyevin Bakıdan "qovdurduğu" qarabağlılar kimlər idi? Hacının sahibi olduğu qəzetlərdə əməkdaşlıq edən, Hacının pul vəsaiti ilə kömək etdiyi "Difai" təşkilatının yaradıcısı Əhməd bəy Ağaoğlumu? Yoxsa Tağıyev teatrı ilə sıx bağlı olan, Hacının himayə etdiyi Üzeyir Hacıbəylimi? Yoxsa H.Z.Tağıyevin təqaüdçüsü olmuş Xudadat bəy Məlik-Aslanovmu? Bəlkə Fərrux bəy Vəzirov və ya elə Lütfəli Behbudovun özü? Suallar çox, amma cavabları yoxdur...
3. H.Z.Tağıyev gəlir gətirdiyi heç bir işə vəsait ayırmırdı, onu ancaq qazanc maraqlandırırdı deyən O.Bahadırsoyun nəzərinə çatdırım ki, böyük mesenat Bakıda 4, Tiflisdə 1 məktəbin fəxri hamisi idi. Bu vəzifənin daşıyıcısı məvacib almadan, əvəzsiz olaraq, heç bir əlavə gəlir əldə etmədən məktəbin əksər xərclərini qarşılamalı idi. Müsəlman aləmində ilk dünyəvi qız məktəbinin açılması və fəaliyyəti üçün mesenat 125 min rubl vəsait ayırmış, 30-a yaxın qızı isə öz vəsaiti hesabına oxutdurmuşdu. Azərbaycanın onlarla adlı-sanlı ictimai xadimi, alimi H.Z.Tağıyevin təqaüdçüləri olmuşlar - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Fətulla Rüstəmbəyov və başqaları. Neçə-neçə şair və yazıçının kitabı H.Z.Tağıyevin vəsaiti hesabına çapdan çıxmış, H.Z.Tağıyev dəfələrlə öz teatrında oynanılan tamaşalardan əldə edilən gəlirdən imtina edərək, bəzən də onun üstünə əlavə pul qoyaraq imkansız şagird və tələbələrə, dul qadınlara sərf etmişdir. Bunların hansı gəlir gətirən işlərdir, Orxan Bahadırsoy? Bəlkə Quranın Azərbaycan dilinə tərcümə olunaraq nəşri, məktəblərə sponsorluq yardımı, 1902-ci il Şamaxı zəlzələsi, 1905-1906-cı illər erməni-müsəlman qırğını zamanı zərərçəkənlərə, 1912-1913-cü illərdə Türkiyədə erməni quldurlarının vəhşiliklərinə məruz qalmış müsəlmanlara yardımlar, Bakıya Şollar suyunun çəkilməsinə xərclənən pullar, 1919-cu ildə özünə məxsus ticarət evinin gəlirlərindən universitetin xeyrinə imtina edilməsi, onlarla məscidin tikilməsi və təmiri H.Z.Tağıyevə gəlirmi gətirirdi? Bu siyahını davam etdirə də bilərdim, amma lüzum görmürəm, çünki H.Z.Tağıyevin milləti üçün təmənnasız gördüyü işlər hamıya bəllidir. Nədənsə, O.Bahadırsoy bunları bilmir və ya özünü bilməməzliyə vurur.
4. Qaldı ki, S.Tağıyevanın həyat yoldaşını xeyriyyə işlərinə vəsait ayırmağa məcbur etməsi məsələsinə, O.Bahadırsoy burada bir daha özünün "biliklərini" nümayiş etdirdi. Sona xanım 1896-cı ilin iyun ayında H.Z.Tağıyevlə ailə həyatı qurmuşdur. Baxın, Orxan Bahadırsoy, bu vaxtadək H.Z.Tağıyevin gördüyü işlər hansılar idi və özünüz özünüzə sual verin: "Bəs bu işlərə H.Z.Tağıyevi kim sövq edirdi?":
- XIX əsrin 70-ci illərində öz vəsaiti hesabına Bakıya su kəməri çəkdirmiş və buna görə 1874-cü ildə ilk dövlət təltifini - "Səyinə görə" gümüş medalı almışdır;
- 1880-ci ildə Bakıda Mariinski qadın gimnaziyasının fəxri hamisi olmuşdur;
- 1883-cü ildə Bakıda ilk teatr binası tikdirmişdir;
- 1890-cı ildə Bibi-Heybətdə tibb məntəqəsi açdırmışdır;
- 1894-cü ildə Mərdəkanda kəndli uşaqları üçün bağçılıq məktəbini tikdirməyə başlamışdır;
- 1896-cı ilin aprel ayında Bakıda dünyəvi qız məktəbinin binasının tikilməsinə 25 min, məktəbi saxlamaq üçün isə 125 min rubl vəsait ayırmışdır və s.
Siyahını davam etdirmək də olar, lakin təkcə elə bu ən irimiqyaslı işlərin sadalnması onu göstərir ki, H.Z.Tağıyevi xeyriyyə işlərinə kimsə məcbur etmirdi, o, bunu şüurlu şəkildə, millətinin gələcəyi naminə edirdi, qazancının bir hissəsini həmvətənləri üçün sərf etməyi özünə borc və şərəf bilirdi. Sözsüz ki, evləndikdən sonra Sona xanım da xeyriyyə işlərində fəallıq göstərdi, Hacının məsləkdaşı kimi onun yanında oldu, lakin bu heç də o demək deyil ki, təşəbbüs ondan gəlirdi və H.Z.Tağıyev zorən, həyat yoldaşının təsiri altında xeyriyyə məqsədilə pul sərf edirdi.
Sonda demək istərdim ki, O.Bahadırsoyun müəllifi olduğu yazı təkcə qərəzli mövqeyi ilə fərqlənmir. H.Ərəblinskinin ölümündə Hacı Zeynalabdini və Sona xanımı günahkar bilən O.Bahadırsoy Tağıyevlər ailəsinin faciəvi sonluğunu məhz bununla bağlayır. Mesenatın bütün var-dövlətdən məhrum edilməsini, həyat yoldaşının ömrünü səfillikdə başa vurmasını, oğlan övladlarının isə cavan yaşda vəfat etməsini Tağıyevlərə "layiq olan aqibət" kimi səciyyələndirən yazı müəllifi ən elementar etik normalara belə məhəl qoymur. Çox təəssüf ki, Azərbaycan tarixində xüsusi yeri olan hər iki şəxsiyyəti - H.Z.Tağıyevi və H.Ərəblinskini qarşı-qarşıya qoymaqla, birincini az qala qəddar, zülmkar milyonçu kimi təqdim etməklə, O.Bahadırsoy iddia etdiyi "tarixi araşdırma" əvəzinə əsassız, tarixə zidd faktları, dedi-qoduları həqiqət kimi qələmə verməklə məşğul olmuş və çox primitiv, ucuz sensasiya dalınca getmişdir. Əminəm ki, yazı boyunca ünvanına xeyli xoş epitetlər işlədilmiş Hüseyn Ərəblinski də onun adının bu tərzdə hallanmasını istəməzdi...

TƏQVİM / ARXİV