SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: EŞŞƏK ŞOU

  12755   |  
Şriftin ölçüsü  

... Deyəsən, bizim millət şounun lap xəstəsidi. Çünki şou olanda çoxlarının gözünə işıq gəlir. Hətta heç nədən xoşu gəlməyən və az-az televizora baxan mamam oğlu Tehran da "Maşın şou” üçün lap sinov gedir. Bir neçə gün əvvəl yolum Bəhmənliyə düşmüşdü, axşam da mamam oğlu Tehrangildə qalmalı oldum. Gördüm ki, saat 10-u çox səbrsizliklə gözləyir. Yol gedib kənddə qohumumun yasında iştirak edəndən sonra yuxu gözümdən tökülürdü.

Mamam oğlu Tehran da deyirdi ki, müəllim, yorulmusan, dur yat! Uşaqlar yatdığın otağı od kimi eləyiblər, soba da səhərə qədər yanacaq. Dedim ki, mamaoğlu, sən niyə yatmırsan? Dilləndi ki, mənə fikir vermə, "Maşın şou”ya baxmasam yatan deyiləm. Bir az mamam oğlumla zarafatlaşdım da. Dedim ki, rəhmətliyin oğlu, televizorda baxmağa yönlü bir şey tapmırsan? Gördüm əsəbləşir, o dəqiqə araya başqa söhbət saldım. O da "valı” dəyişdiyimi görüb təzədən bildirdi ki, ay rəhmətliyin oğlu, qohum-əqrəba hamısı bax, bu "Maşın şou”ya baxır. Neyləyək, durub onun-bunun qeybətini eləyək?

Bu "Maşın şou” elə bir oyundur ki, burda çox adamın əsl sifəti açılır. Əvvəllər sakit, mədəni və təvazökar kimi tanıdığım hər hansı bir sənətçi oyun zamanı olan-qalan bütün hörmətini itirir və iç üzü üzə çıxır. Tanınmış bir neçə müğənninin və aktyorun "Maşın şou”da bir neçə sifətini görəndən sonra elə mənim mamam oğlu Tehranın da onlardan zəhləsi gedir. Hələ başqalarını demirəm ha! Onlarla işimiz yoxdur. Kimin kimdən zəhləsi gedir, kim-kimlə şingildəşir, kim kimlə dingildəşir, bizə dəxli yoxdur. Bir müğənni bu şoularda digərinin abır-həyasını ətəyini bükür, başqası da onu yaş yuyub quru sərir...

Vallah, bu qarabağlıların da atkeçməz işləri var. Yəni qarabağlılarda kiməsə şəbədə qoşmaq, kimisə oyuna salıb oynatmaq mərəzi də var. Belələrinə "it oynadanlar” deyirlər. O gün Bərdədə bir qarabağlı özündən bir şey icad eləyib. Onun da qayırdığı şey bundan ibarətdir ki, Murad Dadaşovun "Maşın şou”sunu lap gözdən salmaq istəyir. O da durub bir "eşşək şou” yaradıb. Və bu eşşəyin tək özü deyil, həm də qəşəng bir arabası var. Qohum-əqrəbasını da yığıb başına başlayıb şou yaratmağa. "Maşın şou”dan fərqli olaraq "eşşək şou”da iştirak edənlər çox səmimi, mədəni və istiqanlı adamlardılar. Onlar əllərini eşşək arabasına qoyub çox sakit tərzdə deyirlər: "Eşşəyi mən udacam”. Tay durub "Maşın şou”dakı kimi bir-birinin yeddi arxa dönənini sulamırlar. Tay qalxıb bir-birinə dişinin dibindın çıxanları demirlər. Tay gəlib bir-birini itələyərək eşşək arabasının yanından uzaqlaşdırmaq istəmirlər.

"Eşşək şou”nu təşkil edən orta yaşlı bir adamsa deyir ki, bizim reytinqimiz "Maşın şou”dan yüksək olacaq. Amma deyəsən hər zarafatda bir həqiqət də var ha! Çünki sosial şəbəkədə yayımlanan bu görüntüyə baxanlar çoxdur. Görünür, "Eşşək şou”nun reytinqi yaxın gələcəkdə "Maşın şou”nu üstələyəcək. Hətta yaxşı olar ki, "eşşək şou”nu təşkil edənlər arada-bir reklam-zad da versinlər ki, çoxlu müştəri yığsınlar...

Bərək Allah, bu "eşşək şou”nu təşkil edənlərin işlərinə! Son günlər orda nələr baş verir-vermir onu deyə bilmərik, amma bir onu deyə bilərik ki, bu "eşşək şou”nu təşkil edənlər Murad Dadaşovun çörəyinə şərik çıxıblar. Bax, burda düz eləməyiblər! Sizə nə düşüb ki, iki daşın arasında başqasının işinə əl apararaq belə bir şou yaradıbsınız. Məsələn, siz "eşşək şou” yox, başqa bir şou yarada bilərdiniz. Bununla da işimiz yoxdur. Çünki bizim verəcəyimiz təklif "eşşək şou”nu yaradanların xətrinə dəyə bilər. Xətirləri xoş olsun deyə, biz də bildiyimiz o şounun adını demirik. Qoy özləri baş sındırıb tapsınlar...

"Eşşək şou”dakı eşşəyə lap yazığım gəldi. Çünki bu eşşək böyük Ramiz Rövşənin yazdığı "Gözüyaşlı yorğun eşşək”ə çox bənzəyirdi. Çünki yazıq eşşək səhərdən axşama qədər dincəlmədən işləyir, indi də arabaya qoşub şou eləyirlər. Yadımıza həmiz şeirdən bir bənd düşür.

Gözüyaşlı yorğun eşşək,

Kirimişcə yükünü çək.

Bu yol da gec-tez bitəcək,

Yorulmaq sənə qalacaq...

...Yəqin "eşşək şou”nun da gec-tez qalibi bilinəcək. Amma bir onu bilirik ki, onun qalibi bilinsə də, yazıq eşşəyin günü bu şoudan sonra daha ağır olacaq. Yaxşı olardı ki, şounun qalibi "eşşək şou”nu udsa da, sonda o eşşəyi arabadan açıb buraxasın. Bundan həm Allahın xoşu gələrdi, həm də "eşşək şou”ya baxan çoxsaylı tamaşaçıların...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK