19 Yanvar 2019 00:25
32291
ƏDƏBİYYAT

Əvəz Mahmud Lələdağ

O gecə

I
Qanlı yanvar günü 90cı il,
Qalıb taleyimin qan yaddaşında.
Özüm necə idim yadımda deyil,
Üst-başı qan idi adi daşın da.

O gecə durmuşdu yol ayrıcında,
Ölüm həyat ilə, hicran vüsalla.
Qolları sınmışdı ağacların da,
Bənizi qaçmışdı onların, Allah.

O gecə yağırdı güllə yağışı,
Elə bil dünyanın sonu çatmışdı.
O gecə günahsız xalqıma qarşı,
Qəddarlıq artmışdı, sitəm artmışdı.

O gecə bulaqlar qan ağladılar,
Quşlar səksəkədən yata bilmədi.
O gecə atları çıdarladılar,
Yolçu mənzilinə çata bilmədi.

Mənim şirin yuxum ərşə çəkildi,
Ulduzlar söndülər baxışlarımda.
Başıma od yağdı, alov töküldü,
Dondu gözlərimdə göz yaşlarım da.

Mənə bu dünyada can deyil əziz,
Gözümdə əridi dağlar, təpələr.
O gecə susmuşdu hayqıran dəniz,
Sahildən küsmüşdü şıltaq ləpələr.

Bakı qan gölünə dönmüşdü gecə,
Neçə qız batmışdı, ana batmışdı.
O fidan gülləri əzən cəlladın,
Yırtıcı caynağı qana batmışdı.

Bir nifrət duası oxuyam gərək,
Gündoğan, günbatan duysun səsimi.
Qansıza kəfənlik toxuyam gərək,
Qoydu gözlərimdə o, həvəsimi.

O gecə oyandı içimdə qeyrət,
O gecə açıldı ağzımda dilim.
Məndən inciməsin ana təbiət,
Qana qan gərəkdi, ölümə ölüm.

Qanın yerdə qalmaz, igid qardaşım,
Qəbrin nurla dolsun, ağbirçək ana.
Mənim şəhid bacım, şəhid qardaşım,
Siz vüqar oldunuz Azərbaycan.

II
Yad etdikcə o dəhşətli,
Qan-qan deyən gecəni mən.
Qara qanlar axır mənim,
Kədər dolu ürəyimdən.

Kaş o gecə gəlməyəydi,
Nahaq qanlar axmayaydı.
Kaş o gecə qonşu qızı,
Evdən çölə çıxmayaydı.
Aman Allah, həmin gecə,
Tale bizdən yanan əydi.
Mətbəxdəki günahsıza,
Sinəsindən güllə dəydi.

Tanklar, toplar nərildədi,
Yerdən göyə alov qalxdı.
Tüfənglərin təpəsindən,
Cansıxıcı tüstü çıxdı.

Qulaq batdı silahların,
Tükürpədən nərəsindən.
Nahaq qanlar axıdıldı,
Qan gölünə düşdü Vətən!

Viran qalsın yağıların,
Dəbdəbəli yurdlarının.
Qan tökdülər, artırdılar,
El-obanın dərdlərini.

Çəkmək olmur dərd yükünü,
Axmayaydı bu qan gərək.
Dərd yükünü çəkməyədə,
Çəkə bilən sağ can gərək.

Bu torpağın sinəsində
Şırımlanan şırıma bax.
Dağ üstündən dağ çəkildi,
Cadar-cadar oldu torpaq.

Anaların vay səsindən,
Göyə qalxdı yerin ahı.
Bu amansız faciəni,
Görəmmədi göy Allahı.

III
Döydü qapıları qara bəd xəbər,
Gəlib çiynimizdən asıldı kədər.
Ərlərə yasxana düzəltsin bəşər,
Torpaq layla çalsın, göylər ağlasın,
Təbiət başına qara bağlasın.

Ilahi, dərd olmaz axı bu qədər,
Gör neçə ömürü etdilər hədər.
Hər biri bir oğul, bir igid, bir ər,
Mənim bu günümə ellər ağlasın.
Təbiət başına qara bağlasın.

Bu qaboy səsindən dəli olmuşam,
Tərpədməyin bulud kimi dolmuşam.
Ağlamaqdan gör nə günə qalmışam,
Indi də qoy bir az çöllər ağlasın.
Təbiət başına qara bağlasın.

Kömək et xudaya, biz də gün görək,
Bu qədər sitəmə dözəmmir ürək.
Nə qanlar eylədi bu qanlı fələk,
Çaylar matəm tutsun, sellər ağlasın.
Təbiət başına qara bağlasın.

Yetmədim babanın haray səsinə,
Yetmədim nənəmin son nəfəsinə.
Sağalmaz dağ gördüm, dağlandı sinə,
Çiçəklər ağlasın, güllər ağlasın,
Təbiət başına qara bağlasın.

IV
Yuxuma daş atdı o müdhiş gecə,
Yerimə qor doldu, yata bilmədim.
Həsrət qaldım şirin sözə, sevincə,
Cəhd elədim dərdi ata bilmədim.

Aman Allah, kimdən keçdi bu qarğış,
Dağda boran, düzdə tufan, çöldə qış.
Mən piyada, namərd atlı, yol yoxuş,
Çarıq yırtdım, ona çata bilmədim.

Parçalandı odlu mərmi ərləri,
Güllə seli yerə sərdi nərləri.
Şırımlandı "dəmir atlar" yolları,
Düşmənimə bir daş ata bilmədim.

Qəm içimdə pöhrələndi, boy atdı,
Qənim dərdim təzə deyil, boyatdı.
Yağı gecə körpələri oyatdı,
Namərdləri oda ata bilmədim.

Ana Vətən, dağ üstə dağ çəkildi,
O talançı, quduz "hissə" çəkildi.
Yurdumuzdan kədər qüssə çəkildi,
Nə sirr idi, vallah, ata, bilmədim.

Qoruyaq

Gözəllik ondusa, doqquzu dondu,
Qız gözəl görünər qız libasında.
Elin adətindən qaçma, amandı,
Millət şərəflənər öz libasında.

Natavan xanıma yaxşı-yaxşı bax,
Heç vədə can atma özgə vərdişə.
Yanağın qızıl gül, gözün çılçıraq,
Gülün ləçəyinə qoyma xar düşə!

Üzün də qəşəngdir, qaş da qəşəngdir,
Ağ bədən çiçəyə, gülə bürünər.
Gərdənə tökülən, saç da qəşəngdir,
Hörüklər gözümdə, sahmara dönər.

Gətir göz önünə tovuz quşunu,
Onu gözəl edir əlvan lələklər.
Qanad-quyruğunu yonsalar onun,
Utanar, o səmtə əsməz küləklər.

Kişini mərd edər kişi paltarı,
Qadın öz donunda əla görünər.
Bu gün qorumasaq namusu, arı,
Sabah varlığımız qəmə bürünər.

Zaman bəd zamandı, özgələşməyək,
Çiçəyi qoruyaq, gülü qoruyaq.
Elin adətindən ayrı düşməyək,
Milli əmanəti dili qoruyaq.

Niyə

Niyə ucuzlaşır abır-həyamız,
Ədəb-ərkənimiz tez atdan düşür.
Niyə özgələşir gələn nəslimiz,
Adət ən-ənənəmiz urvatdan düşür.

Böyüklük-kiçiklik əriyib çoxdan,
Ağsaqqal-ağbirçək sayan qalmayıb.
Ayıra bilmirik haqqı-nahaqdan,
Düzü qəlibinə qoyan qalmayıb.

Bir soruşan yoxdu, hara gedirik,
Hamı "mənəm" deyir, hamı "mən" deyir.
Savabı günahdan seçə bilmirik,
Indi insanları canavar yeyir.

Yaxşını yamandan, xeyiri-şərdən,
Halalı-haramdan seçənə alqış!
Əyri başa keçir, düz düzdə qalır,
El üçün canından keçənə alqış!

Oğul atasını, qız anasını,
Arvad yaşadığı əri bəyənmir.
Zirvə qartalını, göl sonasını,
Ilan süründüyü yeri bəyənmir.

Günəş yer üzünün parlaq nurudur,
Günəşdən nur alır, nurlanır gül də.
Xəzan yeli əsir gülü qurudur,
Yanıb külə dönür çəmən də, çöldə.

Bilinmir çörəyin qədir-qiyməti,
Hər şey tərsinədir indi büsbütün.
Ayaq başa keçir, baş ayaq olur,
Həqiqət yolları çəndi, büsbütün.

Biqeyrət uf deməz, dünya dağılsın,
O, bilməz müqəddəs ar-namus nədi.
Gündə yüzü batsın, yüzü boğulsun,
Haqqı sübut etmək bir qərinədi.

Niyə ucuzlaşır abır həyamız,
Ədəb ərkənimiz tez atdan düşür.
Niyə özgələşir gələn nəslimiz.
Adət ən-ənəmiz urvatdan düşür.

Gəlmədin

Gözlərim yoldadı, qulağım səsdə,
Qaldım tikan üstə bala, gəlmədin.
Hicrinə dözməyib olmuşam xəstə,
Ayları əritdin, ilə gəlmədin.

Mən sənə çox dedim-ayrılma yurddan,
Saldıra bilmərəm qoyunu qurddan.
Yüz dəfə keçsək də alovdan, oddan,
Haqqın göstərdiyi yola gəlmədin.

Bəlkə sənə çatmır səsim, sorağım,
Nə vaxt sağalacaq bu sinə dağım.
Yandı, külə döndü gülüzlü bağım,
Xar düşdü ləçəyə, gülə, gəlmədin.

Səndən nə gizlədim, düşmüşəm haldan,
Işıq gözdən gedib, gücüm də qoldan.
Gəl bala, baxışım yığılsın yoldan,
Əvəz də gözlədi, hələ gəlmədin.

Mənim

Bu il yenə gələmmədim qoynuna,
Əl çəkmir yaxamdan bu qürbət mənim.
Nə yazı bilinir, nədəki qışı,
Çəkilmir yolumdan biqeyrət mənim.

Görünmür çəmənin bahar libası,
Səngimir elimin kədəri, yası.
Məndən qaçaq düşüb dağın havası,
Gəlmir qənşərimə bir afət mənim.

Açılmır bəxtimin bağlanmış yolu,
Qırılmır zalımın namərddən qolu.
Dünya şərəfsizlə, nakəslə dolu,
Çıxır ürcahıma min sifət mənim.

Ilahi, bilmirəm nədir günahım,
Dağları, daşları əridir ahım.
Özün yet dadıma, ey Qibləgahım,
Açılsın boynumdan bu kəmənd mənim.

Qəriblik qocaltdı şair Əvəzi,
Hicran qurda dönüb yeyir Əvəzi.
Ahıllıq həvəslə əyir Əvəzi,
Yaxın həmdəmimdir sırtıq dərd mənim.