adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Yanvar 2021 14:23
136591
ŞOU-BİZNES
A- A+

“Bəzi ailələrdə qadınların hüquqları pozulur” - MÜSAHİBƏ

“Allah ən böyük günahları bağışlayırsa, demək ki, bəndə olaraq biz də bağışlamağı bacarmalıyıq. Mən həyatda çox insanları bağışlamışam. Əslində kiminsə səhvini bağışlayanda içimdə mənəvi cəhətdən rahatlıq tapmışam. Yeganə bağışlamadığım şey xəyanətdir. Düşünürəm ki, xəyanət insanın edə biləcəyi ən sonuncu səhvdir”. “Ədalət” qəzetinin qonağı, iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva belə deyir.

-Ruhi xanım, qadınların müasir cəmiyyətdə rolu danılmazdır, sizcə qadın iradəsini nədə ifadə etməlidir?

-Qadınların iradə ifadələri yaşadıqları ailə həyatı, işi və fəaliyyət sahəsi ilə bağlıdır. İradə ifadəsi hələ uşaq yaşlarından başlayır. Ailədə uşaqlara, xüsusilə də qız uşaqlarına fikirlərini sərbəst ifadə etməklə bağlı şərait yaradılmalıdır. Ailədə qadınların iradə ifadəsi mütləq lazımdır. Çox təəssüf hissi ilə qeyd edirəm ki, müasir cəmiyyətdə hələ də elə ailələr var ki, orada qadınların hüquqları pozulur, onların fikir və düşüncələrinə əhəmiyyət verilmir. Hələ çoxları anlamır ki, uşaqlarının təhsili, ailənin problemlərinin həlli barədə qadının sərbəst fikirlərini deməsi özbaşınalıq deyil, bu iradə ifadəsidir. İşdə və fəaliyyət sahəsində isə qadınların sərbəst iradəyə sahib olması onların irəli getməsi üçün əsas şərtlərdən biridir və mən bu cür qadınları daim dəstəkləyirəm. Özüm də həmişə iradəmi müstəqil və sərbəst formada ifadə etmişəm və bu mənim uğur qazanmağımın səbəblərindən biridir.

Qadın zərif məxluqdur

-İnsan bəzən güclü olmaqdan bezir, çünki güclü insanlar həmişə başqalarının problemləri ilə yüklənir. Ruhi xanımın gücsüz olduğu və ya özünün qayğıya ehtiyacı olduğu anlar olubmu?

-Məncə, hər bir insan, xüsusilə qadınlar güclü olmaq istəyir. Amma qadınların qayğıya ehtiyacı olduğu unudulmamalıdır. Çünki qadın zərif məxluqdur. Hamı deyir ki, filankəsin işi-gücü yaxşıdır, pulu var və s. Amma hər bir insanın, xüsusilə güclü qadınların qayğıya ehtiyacı var. Həyatda mənim də çox çətinliklərim olub, иəzən həyatdan bezdiyim, yorulduğum anlarım olub. Lakin ümidimi itirməmişəm. Zənnimcə, ümidi itirməmək elə güclü olmaq deməkdir. Bu gün üçün ən böyük qayğı mənbəyim iki oğlumdur. Ən yorğun halda evə gedəndə belə, onların boynuma sarılması mənə yenidən ruh və əlavə enerji verir.

-Müsahibələrinizdən birində demisiniz ki, mən ana olanda güclü olduğumu anladım. Analıq hissi…

-Hər bir qadının ən birinci istəyi ana olmaqdır. Analar övladları üçün düşünmədən öz həyatlarını qurban verərlər. Mən ana olduqdan sonra həyata baxışım dəyişdi. Bu ümdə hiss insanda mərhəmət, insanlara sevgi hissini daha da artır. Övladlarım məndə ancaq müsbət dəyişikliklər yaratdı. İndi ana kimi mənim vəzifəm övladlarımı Vətənpərvər ruhda böyütmək, onların cəmiyyətimiz üçün dəyərli şəxsiyyət kimi formalaşmasına nail olmaqdır. Analıq hissi ən ülvi və əvəzolunmaz hissdir.

Ləyaqəti itirib onu yenidən qazanmaq mümkün deyil

-Sizcə həyatda insan üçün ən önəmlı olan nədir?

-Məncə, həyatda ən önəmli olan insanın öz ləyaqətini, mənliyini və adını qorumasıdır. Önəmli olan sözün həqiqi mənasında insan olmaqdır. Yetimin haqqını yeməmək, kasıba əl tutmaq, məzlumun, doğrunun yanında olmaq və ən nəhayət Vətənini sevmək mənimçün daha önəmlidir. Mənəvi dəyərlərin əvəzi yoxdur. İnsan pulunu itirib onu yenidən qazana bilər, amma ləyaqətini itirib onu yenidən qazanmaq mümkün deyil.

-İnsanın nailiyyət əldə etməsi üçün nə lazımdır?

-İlk növbədə çalışmaq lazımdır. Həyatda hər şeyi şansa buraxmaq olmaz. Yoxsa, bütün lotereya alanlar milyonlar udarlar. Əziyyət çəkməklə, zəhmətlə uğur qazanmaq lazımdır. Naliyyətə aparan yol əziyyətdən keçir. Onda qazandıqlarının dəyərini də bilirsən və sonadək onları qorumaq istəyirsən.

-Bağışlamağı bacarırsınızmı?

-Əgər Allah ən böyük günahları bağışlayırsa, demək ki, bəndə olaraq biz də bağışlamağı bacarmalıyıq. Mən həyatda çox insanları bağışlamışam. Əslində kiminsə səhvini bağışlayanda içimdə mənəvi cəhətdən rahatlıq tapmışam.

-Nəyi bağışlamazsınız?

-Yeganə bağışlamadığım şey xəyanətdir. Düşünürəm ki, xəyanət insanın edə biləcəyi ən sonuncu səhvdir və xəyanət edən insanı bağışlamaq da yersizdir. Xəyanət sözünün elə özü qəlbləri bulandırır. Xəyanətkar insan öz Vətənini, torpağını, əzizini satır. Bu səbəbdən də belə insanı bağışlamıram.

“İnsanlara dünyagörüşünə görə qiymət vermirəm

-Tanrı ilə tez-tez danışırsınız?

-Hər bir insanın içində Allah sevgisi var. Allahı dildə inkar edən insan belə ürəyində onu sevir. Əlbəttə, mən həm çətin, həm də xoş günlərdə Allahla danışıram. Çətin günlərdə ondan kömək istəyirəm, şad günlərimdə isə ona şükür edirəm. Bütün xoşbəxtliklərin səbəbkarı Allahdır. Hər günüm, sağlamlığım, övladlarım üçün Allaha təşəkkür edirəm.

-Ruhi xanım maddiyyat baxımından paylaşmağı sevən insandır. Bəs mənəvi cəhətdən necə paylaşmağı sevirsiniz?

-Hər bir insanın həyatda çətin dövrləri olur. Kimi maddi, kimi mənəvi cəhətdən çətinlik çəkir. Çalışmışam ki, ətrafimda olan şəxslərin problemləri olmasın. Çünki istər maddi, istərsə mənəvi cəhətdən çətinliyi olan insan nə işləyə, nə də effektiv fəaliyyət göstərə bilmir. Bəzən hansısa dostumun və ya işçimin depressiyada olduğunu görüb mənəvi cəhətdən onun yanında oluram, onunla söhbət edib vaxt keçirirəm. Çalışıram ki, ona problemini unutdurum.

-Sizi anlayan çoxdurmu?

-İnsanı tam başa düşüb anlamaq üçün qarşısında olan insan da ən azı dünyagörüşü baxımından onunla eyni səviyyədə olmalıdır. Amma əlbəttə ki, həmişə çalışıram ki, qarşımdakı insanla onun başa düşəcəyi dildə və tərzdə danışım. Mən, ümumiyyətlə, insanlara savadına, dünyagörüşünə və cəmiyyətdəki mövqeyinə görə qiymət vermirəm. Qiyməti onların qəlbinə, saflığına və səmimiyyətinə görə verirəm.

-Hamı sizi xeyriyyəçi insan kimi tanıyır. Bununla yanaşı, son zamanlar ölkəmizdə baş verən əksər qlobal proseslərə öz məntiqli münasibətinizi bildirirsiniz. İşlərinizin çoxluğu sizi yormur ki?

-Mən xeyriyyə tədbirləri barədə geniş danışmaq istəmirəm. Amma bu tədbirləri həyata keçirirkən istəyirəm ki, bu, başqa imkanlı şəxslər üçün də nümunə olsun. Bundan sonra da bu fəaliyyətimi davam etdirəcəyəm. Bununla yanaşı, ölkəmizdə baş verən prosseslərə də həmişə mətbuat, sosial şəbəkələr vasitəsi ilə münasibət bildirirəm. Bir vətəndaş kimi öz mövqeyimi sərbəst ifadə edirəm.

-Dəvətimi qəbul edib mənə müsahibə verdiyiniz üçün sizə təşəkkür edirəm.

-Mən də sizə minnətdarlığımı bildirirəm.

Rövşən Tahir