adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Iyun 2016 09:40
7746
ƏDƏBİYYAT

Eşq və şərin şərabı

Ueda AKİNARİ
(1734-1809 ) - Yaponiya

Şükür ŞƏNOL-un
tərcüməsində

(əvvəli ötən şənbə saylarımızda)

Manaqoya həm rəhmi gələn, həm də ondan şübhələnən Toyoo bir söz demədi. Lakin Manaqonun hekayəsi çox şeyə aydınlıq gətirdi və o, indi ğözəl göründüyü qədər də müdafiəyə ehtiyac duyurdu. Kanetada və xanımı heç bir tərəddüd etmədən dedilər: "Toyoo burda kim bilir hansı qorxudan, ovsundan danışdı; bu, ağılabatan deyil, belə olmayıb və ola da bilməzdi. Yalnız sevən ürəyinizin hökmüylə bu uzun yolu qət etməyiniz də yetər! Artıq, Toyoo istədi, istəmədi, siz bizim evdə qalacaqsınız". Və onlar Manaqoya bu evdə qalmaq üçün ayrıca otaq verdilər.
Aradan bir, iki gün keçdi. Manaqodan nəvaziş və iltifat görən Kanetada və xanımı Toyoo ilə münasiətlərinin nizamlanması üçün bu qadına yardım etmək fikrinə düşdülər. Manaqonun hiss və duyğularının təsiri altında ər-arvad Toyoonu yola gətirmək üçün dilə tutdular və axır ki, nigah mərasimi keçirildi. Bu son günlərdə Toyoo qəlbən ona bağlanmışdı, Manaqonun məlahət və gözəlliyi onu məftun etmişdi. Nigah mərasimində bu cütlük bir-bitinə sədaqət andı içəndə Xase məbədinin sübh zəngləri onların heç ürəyincə olmadı; bu zənglər gecə boyu Katsuraqi və Takama dağlarının qayalarına çökən tutqun, ağır buludları qovub uzaqlara aparmalıydı. Toyoo və Manaqo ona təəssüflənirdilər ki, gün uzun çəkəcək, onların ilk dəfə bərabər bir yatağa uzanacaqları an da gec yetişəcək.
Zaman, gün keçdi və mart ayı gəldi. Kanetada Toyoo və Manaqoya dedi: "Yosinonun ( müasir Nara prefekturasının mərkəzi hissəsindəki yer adı, çox qədimlərdən gilənar bağcaları ilə məşhurdur ) indi ən gözəl cağlarıdı. Paytaxtda bu heç vaxt mümkün deyil, oralarda yaşamaq bir özgədi, nəinki bizim yerlərdə. Yazda həqiqətən Yosino xoşbəxtlik vadisi olur. Mifune dağı və Natsumi çayı ilə bütün ili xoş keçirmək olar, heç vaxt darıxıb təngə gəlməzsən. Lakin indi o yerlər daha gözəldi, yığışın, gedək ora!"
Üzündə təbəssüm və sevinc gələn Manaqo dedi: "Hətta paytaxt sakinləri təəssüflənirlər ki, Yosinonun gözəllikləri kimi mənzərələrə baxıb zövq almaq, fərəhlənmək onların qismətinə yazılmayıb. "Manyosyu"da ( VIII əsr lirik əsərlər antalogiyasındakı əfsanələr ) deyildiyi kimi həqiqətpərəst insanlar o yerlərə çox təriflər yağdırıblar. Lakin mən uşaqlıq illərindən tünlük olan yerdə, yaxud da uzaq yol gedəndə daimə ağır xəstələnərdim, o üzdən mən siznən gedə bilmərəm. Siz səfərinizdən qalmayın, amma qayıdanda mənə hədiyyə almağı unutmayın". - "Yəqin, sən ona görə xəstələnirsən ki, piyada çox tez yorulursan, - Kanetada dedi. - Faytonumuz olmasa da biz sənin qayğına qalarıq, yolu dincələ-dincələ gedərsən. Axı, sən getməsən, Toyoo da sənsiz darıxıb narahat olacaq". Toyoo da dilləndi: "Hamı sənə qarşı çox xeyirxahdı, biznən getsən yaxşıdı, xəstələnməyi ağlına belə gətirmə". Və Manaqo da hamı ilə bir yerdə bu səfərin yolçusu oldu. Yosinoda bütün insanların əynində bahalı, bər-bəzəkli paltarlar vardı, amma heç bir qadın Manaqo qədər gözəl və cazibədar deyildi.
Onlar Kanetadanın uzun illərdən bəri dostluq münasibətləri saxladığı monastırı ziyarət etdilər. Baş rahib onları çox xoş qarşıladı. "Bu yaz siz çox gec gəldiniz, - dedi o. - Gülün,çiçəyin açdığı, bülbüllərin oxuduğu xeyli vaxtdı. Buna baxmayaraq yenə də gözəl mənzərələrin şahidi olacasınız". Sonra o, uzun yol gələn qonaqları şam yeməyinə dəvət etdi.
Sübh tezdən hava tutqun, dumanlı olsa da sonra göyün üzü açıldı. Yüksəklikdə yerləşən məbəddən ətrafda asketlərə məxsus evlər aydın görünürdü. Saf və təmiz havada dağdakı quşcuğazların civiltisi, güllü yamaclar, çiçəkli çəmənliklər göz, könül oxşayırdı. Bu mənzərə qonaqları fərəhləndirir, yerli camaata qürur verirdi. Yosinya ilk dəfə gələnlərə hər şeydən əvvəl şəlaləni göstərərdilər. Kanetada və Toyoo xanımı ilə bələdçilər də yanlarında ora yollandılar. Onlar dərələrdən, təpələrdən keçib bir xeyli uzun yol getdilər. Gurultulu səslərlə zirvədən sərt qayaların üstünə tökülən şəlalənin yanında köhnə, uçuq taxta saray vardı. Göz yaşı kimi şəffaf suyun axınına qarşı xırda qızıl balıqlar sayrışa-sayrışa üzürdü. Bu xoş mənzərənin sevgisinə qapılan səyahətçilər bağlamalarını açıb götürdükləri yeyəcəklərdən dadır və şirin xəyallara dalırdılar.
Bu vaxt yuxarılara qalxan dağ cığırında bir adam göründü. Bu, saçı-saqqalı ay işığı qədər bəyaz olan əzəmətli bir qoca idi. O, şəlaləyə yaxınlaşdı, səyahətə gələnləri görüb dayandı, təəccüb içində onlara baxdı. O anda Manaqo və Maroya arxalarını ona tərəf çevirib özlərini görməməzliyə vurdular. Qoca bir xeyli onlara baxdı və gileyləndi: "Çox qəribədi, bu qulyabanılar insanları nəyə görə axmaq yerinə qoyurlar?" Qoca bunu deməmişdi ki, Manaqo və Maroya sıcrayıb cəld özlərini şəlaləyə atdılar. Sular qaynadı və buğlana-buğlana göyə bülənd oldu. Göyün üzünə mürəkkəb kimi qara bulud gəldi və şıdırğı yağış tökdü.
Qoca vahiməyə düşən ətrafdakı insanları yanına alıb kəndə apardı. Bu bəladan canını güclə qurtaran Toyoo və Kanetada öz xanımıyla bir kasıb daxmaya sığındılar. Toyooya müraciət edən qoca dedi: "Rənginnən-rufunnan görürəm ki, o qulyabanı səni üzüb əldən salıb, mən olmasaydım sən qeyb olacaqdın. Bundan sonra ehtiyatlı ol". Səcdə edən Toyoo bütün başına gələnləri danışdı və yazıqcasına xahiş etdi: "Məni bu bəladan xilas edin!"
Qoca dedi: "O qulyabanı çox qədim əfsanələrdəki bir ilandı ( yapon xalqının inancına görə şər qüvvələri təmsil edir ). O, əxlaqsız və pozğundu: öküznən bir araya gəlib dünyaya təkbuynuzlu gətirir, ayğırnan əlaqəyə girib atbaşlı ilan törəyir. Əminəm ki, əgər özünü qoruya bilməsən, o, sənin həyat badəni içəcək".
Toyoo, Kanetada və xanımı elə bildilər ki, bu qoca, adam cilidində olan tanrılardan biridir və dua üçün onun ayaqlarına sərildilər. Amma qoca gülümsəyib dedi: "Mən tanrı deyiləm. Mən yalnız Yamato məbədində oturan qoca Kibito Taqimayam. İndi gedəyin sizi evinizə ötürüm". Və onlar qocanın yanına düşüb getdilər.
Ertəsi gün Toyoo Yamato məbədinə yollandı. O, qocanı izzəti-şərəflə salamladı və gətirdiyi hədiyyələri ona verdi: üç dəst ipək, iki dəst kətan parça. Və qocadan bəd, şər qüvvəni ondan uzaqlaşdırmasını fağırcasına xahiş etdi. Hədiyyələri qəbul edən qoca özünə heç nə saxlamayıb məbəd xidmətçilərinə payladı. Sonra Toyooya dedi: "Sən öz gözəlliyinlə onu ehtirasa gətirmisən, ona görə də qarabaqara səni izləyir. Lakin sənin ürəyin də sakit deyil, çünki sən onun gözəlliyinin əsirisən. Əgər, sən ruhən möhkəm olsan, sakitlik tapacaqsan. Sənə mənim köməyim də lazım olmayacaq. Bu qulyabanılardan yaxanı qurtarmaq üçün iradəli olmağın yetər. Çalış onun surətin ürəyindən çıxart, qov". Qocanın tövsiyəsini dinləyən Toyoo sanki dərin yuxudan ayıldı, ona təşəkkürünü bildirib Kanetadanın yanına qayıtdı və dedi: "Mənim qulyabanıların əsiri olmağım ruhi zəifliyimdən irəli gəlir. Artıq mən heç nəyə məhəl qoymadan atamın, qardaşımın qazancına şərik ola bilmərəm. Bu, onlara qarşı sayğısızlıqdı. Baxmayaraq ki, sizin xeyirxahlığınız həqiqətən mənə qarşı sonsuzdu, mən bu evi tərk etməliyəm. Mənim də öz qazancım, evim olmalıdı". Və o, Kii vilayətindəki evə döndü.
Toyoonun bu hekayətin dinləyən atası, anası və Taro xanımıyla əmin oldular ki, o, heç nədə günahkar deyil. Toyooya onların yazığı gəlirdi, qulyabanıların isə ondan əl çəkməməsi onları qorxu içində saxlayırdı. Onların fikrincə, bütün bunlar ona görə baş verirdi ki, Toyoo subay qalıb. Və onlar sözü bir yerə qoyub Toyoonu evləndirmək fikrinə düşdülər. Bu barədə Siba kəndində Soyodzi Sibano adında bir nəfərə xəbər göndərdilər . Onun sarayda xidmətçilik edən bir qızı vardı. Bu qızın xidmət vaxtının tamamına da az qalırdı. Soyodzi quda olacağı Oyayaya xəbər çatdırdı ki, Toyoonu yeznəsi kimi görmək çox xoşdu və bu xeyir işə razıdırlar.
Paytaxta adam yollayıb bu şad xəbəri Tomikoya da çatdırdılar. O, evə böyük sevinc içində qayıtdı. Nigah mərasimi hər iki tərəfin iştirakı ilə təm-təraqlı keçdi. Tomiko sarayda bir neçə il xidmət etdiyinə görə, nəzakətli rəvtarı ilə diqqət çəkirdi və özü də cazibədar, qəşəng idi. İlk görüşdən sonra Toyoo hər mənada ondan razı qaldı, insan cilidinə girən ilan yadına da düşmədi. Brinci gecə xoşagəlməz heç nə baş vermədi, o barədə başqa nəsə danışmağa da dəyməz.
Elə ki, ikinci gecə gəldi, Toyoo dəyişdi, xeyli içib əməlli-başlı kefləndi, arvadını acıqlandırmaq həvəsinə düşdü: "Hə, paytaxt həyatından sonra bu kənd-kəsək səndə heç ikrah doğurmadımı? Fikirləşmə ki, heç nə bilmirəm, sən utanmaz və həyasızsan! Kim bilir sarayda şahzadə və knyazlarla nə qədər bir yataqda olmusan!" Birdən Tomiko onun gözlərinin içinə baxıb dedi: "Yox, vicdansız sənsən! Sən öz andını unutdun və kifirin, çirkinin biriylə sevişirsən!" Bu, şübhə yox ki, Manaqonun səsiydi, yanında olan o idi, yeni bir ciliddə. Toyoo quruyub qaldı, meyit rəngi aldı, tükləri biz-biz oldu, dili-ağzı bağlandı. Tomiko gülə-gülə deyirdi: "Təəccüblənmə mənim ərim! Sən çox tez o dağların, dənizlərin önündə verdiyin vədi unutdun. Amma mən heç unutmadım və yenə də sənin yanındayam. Və əgər sən onun, bunun sözünə qulaq asıb məndən uzaq durmaq istəsən, mənim qisasım amansız olacaq. Kidzi dağları ucadı, amma sənin qanın onun qayalarında üzüaşağı vadilərə axacaq. Bir sözlə sənin ölümün dəhşətli olacaq". Qorxudan əsməcə tutan Toyoo indi fikrində həyatla vidalaşırdı. Bu arada pərdə arxasından çıxan Maroya dedi: " Ağam mənim, sizə nə oldu? Niyə siz öz xoşbəxtliyinizə sevinmirsiniz?" Onu da görən Toyoo tam heydən düşdü, gözlərini qapadı və üzüüstə döşəməyə sərildi. Nə dilə tutmağın, nə də hədələməyin sanki ona təsiri olmayacaqdı və bu vəziyyətdə ölü kimi hərəkətsiz qaldı.
Səhər yataq otağından çıxıb xəlvətcə Syodzinin yanına qaçdı və böyür-başına göz qoyub gecə olan əhvalatı təfsilatıyla danışdı və pıcıltıyla dedi: " Xahiş edirəm, bir şey fikirləşin, mən bu bəladan necə xilas olum". Bunu eşidən Syodzi və arvadı çox məyus oldular. Özünə gələn Syodzi dedi: "İndi biz nə etməliyik. Dünən burdan bir az aralı yerləşən dağdakı monastıra paytaxtın Kurama məbədindən bir rahib gəlmişdi. O, hər il Kumanoya səcdə etmək üçün gəlir və bizım kənd də onu yaxşı tanıyırlar, adını hörmətlə çəkirlər. Deyilənə görə böyük ruhi gücə sahibdi, bəd, şər qüvvələri qovmaq bacarığıyla da şöhrət tapıb. Onu çağırsaq yaxşı olar". Adam göndərib rahibi evlərinə dəvət etdilər və o da məmnuniyyətlə gəldi. Hadisədən xəbər tutan kimi qürurla dedi: "Bu mənim əlimdə heç nədi. Amma xahiş edirəm səs-küy salmayın". Rahib elə inamla danışdı ki, hamı bir nəfər kimi sakitləşdi.
Rahib böyük qabda suya qırmızı siçan zəhəri tökdü və yataq otağına tərəf getdi. Ətrafdakılar təşviş və qorxu içində, kim hara gəldi gizləndi, amma rahib qorxuya düşənlərə gülüb dedi: "Hara qaçırsınız. Böyük, kiçik - hamınız burda gözləyin. İndi bu ilanı tutub sizə də göstərərəm!" O, qapını açmaq istəyirdi ki nəhəng bir ilan başı ona tərəf qalxdı. O, çox böyük idi və vahimə doğururdu. Qapının ağzın tutan ilan - günəş şüaları altında bəmbəyaz qar gözqamaşdıran kimi bərq vururdu. Güzgü kimi parlaq gözləri vardı, buynuzu qurumuş ağacı xatırladırdı, cəhəngləri geniş açılmışdı, qan-qımızı dili vardı. Rahibin işini bitirmək üçün ağzını bir dəfə atması yetərdi. "Lənət sənə, məlun!" - deyib qışqıran rahibin əlindəki köpüklənmiş zəhərli su yerə dağıldı, ayaqları tutuldu, arxası çölə tərəf özünü geri atdı, bir təhər sürünüb evdən çıxdı. "Dəhşətə baxın!" - deyindi o. - Bəla tanrılardan gələndə rahib də aciz qalır. Özümü geri ata bilməsəm, artıq məhv olmuşdum!" Rahib bu sözləri deyib huşunu itirdi. Onu ayıltmaq istəkləri də nəticəsiz qaldı. Onun üzü, bədəni qırmızı,qara ləkələrin içində od tutub yanırdı. Görünür, ilanın zəhərli nəfəsi ona dəydi. Göz qapaqları çətinliklə açılan rahib nəsə deməyə çalışsa da səsi çıxmadı. Onun üstünə dağdan gətirdikləri sərin sudan tökdülər, amma bunun da köməyi olmadı. O öldü.
(ardı gələn
şənbə sayımızda)