adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Fevral 2021 19:44
22714
SİYASƏT
A- A+

İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb

Azərbaycanın İordaniyadakı Səfirliyinin təşəbbüsü ilə, cari ilin 25 fevral tarixində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxt Əmman şəhərinin Yeni Bədr rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan küçənin üzərində yerləşən İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi keçirilib.

Bu barədə səfirlikdən Trend-ə bildirilib.

Qeyd edilib ki, həmin dairənin hər iki tərəfdən keçən, Ulu Öndərin adını daşıyan küçə nəqliyyat vasitələrinin intensiv hərəkəti ilə fərqlənir. 24 fevral tarixində dairənin hər iki tərəfindən Səfirliyimiz tərəfindən ərəb dilində hazırlanmış dayağı iki metrə olan və üzərində “Azərbaycan xalqına qarşı Xocalı soyqırımı. 106-sı qadın, 70-i qoca və 63-ü uşaq olmaqla, 613 nəfər qətlə yetirilib. Xocalıya Ədalət. 26 ferval 1992-ci il” yazısı olan şəkilli lövhə quraşdırılıb.

Ölkədə COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş qaydalara riayət edilməklə, Əmman şəhər Böyük Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də İordaniyada Azərbaycan Diaspora cəmiyyətinin rəhbəri Zümrüd Dadaşovanın və Səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil edilən tədbirdə çıxış edən Səfirliyin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov hamını salamlayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçəyə və dostluğumuzun rəmzi olan dairəyə, habelə ölkəmizə aid bütün məsələlərdə davamlı diqqət və maraq göstərdiklərinə görə, İordaniya rəsmilərinə dərin təşəkkürünü bildirib, qardaş dövlətlərimizin liderlərini birləşdirən dostluq əlaqələrini əziz tutduğumuzu vurğulayıb.
Ardınca Xocalı soyqırımı barəsində dolğun məlumatlar verdiyi zaman E.Şahhüseynov dinc əhalimizə qarşı törədilmiş vəhşiliklərin, onların amansızcasına qətlə yetirilməsinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi qeyd edib, İordaniya Senatının 2013-cü ilin 19 iyun tarixində Xocalı qətliamını pisləyən bəyanat qəbul etdiyini və bununla da Krallığın Xocalıda kütləvi qırğını etiraf edən ilk ərəb ölkəsi olduğunu qabardıb və bu bəyanatın bütün Azərbaycan xalqı tərəfindən yüksək təqdir edildiyini vurğulayıb.

Sonra o, umummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xüsusən də iyrənc erməni əks-təbliğatı fonunda Xocalı faciəsinə dair reallıqların qlobal səviyyədə təbliğ edilməsinə başlandığını, məhz Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildən 26 fevral Xocalı qətliamı günü kimi qeyd edildiyini xatırladıb, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına start verildiyinə və bu kampaniyanın fəal təbliğat işinə müstəsna töhfəsinə diqqət çəkib. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin geniş şəkildə yayılması işində mühüm rolu, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında 26 fevral 2019-cu ildə Bakıda keçirilmiş xalq yürüşünün əhəmiyyəti qeyd edilib.

Tədbirdə çıxış edən İordaniyada Azərbaycan Diaspora cəmiyyətinin rəhbəri Z.Dadaşova Xocalı faciəsinə dair öz fikirlərini bölüşüb, rəhbərlik etdiyi cəmiyyət tərəfindən bu illər ərzində görülmüş mühüm işlər barədə qısa danışıb.

Daha sonra Yeni Bədr Bələdiyyəsinin sədri Ratib əl-Abbadi fikirlərini söyləyərək, erməni təcavüzünü qətiyyətlə pisləyib, Xocalıda kütləvi qırğının bəşəriyyətə qarşı vəhşilik olduğunu qeyd edib. Həmçinin ölkələrimizin liderləri arasında dostluq əlaqələrini əziz tutduqları xüsusi qeyd edilib.

İordaniya rəsmiləri Zəfər münasibətilə xalqımıza və dövlətimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təbriklərini bildirib, qardaş ölkənin parlaq Qələbəsinə ürəkdən sevindiklərini söyləyib, bu Zəfərin bütün İslam dünyası üçün əhəmiyyətini qeyd ediblər.
Tədbirdə Xocalı və Vətən müharibəsi qurbanları üçün dualar da edilib.

Yekunda İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı qurbanlarının xatirəsinə ağaclar əkilib.