adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 11:06
102
ELM VƏ TƏHSİL
A- A+

Günay Əfəndiyeva Ankarada görüşlər keçirdi  

Günay Əfəndiyeva Ankarada Türkiyənin Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rəhbəri və tələbə heyəti ilə görüşüb

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərinə səfər edib.

Günay Əfəndiyeva səfər çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasını ziyarət edərək Akademiyanın rəhbəri İsmayıl Hakkı Musa ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Türkiyənin hərtərəfli əməkdaşlığının günü-gündən daha da möhkəmləndirilməsi, parlament diplomatiyası, eləcə də ortaq mədəni irsin təbliği  məsələləri müzakirə olunub.

Daha sonra Günay Əfəndiyevanın Akademiyada təhsil alan gənc diplomatlarla görüşü keçirilib.

Qarşılıqlı dialoq və fikir mübadiləsi şəraitində gerçəkləşən görüşdə millət vəkili tələbələr qarşısında çıxış edərək diplomatiyanın mahiyyəti, Azərbaycan–Türkiyə münasibətlərinin strateji dərinliyi və Türk Dünyasının gələcək inkişaf perspektivləri barədə geniş fikirlərini bölüşüb.

Günay Əfəndiyeva diplomatiyanı dövlətlər arasında maraqların uzlaşdırılmasına xidmət edən vasitə kimi dəyərləndirərək,  vurğulayıb: “Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər klassik diplomatik çərçivələri aşaraq, ortaq tarix, dil və mədəniyyətin üzərində yüksələn güclü qardaşlıq nümunəsidir. İki dövlətin tərəfdaşlığı beynəlxalq münasibətlərin ən səmimi və güclü təzahürlərindən biri kimi çıxış edir”.

Günay Əfəndiyeva Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsini xatırladaraq qeyd edib ki, bu yanaşma Azərbaycan və Türkiyənin xarici siyasətdə bir-birini tamamlayan strateji xəttini əks etdirir.

Millət vəkili, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Prezident Recep Tayyip Erdoğanın rəhbərliyi ilə Azərbaycana verdiyi qətiyyətli mənəvi dəstəyin iki ölkənin qardaşlığını bütün dünyaya nümayiş etdirdiyini bildirib. Bu həmrəyliyin məntiqi davamı kimi imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “Türk dünyası bizim ailəmizdir” ifadəsi artıq Azərbaycan–Türkiyə qardaşlığını daha geniş coğrafiyada – bütün Türk Dünyasını əhatə edən diplomatik həmrəylik modelinə çevirir.

Çıxışda Türk Dünyasının son onilliklərdə keçdiyi inkişaf yoluna da toxunulub. Günay Əfəndiyeva bildirib ki, sovet dövründə türk xalqları arasında parçalanmış əlaqələr bu gün müstəqil türk dövlətlərinin iradəsi ilə yenidən bərpa olunub və artıq Türk əməkdaşlıq təşkilatları vasitəsilə sistemli əməkdaşlıq daha da möhkəmlənir: “Hər il Türk dövlətlərinin rəhbərləri Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən Zirvə toplantılarında bir araya gəlirlər. Bu görüşlərdə ortaq gündəm və gələcək perspektivlər müzakirə olunur, tranzit, logistika, enerji, ticarət, investisiya, rəqəmsallaşma və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlər imzalanır”.

Görüşdə ortaq dil, əlifba, tarix kimi məsələlər ümumi müzakirə olunub, eyni zamanda millət vəkili gənc diplomatların suallarını cavablandırıb.