Fəxri Müslüm

Bu günlərdə şairin 70 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzu edirik.
Qala divarlarından gələn səslər
Salam, yetmiş ilim, salam a günüm,
Hələ astananda varım-gəlim var.
Hələ deyilməmiş min sözüm-ünüm,
Hələ açılmamış min diləyim var.
Mən sizi çoxdan tanıyırdım
Akademik Urxan Ələkbərova
Mən, sizi,
çoxdan tanıyırdım, Urxan müəllim.
İçəri şəhərin qala bürclərinin,
iç divarlarına hopmuş
və qürurverici yaddaşı ilə yaşadığınız
anlar kimi.
Və bir də,
neçə qərinədi,
sevə-sevə, əzizləyə-əzizləyə,
bu qədim şəhərin dalanlarını,
döngələrini, küçələrini əsgər dolamacı kimi
ayağınıza dolayıb evdən işə,
işdən evə daşıdığınız anlar kimi.
Hər gün,
Danın dan üzündə,
Xəzərin ucqar nöqtəsindən
Körpə bir uşaq kimi doğan
və xəzərin
mavi dalğalarına gülümsəyən
al-qırmızı Günəşin ilk şüaları altında
ürəklə, sevinclə tələsiyib,
addımladığınız iş yerinə,
fərqinə varmadığınız,
və özünüzdən qabaqda irəliləyən
kölgəniz kimi Urxan müəllim.
Onda hələ,
iyirmi yanvar hadisəsi yox idi,
onda hələ,
onsəkkizinci və iyirminci illərin
Bakı əhalisinin erməni-bolşevik qırğını,
ondakı dağüstü parkıyla,
köhnə sahil pakıyla unudulurdu asta-asta,
yavaş-yavaş.
Onda bunlar, içimizdə yuva salmış,
bir gizli bəla, bir dərdiydi, Urxan müəllim.
Onda Bakının, başqa bir vaxtı da varıydı,
bağlarının ağ şanısı
bulaqların gözü kimi dupduruydu,
və bir də,
ağ-ağ bulud layları kimi,
beş barmaq yarpaqları ilə
adamın,
adamın üzünə gülürdü.
Qara şanısı, qara qaşlı zümrüd daşıydı,
Və bir də,
Qara buğdayı qızların
Qara buğdayı hörgüsü kimi,
Salxım-salxım,
kəhraba tənəklərin çiynində
göz muncuğu kimi, şehə tutulub yuyulurdu.
Dildə, ağızda ömürlük tamı qalırdı,
dadı qalırdı, Urxan müəllim
Mən sizi,
çoxdan tanıyırdım,
İbn-sinanı, Brunini,
Nəsrəddin Tusini tanıdığım kimi.
Bu dünyanın,
cəmiyyətə bağlı bioloji gözəlliyini,
gecəsini-gündüzünü bilmədən
kipriklərinizdə,
çiçək-çiçək çiçəklədib, gülləndirdiyiniz kimi.
Yaddan çıxmış,
Bioloji, mənəvi varlıqları
Yaddaşlara qaytarıb, dilləndirdiyiniz kimi.
Dünya çapında elmi kitablarınız,
elmi məqalələriniz saya gəlmir,
ancaq ürəyinizin başına, ürəyiniz boyda
bir kitab bağladınız,
yer-yurd adlı, vətən adlı,
və bütöv Azərbaycan adlı, Urxan müəllim.
Ürəyinizə,
sinirnizə yük etdiyiniz bu kitab,
vərəq-vərəq nitqə döndü, vərəqləndi,
dünyanın ən böyük ölkələrinin,
uca-uca kürsüsündə.
Bu nitqlər,
neçə-neçə dildə Azərbaycan yazdı
soyuq baxışların
solğun ay üzünə dönmüş sifətlərində.
Nə yaxşı ki, bağımsızlıq, müstəqillik,
Nə yaxşı ki, dövlətimiz,
dalğalanan bayrağımız var.
Öz şöhrətinizlə,
və ən əsası da,
qədim kişilərə xas,
şərəfinizlə, insafınızla, insanlığınızla,
dövlət önündə, vətən önündə
öz ucalığınız,
ucalığınız var Urxan müəllim.
Dağlara
Canımda bir kövrək anlar yaşadı,
Döndü xatirələr üzü dağlara.
Sevincli dünyamın cocuq illəri,
Apardı bu yolu, izi, dağlara.
Bax, orda, o daşda xına yapardım,
Üzüstdə, şeh tutmuş gül də yatardım,
Yuxuyu, yuxuya elə qatardım,
Gələrdi aranı, düzü, dağlara.
Bax, orda, bulağın novu varıydı,
Yanında dolçası, qavı varıydı,
Yaramın göynəyi, oyu varıydı,
Gözənmək bilməyən gözü, dağlara.
O dikin aşrımı, köhnə yurd yerim,
Böyründə, başında moruq dərərdim,
Mənim acı yerim, mənim dərd yerim,
Odu-ocağının közü, dağlara.
Gecəli-gündüzlü yaylımım vardı,
Çisəkli, dumanlı yay ilim vardı,
Nöqtəsiz, vergülsüz xəyalım vardı,
Çaları dağlara, bozu, dağlara.
"Öyköşdü" günlərin, öyü qalmadı,
Zuy tutan küləyin, meyi qalmadı,
Daha, heç geriyə,
Bu canın təpəri, heyi qalmadı,
Bir gün öləsiyəm gözüm dağlara.
Qızım üçün
Bu, müəllim peşəsinə,
Elə, bu yazı-pozuya,
sən səbəb oldun, qızım,
Sənə minnətdaram.
O gündən,
çəkdiyim yüklərin altında,
bir yazın səhər mehində
köksüm çimərlik quşu kimi
çırpına-çırpına, içimdə qanadlandı.
bəxtiyar ola bildim,
elə, yarıya da bildim, qızım.
Tələbələrimin gözündə
gələcəyin eşqini yaşada-yaşada,
bir azca qürura tutula da bildim, qızım.
Ömür,
İlləri üstələməyinə,
arxada qoymağına baxma,
mən də acıqnan illəri,
preslənmiş,
çər-çəmənli ot kimi, içimin bir küncündə
üst-üstə, bir qatına yığdım, qızım.
Xatirələrimi,
bir korun ocaq kimi körükləyə-körükləyə,
dərd karvanımı,
qəm karvanımı özümlə daşıya-daşıya,
bir xırman vəri kimi, sürükləyə-sürükləyə.
Hərdənbir,
fəsillərin bozuna tutulsam da,
duyğular yenidən çilləndi, yenidən gülləndi,
səmanın Ayqabağı gülüşü kimi.
Payızın,
Yol azmış durna qatarının hay-küyündən
qəriblik kəssə də üstümü,
qəlbim yenidən nəğməyə, şeirə yükləndi,
elə, xoş ovqatın gəlişi kimi.
Bu müəllim peşəsinə,
Bu yazı-pozuya sən səbəb oldun, qızım,
yoxsa,
bu yaşda, əhmədlər, həmidlər kimi
it döyəcəkdim aralıqlarda,
kiminsə əlini, cibini güdəcəkdim
kafeyə oxşar baraklarda.
Tanrı, yar və yardımçın olsun, qızım.
Dilqəmi çal, Aşıq Əli
(Aşıq Əli Quliyevə )
Damarımın hər ovqatı kök üstdə,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Bir az dərdim, bir az qəmim yük üstdə,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Güneyindən kürəyimi gün çəkər,
Dərvişliyə, irfanlığa yön çəkər,
Zəmi-zəmi, sarıbaşaq dən çəkər,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Ağır-ağır ələ bizi, sök bizi,
Ağ dumanın ağ tülünə bük bizi,
Ayaq kökün zər telinə çək bizi
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
İndi, çoxu, "Kərəmi"də qol açır,
Bir şıdırğı oyun üstdə, gül açır,
Yüngül ritmə, yüngül sözə yol açır,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Dağlarımda,
Ziyad xanın, Yəhya bəyin izi var,
Ağırlıqda, batman-batman sözü var,
Haqdan gəlmiş çəkisi var, özü var
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Qaytarmanı beçə simə ver bir az,
Lal dindirən güllərinə gir bir az,
Yaddaşmızda qaynaqlansın sirr, bir az,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
İncə-incə incələdin xalları,
Seyrə çıxdım yamacları, yalları,
Bircə anda,
Qət etmişdim bir ömürlük yolları,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Sonaları sonalandı könlümün,
Hər yonqarı yonalandı könlümün,
Eşqi bir-bir sanalandı könlümün,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Bu havanın korun-korun, içi var,
Məndən-mənə, qayıdışı, köçü var,
Sinəmaltda, körüklənən peçi var,
"Dilqəmi" çal, Aşıq Əli, "Dilqəmi".
Qayıtdım
Bu danın dan üzü, elə söküldü,
Qərib cığırların,
şehində üşüyən izə qayıtdım.
Sinəmdə qalanıb körük çəkilən,
Bir korun ocağa, közə qayıtdım.
Çal qayalarında,
səsim kəsik-kəsik sırğalanardı,
Boynunda, tək güldə yırğalanardı,
Eşqim, yeni-yeni, sarğılanardı,
Hardasa, bir nimdaş sözə qayıtdım.
Ağrıdı yurd yerim, əsir yerlərim,
Kökaltı yerlərim, kəsir yerlərim,
Hələ də gözənmir kəsik yerlərim,
Yenə safdırdılar,
Yarama basmağa, duza qayıtdım.
Bizlərdən o yana yol görünmədi,
Qalıb şeytan əldə, yal görünmədi,
Canda da, bir təpər, hal görünmədi,
İkiəlli başla, dizə qayıtdım.
Çiçək incik düşdü, gül incik düşdü,
Qapandı umuda, əl incik düşdü,
Neçə şəhidlərin ocaq başında,
Ağıya tutulmuş, dil incik düşdü,
Nə var, təzələndi, özə qayıtdım.
Arzular elə bil şüşə içində,
Az qalır partlasın Şuşa içimdə,
Dönüb selə-suya, yaşa, içimdə,
Enişə qayıtdım, düzə qayıtdım.
Zaman nəhənglərin kölgəsi kimi,
"Ölkələr üç-beşin ölkəsi kimi",
Tək ayaqaltısı, bölgəsi kimi,
İnsanlar gözgörə,
düşmən ovqatında üzə qayıtdı.
Bu danın dan üzü, elə söküldü,
Qərib cığırların,
şehində üşüyən izə qayıtdım.
Sinəmdə qalanıb, körük çəkilən,
Bir korun ocağa, közə qayıtdım.
Yayın istisi
Yayın istisi,
sanki,
kif basmış arxivlərin
saralmış, qat kəsmiş,
yazılmış kitabları, vərəqləridi,
tozu-torpağından nəfəsim tıncıxır,
səsim tıncıxır.
Başımın üstündə, gündöyənin altında
quşlar da karıxıb, sərin yer gəzir,
kölgəlik gəzir,
dəstəbədəstəsi, dəsi tıncıxır.
Ağacın qolları yanında,
əsgər sıralarının farağat komandası kimi,
yarpaqların qulağı sallanır
sanki küləyə qəzəbli, mehə qəzəbli,
Günəşin gedişinə, qrubuna mutlu.
İçimdə çat verib yolun doqqazı,
Ağrım əzablı, acım əzablı.
Canım,
aşacağına, dikinə mutlu.
Qınaman,
mən özüm, öz səmamda
bulud kimiyəm, duman kimiyəm,
elə, leysan yağışa, suya dönürəm,
bir az gecələrim upuzun çəkir,
yaxşı ki,
Ayında aylanıb aya dönürəm,
Yaxşı ki, dan üzünə bağlıyam,
Dartılmış bir oxa, yaya dönürəm.
Danüzüm,
Ölümqabağı deyil...
Digər Xəbərlər

“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

"Yaxın gələcəkdə yazıçılara mənzil verilməyəcək" - Anar

Dahi fizik, riyaziyyatçı, astronom, filosof şair: Yaddaşlarda yaşayan "alkaş"
