adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BİR ŞAİR VAR İDİ

4298 | 2015-01-30 08:32
1. Müasir poeziyamızda özünəməxsus yeri olan və təəssüf ki, bu gün xatırlanmayan, yalnız onu şəxsən tanıyanların qəlbində yaşayan "Məmməd Faiq" imzalı bir şair var idi. Yurdsevərliyi, təəssübkeşliyi, insanpərvərliyi və bənzərsiz poetik üslubu ilə seçilən bu istedadlı şair uzun illər uzaqda yaşasa da, elə bir şeiri, elə bir misrası yoxdur ki, Vətən həsrətiylə yoğrulmasın və onlardan doğma torpağın ətri gəlməsin. Mən onu şəxsən görmüşəm, əlini sıxmışam, lakin bir kəlmə belə kəsməmişəm. Qəribədir, bəzən illərlə təmasda olduğun adamdan ayrılandan sonra, asanlıqla unudursan, heç vaxt xatırlamırsan. Bəzən elə bir insanla rastlaşırsan ki, onunla hətta bir neçə dəqiqəlik görüş belə ömür boyu yadından çıxmır. Ucaboylu, məğrur yerişli idi. Hər şeyə maraqla baxan iri qara gözləri vardı. Simasına yaraşan qısa vurulmuş qıvrım saçlarına dən düşmüşdü. Yumşaq, həlim səslə danışırdı, elə şeiri də yanıqlı, kövrək avazla oxuyardı. O səs indiyədək hafizəmdən silinməyib.
Məmməd Faiqi bir şair kimi qiyabi tanısam da onunla qırx yeddi il bundan əvvəl rastlaşmışam. (Məndə onun "Mənə desələr ki..." adlı şeirlər kitabı çoxdan vardı.) 1968-ci ilin iyun ayı idi. "Yeni Şirvan" rayon qəzetinin nəzdində fəaliyyət göstərən "Gənc sabirçilər" ədəbi məclisinin növbəti yığıncağı yenicə başlamışdı. Otaq həmişəki kimi dolu idi. Bu vaxt açıq qapıda bir nəfər göründü. Qəzetin redaktoru Əkrəm müəllim Hüseynov tez ayağa qalxdı, ona baxıb biz də qalxdıq. "Gəl, Faiq müəllim, gəl", - deyib qabağa yeridi; onlar çox mehriban görüşdülər. Faiq müəllim hamımızla bir-bir əl tutdu. Əkrəm müəllim ona öz yanında yer göstərib: "Bu gün həmyerlimiz şair Məmməd Faiq də qonağımızdır", - dedi. Hiss olunurdu ki, o, əslən şamaxılı olan bizdən yaşlıları yaxşı tanıyır. Ona maraqla baxırdıq. O, artıq tanınmış şair idi, həm də biz gənslərin əlçatmaz sandığımız nəhəng paytaxt şəhərində-- Moskvada yaşayırdı axı! Şeirlər oxunur, hərə öz rəyini bildirirdi. Nəhayət, Əkrəm müəllim, hamını diqqətlə dinləyən şairdən də danışmağı xahiş etdi. M. Faiq hər bir şeir haqqında çox səmimiyyət və qayğı ilə fikir söylədi. Bir azdan o, elə qaynayıb qarışdı ki, elə bil hər gün görüşdüyümüz adam idi.
Məclisdən sonra keçmiş Lenin bağındakı çayxanaya gedərdik, çay süfrəsi arxasında da yenə mövzu dəyişməzdi-söhbət poeziyadan, ədəbi yeniliklərdən gedərdi. Bu dəfə elə oldu. Xatirimdədir, bir dəstə - Süleyman Zərbəliyev, Əmir Rüstəmoğlu, Tahir Ələkbərli, Güləli Rəsul, Əlisa Cəfərov, Zahid Məcidov, Abbasxan Allahverdiyev, Oqtay Şamil, İsgəndər Etibar, qəzetin əməkdaşları -Qürbət Əziz və şairin yaxın qohumu Məmməd Əli Nasir ("Tariyel" pyesinin müəllifi. Bu əsər o zaman Mingəçevir Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulmuşdu.), Tahir Taisoğlu, Şahməmməd Şahməmmədov, Məzahir Süleymanzadə, Arif Musa və s. bağa tərəf gedirdik. Mən onda M. Faiqin küçə boyu köhnə birmərtəbəli evlərə, akasiya ağaclarına, ötüb keçən yaşlı adamlara o zaman hələ mənim dərk edə bilmədiyim qəribə bir heyranlıqla baxdığının, hərdən köks ötürdüyünün şahidi olmuşdum. Çox sonralar yeni kitablarını oxuyanda başa düşdüm ki, şair sanki doğma yurdunda gördükələrini öz yaddaşına köçürməyə çalışırmış ki, Vətəndən uzaqda doğma yerlər üçün darıxanda təsəlli tapsın.
Təxminən bir həftədən sonra "Müəllimlər evi"nin iclas zalında Məmməd Faiqlə rayon ziyalılarının görüşü keçirildi. M.Ə. Nasir onun həyat və yaradıcılığı haqqında geniş danışdı. Yuxarıda adları çəkilən məclis üzvlərindən çıxış edənlər də oldu. Sonda şair yaradıcılıq planlarından danışdı və yeni şeirlərindən bir neçəsini oxudu. Salon sanki ovsunlanmışdı, "Dəvə" şeiri isə hamını təsirləndirmişdi: zəmanə dəyişib, illər boyu kəndin əzablarına dözən dəvə artıq kimsəyə lazım olmadığını başa düşüb göz yaşı axıdır. O, canlı bir obraz yaratmışdı və şeirin özünü də xüsusi bir şövqlə oxuyurdu:

Kəndimizin daşlı küçələriylə
Bir dəvə gedirdi gözləri yaşlı...

M.Faiq əslən indiki Qobustan rayonunun Cəmcəmli kəndindən idi və bu aran kəndində ta qədimdən ötən əsrin ortalarına qədər dəvə hər bir ailənin "çörək ağacı" hesab olunardı. Şair ilk şeirlərini də "Cəmcəmli" imzası ilə yazmışdı. O, növbəti məclisdə də iştirak etdi, sonra bizimlə xudafizləşib ayrıldı. Mən onu bir daha görmədim.
Təəssüflər olsun ki, M. Faiq həmişə diqqətdən kənarda qalıb, çünki sovet dönəmində ədəbi tənqid sahəsində anormal bir münasibət formalaşmışdı: həmişə adı tənqidin "tərif dilindən" düşməyən bir neçə şairin adı hallanardı. Tənqidçilər tutuquşu kimi bir-birinin bəhsinə həmin adları çəkərdilər. Elə istedadlı şairlər vardı ki, hətta kitabları çıxsa da adları çəkilmirdi. (Başucalığı gətirməyən bu ənənə indiyədək davam edir, sadəcə "qiyafəsini" dəyişib.) M. Faiq də belələrindən idi. Onun haqqında heç bir yazıya rast gəlməmişdim. Yalnız "Yaşıl vadi" (Yazıçı", 1986.) kitabının annotasiyasında belə bir qeyd vardı: "Tanınmış şair Məmməd Faiq Moskvada yaşayır. İndiyə qədər onun Azərbaycanda on, Moskvada isə dörd şeir kitabı nəşr olunmuşdur." Vəssalam. Yeganə ümid arxivə qalmışdı. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, dünyasını dəyişmiş sənətkarlarımıza son dərəcə həssalıqla yanaşan, "Arxiv sənədləriylə tanışlıq zamanı bu əvəzsiz şəxsiyyətlərlə sanki həmsöhbət oluram, səslərini eşidirm," - deyən gözəl ziyalımız Maarif Teymura müraciət elədim. O, məni M. Fiqin 5 saylı arxivdə saxlanılan və şairdən nişanə qalan "Mənə desələr ki..." (1963) və "Səninlə və sənsiz" (1965) kitablarının redaktə olunmuş yeganə makina nüxsələriylə tanış elədi. "Mənə desələr ki..." kitabını hörmətli şairimiz İlyas Tapdıq xüsusi qayğı və diqqətlə redaktə eləmişdi. Heyrətimi gizlədə bilmirdim. İlyas müəllim elə misraları çıxartmışdı ki, onlar DTK-nın gözündən çətin yayınardı. "Səninlə və sənsiziz" kitabının redaktoru İsmayıl Soltanın öz xəttiylə yazdığı bir parça kağız isə mənim üçün əsl tapıntı oldu. (Ruhuna min rəhmət!): "Bioqrfik məlumat. Faiq Gülməmməd oğlu Məmmədov 1926-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirmiş və 1954-cü ilə kimi hərbi xidmətdə olmuşdur. Məktəb skamyasından şeirə həvəs bəsləyən Faiqin Moskva mətbuatında bir neçə məqalə və tərcümələri çap olunmuşdur. Kitabını oxuculara təqdim etdiyimiz gənc şair Faiq Moskvada Hüquq və Polioqrafiya İnstitutunu bitirmişdir".
İlyas müəllimə zəng vurmalı oldum. Hal-əhvaldan sonra soruşdum ki, M. Faiqi necə xatırlayırsınız? İlyas müəllim kövrəldi: "Faiq gözəl şair olduğu kimi, həm də gözəl insan və etibarlı dost idi. Onun öz yaşıdlarına və özündən sonra gələnlərə çox böyük təsiri olmuşdu. (İndiyədək bir kimsənin dilə gətirmədiyi bu sözləri ağsaqqal şairimiz dedi. Sağ olsun.) Özünəməxsus dəsti-xətti vardı. Sərbəst şeirə gətirdiyi orijinal formalar, hecada söz oynatmaq bacarığı, geniş dünyagörüşə, hərtərəfli biliyə malik olması onu fərqləndirən cəhətlər idi. Ürəyəyatımlı, ruhu dindirən lirikası vardı. Açıq-aşkar qəzəb ifadə edən "dəlisov misralar"ı xoşuma gəlirdi, təəssüf ki, onları saxlamaq mümkün deyildi. Rus dilini əla bilirdi. Bir müddət "Uşaq və gənclər nəşriyyatının baş redaktoru vəzifəsində işləmişdi, sonra Moskvaya köçdü. "Sovetski pisatel" nəşriyyatında sərbəst tərcüməçi kimi fəaliyyət göstərirdi. Yaxşı dolanırdı, səxavətli adam idi, çoxlu dostları vardı. Moskvaya yolum düşəndə mütləq görüşürdük, Bakıya gələndə isə o, məni görməmiş getməzdi. Bacarıqlı tərcüməçi idi. Onunla hesablaşırdılar. Nəbi Xəzri, Məmməd Araz kimi bir çox şairlərimizin şeirlərinin sətri tərcüməsini Faiq eləmişdi. Heyf, tez ayrıldı bizdən, müstəqil Azərbaycanımızı görmək ona qismət olmadı. Hələ kommunist rejiminin kəshakəs vaxtında o dövrdə görkəmli şairlərimiz Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk kimi M. Faiq də şeirlərinin əksəriyyətində Vətənini azad və müstəqil görmək istəyini bəzən eyhamlarla, bəzən sualaltı mənalarla, nəzən də başqa ölkələrin azadlıq uğrunda apardığı mübarizələri tərənnüm etməklə büruzə verirdi. Əlbəttə, bu, risq və cəsarət tələb edirdi. Dəfninə mən də getmişdim. Belə sənətkarlarımızı xatırlamaq hamımızın borcudur. Qəbri nurla dolsun!"
M.Faiqin dostcanlı olması M.Arazın həyat yoldaşı Gülxanım İbrahimovanın xatirələrində də təsdiqini tapır: "...Yardıcılığından ayrılmaq istəməsə də (M. Araz) məcburən 1978-ci ilin mart ayının əvvəllərində Moskvaya müalicəyə getməli oldu. Moskvada Faiq Cəmcəmli (Məmmədov) onunla tez-tez görüşür və biz də zəng edib Məmmədin halını ondan öyrənirdik. Özü haqqında tez-tez məktublar vasitəsiylə də xəbər verir... və yazırdı ki, Faiq Məmmədov gəlib-gedir yanıma Telefonu 308-62-91-dir. Ona zəng edib xəbər tuta bilərsiniz. Biz günaşırı Faiqdən Məmmədin vəziyyətini xəbər alır və ondan xahiş edirdik ki, onu darıxmağa qoymasın..."
(ardı var)

TƏQVİM / ARXİV