“Bizdə sülhün dili var, biz də ədəbiyyat ölkəsiyik” - Ceyhun Musaoğlu
Bu gün Jurnalist Ekspert Mərkəzi (JEM) BMM-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 18 tanınmış yazıçının ingilis dilinə tərcümə olunmuş hekayələrindən ibarət nəşr olunan kitabının təqdimatını keçirib. Adalet.az xəbər verir ki, "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” layihəsi çərçivəsində hazırlanmış "Our stories in your language” kitabının təqdimatında JEM sədri Ceyhun Musaoğlu, həmçinin kitabda hekayələri yer almış yazarlar, QHT rəhbərləri, media kapitanları iştirak edib.
C.Musaoğlu bildirib ki, kitabda yer alan hekayələrin müəllifləri sevilən, seçilən yazıçılarımızdır: "Ədəbi mühit qaynayır, ona görə də biz siyasətdən yox, ədəbiyyatdan yazdıq. Çünki biz jurnalistik. Azərbaycan ədəbiyyatı sürətlə inkişaf edir. Bu inkişafı dünyaya çatdırmalıyıq. AYB-in qurultayında nazir Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan yazıçıları dünyada tanınmır. Bunun da səbəbi dil problemidir. Ədəbiyyat dili sülhün dilidir, biz dünyaya çatdırmaq istəyirik ki, bizdə sülhün dili var, biz də ədəbiyyat ölkəsiyik”.
C.Musaoğlu kitabın çapına görə Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə təşəkkür etdi. Onun sözlərinə görə, Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanan kitabın tərcüməçiləri - Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günya Rəhimova olub. Mətinləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.
JEM sədri layihənin həyata keçirildiyi ərəfədə mətbuatın verdiyi dəstəkdən olduqca razılıq ifadə etdi və hər bir həmkarına təşəkkürünü çatdırdı: "Azərbaycan mətbuatının həmrəyliyi bütün dünyaya nümunə ola biləcək səviyyədədir. Məhz bu həmrəylik cəmiyyətin inkişafında başlıca amildir”.
C.Musaoğlu əlavə edib ki, QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağıdakı müəlliflərin hekayələri əksini tapıb:
1. Musa Quliyev ( Urud) - "Uruda iki səfər”
2. Əgdər Ol - "Kamança”
3. Rəşad Məcid - "10 sentyabr”
4. Səlim Babullaoğlu - "Yağışlı axşamların birində”.
5. Məqsəd Nur - "Ud”
6. Afaq Şıxlı - "Bir insan ömrünün son gecəsi”
7. Şahnaz Kamalova - "Savalan”
8. Kamran Nəzirli - "Ağ ev”
9. Xalid Kazımlı - "Pəncşir aslanı”nın bənzəri”
10. Kənan Hacı - "Boz ilan”
11. Şərif Ağayar - "Anaxanım”
12. Natiq Məmmədli - "Xəlbr”.
13. İlqar Rəsul - "Xərçəng və qırmızı tramvay”
14. Azər Abdulla - "Bazarlıq”
15. Qan Turalı - "Gənc qadının və Şaxta babanın qətli”
16. Fəxri Uğurlu - "Leylinin məcnunluğu”
17. Vüsalə Məmmədova - "Rəngləyən”
18. Nicat Qafuroğlu - "O”
Tədbirdə millət vəkilləri Musa Urud, Adil Əliyev, professor Cahangir Məmmədli və digərləri mövzu ətrafında çıxış etdilər.



Bakı -°C

