Xalqımızın sevərək qeyd etdiyi və gəlişinə təmtəraqla hazırlaşdığı Novruzun bayram edilməsinə sayılı günlər qalıb. Min illər boyu xalqımızın böyük məhəbbətlə, sevgiylə qoruyub yaşatdığı Novruz ənənələri bu gün də həyatımızın axarına rəngarənglik verir. Bu il bayramla əlaqədar qeyri-iş günləri bir həftə təşkil etdiyindən, insanların asudə vaxtlarını səmərəli keçirmək üçün mədəniyyət ocaqlarına baş çəkmək imkanları da geniş olacaq. Bəs həmin günlərdə mədəniyyət ocaqlarında hansı tədbirlər keçiriləcək?
Bakı Dövlət Sirkində yeni proqramın məşqlərinə başlanıb. Sirkin mətbuat katibi Mahir Hümbətovun sözlərinə görə, martın 16-dan etibarən Bakı Dövlət Sirkində yeni proqram əsasında çıxışlar başlayacaq: "Rusiya Dövlət Sirki böyük bir proqramla Azərbaycanda qonaq olacaq. Rəngarəng proqramın iki saatdan artıq davam etməsi gözlənilir. Proqrama dünya şöhrətli dəniz yırtıcıları attraksionu, qonur ayı və Himalay ayıları, meymunlarla maraqlı nömrələr daxildir. Bundan əlavə, hava nömrələri, akrobatlar, ekariya oyunları deyilən yeni nömrələr bayram proqramında nümayiş olunacaq. Musiqili ekssentriklər, klounlar, güman edirəm ki, tamaşaçıların marağına səbəb olacaq”.
Onu da qeyd edək ki, Bakı Dövlət Sirkində bayram nümayişi martın 16-dan 30-na kimi davam edəcək.
Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə bu il Sarayın səhnəsində respublikanın ən maraqlı və ən geniş Novruz şənliyi olacağını qeyd etdi. Belə ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə 23-24 mart tarixlərində keçirilməsi nəzərdə tutulan şənlik üçün azyaşlı tamaşaçılara ən yeni və maraqlı proqram hazırlanıb. "Kosa və Keçəlin Novruz şərgüzəştləri” adlı konsert proqramında ölkəmizin ən tanınmış uşaq kollektivləri iştirak edəcək. Bundan başqa, hər il olduğu kimi, Novruzun sevilən personajları Kosa və Keçəl, Bahar qızı şənliyin əsas simaları olacaqlar. Konsertdə uşaqlar üçün bir çox başqa sürprizlər də gözlənilir. Tədbir saat 13:00-da başlanır. Biletlərin qiyməti 5 manatdan - 15 manata qədərdir. Biletlər şəhərin kassalarında satılır. Bundan əlavə, bayram günlərində nəinki uşaqlar, həm də böyüklərin asudə vaxtlarını keçirmələri nəzərə alınıb. Belə ki, estradanın ən tanınmış ulduzlarının ifası ilə Sarayda bayram şənliyi keçiriləcək. Həmin konsertin biletlərinin qiyməti isə 15-30 manat arasındadır.
Akademik Milli Dram Teatrında bayram günlərində Loğman Kərimovun quruluşunda "Qaraca qız” tamaşası təqdim olunacaq. Abdulla Şaiqin səhnələşdirməsi əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşa martın 19, 20, 21-də nümayiş olunacaq.
Gənc Tamaşaçılar Teatrı bayrama yeni tamaşa ilə hazırlaşır. Bu, Novruz bayramı ərəfəsində təqdim olunacaq Mikayıl Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında "Kosa ilə Keçəlin Şəngül, Şüngül, Məngül” tamaşasıdır. Məktəblilərin tətil günlərində nümayiş etdiriləcək tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Tamaşa martın 16-dan 23-nə kimi təqdim olunacaq.
Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi də bayramda azyaşlı tamaşaçılarını sevindirmək üçün uşaq tamaşası hazırlayıb. Əməkdar artist İqrar Salamovun quruluşunda hazırlanan "Nağıl” tamaşası məhz Novruz şənliyinə həsr olunub. Bayram tamaşası Azərsun Holding Mədəniyyət Mərkəzində martın 16, 18, 19-da nümayiş etdiriləcək. Teatrın truppa müdiri Azad Məmmədovun sözlərinə görə, tamaşanın ilk premyerası İmişlidə keçirilib.
Sumqayıt Musiqili Dövlət Dram Teatrı bayram günlərində uşaqları sevindirməyə çalışacaq. Belə ki, teatrda Novruzun atributları olan Kosa, Keçəl və Bahar qızının ifasında bayram şənliyi nəzərdə tutulub. Şənlik martın 21, 22, 23-də sumqayıtlılara təqdim olunacaq.
Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, martın 19-dan etibarən bulvarda bayram şənlikləri keçiriləcək: "Bayram münasibətilə səməni, Keçəl, Kosa - Azərbaycan milli ənənəsinə, mədəniyyətinə aid nə varsa, hamısı milli parkda olacaq. Bütün regionlardan bulvara vətəndaşlarımız gələcək. Həm sərgi, həm də satış şəklində tədbirlər həyata keçiriləcək. Azərbaycan xalçaları, musiqi mədəniyyəti nümunələri nümayiş olunacaq. Eləcə də gün ərzində bayram tədbirləri keçiriləcək”.
Bakı Uşaq Teatrı bayram günlərində İçəri Şəhərdə "Bahar güldü, Xan gəldi” meydan tamaşasını nümayiş etdirəcək. Bundan əlavə, bayram günləri teatrın üzvləri şəhərdə toplaşan uşaqlarla şəkil çəkdirib, bayram ab-havası yaradacaqlar. Tamaşa martın 20-dən 24-nə kimi saat 17:00-da nümayiş olunacaq.
Sonda onu da nəzərinizə çatdıraq ki, hər il bayram şənlikləri ilə çıxış edən Abdulla Şaiq adına Kukla Teatrı bayram üçün xüsusi tamaşa hazırlamır. Belə ki, teatr bayramda repertuarında olan tamaşalara müraciət etməklə kifayətlənəcək.
kaspi.az
Digər Xəbərlər

Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya çıxdı - FOTOLAR

“Teatrın dostu” mükafatı təqdim olundu: Kukla Teatrı daha bir mövsümü uğurla başa vurdu

Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət - FOTOLAR

Hökumə Əliyevaya həsr olunan film gələn ay təqdim olunacaq

Türkiyənin turizm mərkəzi: “Akdeniz’in İncisi” - FOTOLAR

University Foundation Courses (UFC) Təhsil Mərkəzinin 11-ci buraxılış gecəsi - FOTOLAR

Bu sənəd SAXTADIR - FOTO
