adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 14:09
71
GÜNDƏM
A- A+

“Xüsusi Təyinatlılarımız Ermənistana başa salmağa çalışırdılar ki...”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 27 il ötür. 

Hərbi ekspert Ədalət Verdiyev Adalet.az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin həm Azərbaycanın, həm də türk dünyasının qürur yeri olduğunu bildirib:

“Bu gün artıq onlar yaranmasının 27-ci ilini qeyd edir. Yarandığı gündən bu günə qədər silahlı qüvvələrimizin üzərinə düşən ən ağır vəzifələri məhz Xüsusi Təyinatlılarımız yerinə yetiriblər. Biz onları 2016-cı ilin Şanlı aprel döyüşlərində daha yaxından tanıdıq. O zamana qədər həyata keçirilən əməliyyatlar adətən mətbuatda işıqlandırılmırdı. Amma 2012-ci ildən başlayaraq Xüsusi Təyinatlılarımız Ermənistana başa salmağa çalışırdılar ki, Azərbaycan torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq. Nəhayət Vətən müharibəsində Xüsusi Təyinatlılarımızın döyüş imkanları ilə bütün dünya yaxından tanış oldu”. 

Ə.Verdiyev deyib ki, ən ağır əməliyyatlardan minimum itkilərlə böyük ərazilərimizi azad edən Xüsusi Təyinatlılar bir çox döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərdilər:

“Füzulinin, Cəbrayılın, Hadrutun, xüsusi ilə də Şuşanın azad edilməsi əməliyyatları bu gün dünyanın bir çox ölkələrində müzakirə olunur, bu döyüş əməliyyatlarında tətbiq olunan silahlı mübarizə metodları təlimlərdə istifadə olunur. Xüsusi Təyinatlı Qüvvələrimiz Azərbaycan Ordusunun ən elit, yüksək hərəkətlilik imkanlarına malik bölmələrindən ibarətdir. Onlar kəşfiyyat, diversiya, antiterror, hücum və digər mürəkkəb vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub”. 

Hərbi ekspert bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrimiz gizlin müşahidə, hədəf göstərmə, artilleriya, aviasiyanın yönləndirilməsi, əsirlərin azad edilməsi, düşmənin vacib obyektlərinin sıradan çıxarılması kimi vəzifələri yerinə yetirirlər:

“Dərin kəşfiyyat vəzifələrinin düşmən arxasında yerinə yetirilməsi, düşmənin komanda məntəqələrinin rabitə qovşaqlarının yerinin aşkarlanması, strateji obyektlərinin, kommunikasiya və təchizatlarının sıradan çıxarılması, terrorçuların zərərsizləşdirilməsi və ya ələ keçirilməsi kimi əməliyyatlar Xüsusi Təyinatlı Qüvvələrin yerinə yetirdiyi vəzifələrin bir hissəsidir. Zərurət yarandıqda isə Xüsusi Təyinatlı Qüvvələr düşmənə qarşı mühüm əməliyyatlarda hücum dəstələri kimi də fəaliyyət göstərə bilər. Şəhərlərin təmizlənməsini, uzun müddətli atəş nöqtələrinin sıradan çıxarılması, düşmənin komandir heyətinin zərərsizləşdirilməsi kimi vəzifələr Xüsusi Təyinatlıların yerinə yetirəcəyi vəzifələr sırasındadır. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti əsas qüvvələrdən uzaq məsafələrdə və düşmən müdafiəsinin dərinliyində yerləşən ərazilərdə aftonom şəkildə ən çətin vəzifələri yerinə yetirməsi ilə fərqlənir”. 

Vasif ƏLİHÜSEYN