21 May 2025 10:08
224
ƏDƏBİYYAT

BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS

Azərbaycan Milli Elmlər Akademiyası və Mahmud Kaşğari adına Beynəlxalq Fondun birgə  təşkilatçılığı ilə may ayının 17-19-da  Şəki şəhərində unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının  100 illiyinə həsr olunmuş konfrans keçirildi. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, Şəki şəhər İcra Hakimiyyətinin rəsmiləri, Türkiyənin  və türkdilli ölkələrin Azərbaycandakı səfirləri, “TÜRKPA, TÜRKSOY” və Türk Mədəni İrsi Fondu və digər təşkilatların nümayəndələri, Milli Məclisin bir neçə deputatı, elm adamları, ziyalılar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli liderin abidəsinə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını  bildiriblər. Konfransın iştirakçıları tədbirin birinci günü Xalq şairi Bəxtiyar Vahabzadənin şəhərin mərkəzindəki  parkın ərazisindəki  büstünün önünə gəlib, oraya gül dəstələri düzüblər.  Sonra qonaqlar şairin ev muzeyini ziyarət ediblər.  Tədbir iştirakçıları sonra konfransın keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar və  konfrans Heydər Əliyev Mərkəzində işinə başlayıb.  Konfransı giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov çıxış edərək  Prezident İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin  100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Şəki şəhərində silsilə tədbirlərin keçirildiyini bildirib. Elxan Usubov dedi  ki, böyük  söz ustadı Bəxtiyar Vahabzadə özündən əvvəl 100 illər boyu formalaşmış yüksək milli-mənəvi dəyərlərimizin  qorunması və yaşadılması naminə gözəl əsərlər yaradıb. O, çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Bəxtiyar Vahabzadə özündən əvvəlki böyük ədib və şairlərin işlərini uğurla davam etdirib. İcra Başçısı çıxışında Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısındakı  xidmətlərindən danışıb, onun əsərlərinin daim elmi ictimaiyyət tərəfindən  maraqla qarşılandığını vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, Akademik İsa Həbibbəyli Şəkinin Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına  böyük  şəxsiyyətlər bəxş etdiyini bildirib. Vurğulayıb ki, bu gün Azərbaycanın böyük mütəfəkkir şairi Bəxtiyar Vahabzadənin yubileyini qeyd edərkən  Ölkəmizdə  ədəbiyyat, mədəniyyət, ictimai fikir üçün böyük ənənələr yaratmış əslən şəkili olan Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Emin Sabitoğlu, Şirməmməd Hüseynov və onlarla başqalarını xatırlamağı özümüzə borc bilirik. 

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti dedi ki, Bəxtiyar Vahabzadə ədəbiyyata çox səlist, Şəkinin havası qədər təmiz, bulaqları qədər saf  lirik şeirlərlə gəlib. Onun 50 ildən artıq davam edən yaradıcılığı Azərbaycan xalqının milli-mənəvi özünüdərkinə, azərbaycançılıq ideyalarına, xalqımızın azadlığına, bütövlüyünə, milli istiqlalına və türk dünyasının  birliyi uğrunda  mübarizəyə həsr olunub. Şairin ədəbiyyatımızda milli düşüncəsi azərbaycançılıq ideyalarından inkişaf edərək ümumtürk düşüncəsi səviyyəsinə qaldırılıb. Buna görədir ki,  dünyanın böyük sənətkarlarından biri olan Çingiz Ayıtmatov Bəxtiyar Vahabzadəni milli təfəkkürə malik olan mütəfəkkir şair kimi yüksək qiymətləndirib.

Milli Məclisin deputatı, Mahmud Kaşğarı adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev geniş və əhatəli məruzəsində Bəxtiyar Vahabzadənin Azərbaycanın, eləcə də bütün türk dünyasının ən sevimli, bəxtiyar şairlərindən biri olduğunu bildirdi. O, vurğuladı ki, Bəxtiyar Vahabzadə öz yaradıcılığı, düşüncəsi ilə milyonlarla insanın qəlbinə yol tapa bilib, onların ürəyində özünə məhəbbət, sevgi qazanıb.

Konfrasda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında dedi ki,  Bəxtiyar Vahabzadə sadəcə Azərbaycan xalqının deyil, eyni zamanda bütün türk dünyasının qəlbində özünə yer etmiş, əsərləri, şeirləri, düşüncələri ilə millətimizin müştərək hafizəsində silinməz izlər buraxmış böyük bir şairdir. Onun şeirlərində vətən, millət, hürriyyət, insan haqları və milli kimlik məsələləri həmişə önə çəkilib.

Qazaxıstanın ölkəmizdəki səfiri, Alim  Bayel  bildirdi ki, Bəxtiyar Vahabzadənin yaradıcılığında milli ruh, insanlıq dəyərləri, azadlıq ideyaları, vətənpərvərlik, tarixə və soykökünə bağlılıq daim ön planda olub. O, təkcə bir şair olaraq deyil, vətəndaşlıq mövqeyinə sahib olan bir insan kimi də yaddaşımızda dərin iz qoyub.

Konfransda Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Millət vəkili Musa Quliyev, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti  Aktoti  Raimkulova, “TÜRKSOY”un Baş katibi, Qazaxıstan Respublikasının Xalq yazıçısı Sultan  Raev,  AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, “TÜRKPA”nın Baş katibi Mehmet Süreyya Er, Qırğızıstan Respublikasının ölkəmizdəki səfiri Maksad Mamitkanov, Şimali Kıbrıs Türk Cümhuriyyətinin təmsilçisi  Ufuk  Turqaner çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar.

Bəxtiyar Vahabzadənin qızı Gülzar Vahabzadə çıxış edərək konfransın təşkilatçılarına və konfrans iştirakçılarına ailəsi adından təşəkkürünü bildirib.

Tədbir çərçivəsində “TÜRKSOY”un Baş katibi Sultan Raevə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri professoru titulu və Kaşğari medalı təqdim olunub. 

Günün ikinci yarısında Bəxtiyar Vahabzadəyə həsr olunan sənədli filmin təqdimatı olub və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert  proqramı ilə  konfrans iştirakçıları qarşısında çıxış ediblər. 

Konfrans mayın 19-da öz işini davam etdirib. Həmi gün qonaqlar Azərbaycan Dövlət Pedaqoji Universiteti  Şəki filialının iclas zalında toplaşıblar. Burada zala toplaşanların əksəriyyəti tələbələr idi. Toplantıda AMEA-nın Prezidenti, akademik  İsa Həbibbəylinin, Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyevin, Azərbaycan Yazıçılar Birliyi Şəki Regional Bölməsinin sədri, Azərbaycan  Dövlət Pedaqoji Universiteti Şəki filialının Baş müəllimi, tanınmış şair Vaqif  Aslan,  həmin  filialda kafedra müdiri işləyən Tarix üzrə Fəlsəfə doktoru Vüsal Baxışov, yenə həmin filialın Baş müəllimi Həbillah Manaflı, Türkiyənin  və türkdilli dövlətlərin səfirləri çıxış edərək Bəxtiyar Vahabzadənin ədəbi-bədii, ictimai-siyasi və elmi fəaliyyətindən danışdılar. Toplantıda bir daha qeyd edildi ki, Xalq şairi  Bəxtiyar Vahabzadə öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına çox böyük xidmətlər göstərib.  Şairin mübariz qələmi bütün dövrlərd olan  saf məsləkə və dəyişməz əqidəsinə xidmət edib. Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün türk dünyası milli mentalitetinin simvoludur və  o, ən qüdrətli söz ustadlarında biridir. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə və türkdilli ölkələrdə də sevilə-sevilə oxunur.  

 

 

Nağıbəyov  Məmmədtağıbəy

Bakı Dövlət Universiteti

 Jurnalistika fakultəsinin tələbəsi