Aqil Abbasın "Rəmiş"i, yaxud ruhun sınağı - Elnarə AKİMOVA yazır
Aqil Abbasın yenicə çapdan çıxan "Rəmiş" povestinin süjeti həyat-ölüm metaforası üzərində qurulub. Müəllif onlar arasında keçidləri şəffaf şəkildə düzənləyir. Mətndə adı keçən əksər şəxslər - Qurban Pirimov, Qədir Rüstəmov, Aşıq Ədalət, Ceyhun Mirzəyev, Aydın Dadaşov, Mayestro Niyazi, Rəmişin atası Hüseyn kişi və digərləri həyatla ölümün qovuşuğunda müəyyən çəkilib-qabarmalarla görünürlər. Bəlkə bu amil əsərdə ölümün mistik ovqatını hiss etdirir.
Aqil Abbasın əksər əsərləri metafizika problemi kimi dərk olunmağa imkan verir. Ən müasir ladlara köklənmiş "Dolu" əsərinin özündə belə yazıçı qəhrəmanlarını gündəlik məişət gerçəklərindən, adi həyatdan ayırıb mistik-simvolik gerçəklərin içinə atırdı. "Rəmiş" povestinin də personajları ikili dünyanın sakinləridir. Aqil Abbas onları mətn daxilində bir araya gətirir, "ölülər" və "dirilər" dünyasının təmasını yaradır. Amma bu təmas, ünsiyyət povestdə daha geniş zaman və məkanları çevrələyir. XIV əsrin türk fatehi Əmir Teymur zamanına, XIX əsr italyan skripkaçısı Nikkolo Paqanininin dövrünə. Qalan bütün hallarda povest daha yaxın günlərimizi əks etdirir və realist təsvirlə mistik mənalandırmanı iç-içə təqdimatı ilə diqqət çəkir. Maraqlı cəhət budur ki, bu mistik mənalandırmalar real və tanış hadisələrin içərisində ərimir, əksinə, özünü qoruyub saxlayır. Postmodern estetikadan gələn mətnlərarası əlaqə burada da özünü göstərir. Yazıçı müxtəlif dövrlərə, şəxsiyyətlərin yaşadıqları zaman və məkanlara göndərmələr edir. Bu yaxınlarda povestlə bağlı geniş, sanballı mətn hasilə gətirən şair Vaqif Bəhmənlinin yazdığı kimi "Aqil Abbas qəhrəmanını (əgər ona qəhrəman demək olarsa) dünyanın istənilən bucağına (məsələn İtaliyanın Milan şəhərinə, dünya şöhrətli skripkası Paqanininin dövrünə, vətəninə və onunla şəxsən teta-tet görüşə, dahi skripkaçı ilə eyni səhnəni bölüşməyə, yerin altına, dünyadan çoxdan köçmüş Qurban Pirimovun, Qədir Rüstəmovun axirət mənzilinə, işğal altında olan Qarabağa) çəkib aparmaq üçün elə bir mötəbər bədii-estetik platforma yaradır ki, həmin leksik müstəvidə həqiqətən də qeyri-adi ifaçının, ələxüsus da qeyri-adi insanın obrazını canlandırmaq üçün fürsət ələ düşür, geniş fəza yaranır".
Maraqlısı həm də budur ki, Əmir Teymur sarayı da, Milanda Paqanininin olduğu konsert zalı da çağdaş müstəviyə gətirilir, dekonstruktiv yanaşma ilə ilahiləşdirmədən adiləşdirmə məqamına endirilir. Səbəb qəhrəmanın özünü ilahiləşdirməkdirsə (oxu: fərdiləşdirmək!) müəllif üçün zaman və məkan sərhəddi yoxdur. Hərçənd əsərdə sadə məişət təsvirləri də az deyil və qeyd edim ki, irreal təsvirlər Rəmişin istedadının çalarlarını üzə çıxarmaq məqsədi daşıyırsa, real məişət hadisələrindən bəhs edən epizodlarda biz onun insani tərəflərini görüb tanımış oluruq. Daim harasa tələsən, dünyanın bütün şöhrət təmənnasından uzaq, yeyib-içən, əliaçıq, təmiz və kövrək ürəyə sahib Rəmiş bu epizodlarda bir az da oxucuya tanış cizgilərilə görünür.
Aqil Abbas dünənə qədər cəmiyyətin içində var olan şəxsi, haradasa gözlərimiz qarşısında baş verən situasiyaları mətnə gətirir, amma həm də göstərir ki, görə bilmədiklərimiz, duymağımız hadisələr də var, olub. Məqsəd bu vaqeələrin içində Rəmiş adlı istedadın obrazını yaratmaq, onun fitri istedadını bədii düşüncənin predmetinə çevirməkdir. Bunun üçün onun seçdiyi fənd də postmodern dalğanın hüdudları içrədir. O mənada ki, müəllifin özü də bir personaj olaraq baş verən hadisələrin içərisindədir. Povestin əvvəlində yazılmış müəllif qeydlərində Aqil Abbas Əmir Teymur və xanəndə Əbdül Qadir Baqi münasibətini, Paqanini xəttini vurğulayır və əsəri oxuduqca yazıçının bu iki məqamdan təsirləndiyini görürük. Şairlə Rəmiş Qədir Rüstəmovun evində çay içdikləri məqamda Əmir Teymurun adamları həyətə doluşur, onları qandallayıb hökmdarın (Əmir Teymurun) hüzuruna gətirirlər. Əmir Teymurun ölüm fərmanından onları Rəmişin çaldığı musiqi xilas edir. Üstəlik, çalğısına görə nəmər istəyən Rəmişə və dostlarına Əmir Teymur iki kisə qızıl ənam bağışlayır, üstəlik Təbrizdə talanı dayandırır.
Əsər həm də müəllifin Rəmişin həyatına, xarakterindəki ən ciddi nüanslara yaxşı bələdliyini soraq verir. Şair obrazında təqdim olunan qəhrəman mətn boyu, bütün zəruri situasiyalarda Rəmişin yanındadır. Onun Rəmişin hərəkətlərinə müdaxiləsi, vaqeələrin bir halqasına çevrilməsi, bəzən emosiyalarını tənzimləməsi, bəzən də xəfif yumorla vəziyyəti dəyərləndirməsi nəzərdən qaçmır və eyni ruh halı və ovqat göstəricisi ilə elə Rəmişə yaxınlıqdan xəbər verir. Amma bununla bərabər, povestdə Aqil Abbasın yaradıcı təxəyyülü onun müşahidəçilik qabiliyyəti qədər zəngin təsir bağışlayır.

Bu əsər bəlkə də Aqil Abbasın ruhunun sınağıdır. Bu mübarək sınağın sxemini mifoloji təfəkkürün ən dərin layını ilahi məkandan süzülən qatlarla birləşdirən qəhrəmanın yolu kimi də anlamaq olar. Əks halda ilahi vergi olan Rəmiş istedadını necə təqdim etmək olar? Əsər boyu komada olan Rəmişi müəllif zaman və məkan aralıqlarından keçirməklə onun melanxolik obrazını yaratmaqla bərabər, insan ömrünün fanilik duyğusunu da qabartmış olur. Məhz fanilik duyğusu Rəmişin içinin yaşam fəlsəfəsinə, obrazına daha çox uyğun gəlir və bəlkə buna görə gəzdiyi bütün məkanlarda onun itdiyini, oralara qaynayıb qarışdığını görürük? Rəmişi metafizik obraz edən bəlkə elə bu məqamdır?! Həyatı fanicəsinə anlayıb yaşaması? Bunu duyduğuna görə Aqil Abbas üçün Rəmişdən yazmaq həm də yaşamaq və ölmək arasında semantik keçidin təsadüfi olmadığını təsdiqləmək deməkdir: "Yorulmuşdu, çox yorulmuşdu. Əslində, buna yorulmaq demək olmazdı ey, bezmişdi. Hər şeydən bezmişdi - şöhrətdən də, dostlarından da, curlarından da, qadınlarından da. Elə Rəmiş olmaqdan da bezmişdi. Tıncıxırdı. Nə qədər belə yaşamaq olar? Yaşamaq ona çox mənasız olmuşdu. Özü də bu tez-tez baş verirdi. Belə olanda oturub maşına qaçırdı kəndlərinə".
Povest Qara Niqablı Mələyin Rəmişin ardınca gəlib onu aparmaq istəyi ilə başlayır. Süni nəfəs aparatına qoşulan Rəmiş əli ilə ağzına qapanmış nəsnəni bir kənara atır və personajın mistik-irrasional dünya ilə təması başlayır. Sonra baş verənlər iki yoxluq arasındakı baş verən vaqelərin dramıdır. Yazıçı yuxu, qarabasma situasiyalarını əsərin toxumasına daxil edir. Və yaddaş işığının emanasiyası görünür. Rəmişin Abdalda, Kəhrizin üstündə keçən uşaqlığından başlamış ölüm anına qədər ömrünün bütün yaşam-yaşantı mərhələləri xatırlanır.
Müəllif Rəmişin musiqiyə, çalğı alətinə sevgisini görkəmli tarzən Qurban Pirimovun ona bağışladığı tara münasibətində göstərir. Ustadın qarşısında "Segah"ı özünəməxsus tərzdə, özünün "gördüyü" tərzdə çalan Rəmiş ona bağışlanan sədəfli tarı həyatının ən müqəddəs dəyəri kimi qoruyur. Amma yalnız o tarı deyil, tar da onu qoruyur deyəsən. Aqil Abbas mətndəki bu epizodu iki hissədə sürreal təsvirlərlə qələmə alır: "Qəfil göy guruldadı, ildırım şaqqıldadı. Şıdırğı bir yağış başladı. Şimşəklər buludların arasında rəqs edirdi. O, tarı yağışdan qorumaq üçün pencəyini çıxarıb tarın çanağına sarıdı ki, təki yağış onu vursun, tarı yox. Bu vaxt göylərdən qəribə bir nur parladı. Bu nə ildırım idi, nə də şimşək. Hər tərəfi işıqlandırdı. Və birdən hiss elədi ki, daha onun üstünə yağış yağmır. Elə bil kimsə başının üstündə çadır açmışdı. Sel-su aləmi götürsə də, o, bunu hiss eləmirdi. Bu qeyri-adi hadisədən çaşdı, özü də bilmədi bu nədi. O, evlərinə tərəf qaçdıqca başının üstündəki gözə görünməyən çətir də onunla bir yerdə qaçırdı. Bir canavarın ona tərəf qaçdığını gördü. Qorxudan tir-tir əsdi. Bu vaxt yenə ildırım şaqqıldadı və ildırım ona çatmağa az qalmış canavarı vurdu. Qorxa-qorxa ölmüş canavarın yanından keçdi".
Əsərdə Rəmişin xarakterik keyfiyyətlərinin açıldığı mühüm epizod Moskvadan təşrif buyuran rejissor və operatorla görüş səhnəsidir. Aydın Dadaşov və Ceyhun Mirzəyevin israrla Rəmişi axtarıb dünyaca məşhur rejissorun dörd seriyalı Paqanini rolunu canlandırmaq üçün onun çəkilməsini istədiyini və bunun üçün ardınca gəldiklərini bildiyi səhnədə oxucu ona tanış Rəmişi görür: imtina edən, təmənnasız, iddiasız könül sahibi Rəmişi! O, diqqət mərkəzində olmaqdan qaçır, standartlar onun üçün deyil, itaət göstərmək təbiətinə yaddır. Aqil Abbas Rəmişi belə - gerçəkliyin absurdluğu kimi səciyyələnən işarələrlə obrazlaşdırır. Xaricə getməsi üçün pasport verilməsinə qadağa qoyulan Rəmiş öz revanşist təbiəti ilə ona təlqin olunan "hamı kimi olmaq" normativlərindən uzaq mövqe sərgiləyir: "Saçımı qırxdırsam, mən də ütülü geyinsəm, başqalarından nə fərqim? O qədər saçı qırxılı, qalstuklu gitara çalan var ki. Məni neynirsiniz, onlardan birini götürün də ansambla. Azad insanları niyə sevmirsiniz?"
Yazıçının yaddaşı və təhtəlşüuru sanki bütövlükdə bu obrazın məntiqinə tabedir. Amma elə bu məqamlar da mətnin magik effektini gücləndirir, yəni rasionallıq və mistisizm birləşir. O mənada ki, İçərişəhərdə, bir daşın üstündə oturub qızın pəncərəsinə baxanda da, "Yanıq Kərəm"ini bitirmək üçün Qazaxa maşın sürüb Aşıq Ədaləti Ağdam toyuna gətirəndə də, saxladığı meymun öləndə onu basdırmaq üçün gəmi kapitanı olan dostunun həyətini seçdiyi məqamlarda da Rəmiş fərqli müstəvinin, özgə dünyaların adamı olaraq vizuallaşır. Bəlkə doğrudan da özgə dünyaların adamıdır? Heç kimin görmədiyini görən? Axı Sabir bağında çay içdikləri vaxt Qala divarlarını şair dostuna göstərib fərqlilikləri gördüyünü dilə gətirmişdi: "mən o daşların üstündə qan görrəm. Gözümü yumuram, divarların arxasında saşlarını yolan anaları görrəm, gəlinləri görrəm. O daşdar hamısı ağlıyır, özü də hamısı qan ağlıyır..."
"Rəmiş" mətni oturuşmuş, bəlli stixiyası olan yazıçı təhkiyəsi, dəqiq konstruksiyası olan povest strukturu ilə diqqət çəkir. Yazıçı əsərdə güclü emosiyaya malik epizodlar monolitliyi yaratmış, fikirlə hissin bölünməz vəhdətini verməyə nail olmuşdur. Müəllif əsərdəki iti, ironik dialoqlarda, obrazın daxili emosiyalarının davranışında, hərəkətlərində, intonasiyasında ifadəsində kifayət qədər ölçülü-biçili davranmağa çalışıb. Rəmiş bütün hallarda özüdür, heç yerdə sosial maskaya bürünmür, ictimai-mədəni məkanlar belə ona doğmaları ilə ünsiyyət qurduğu adiliklər içində bir adilikdir. Yazıçı bütün bu özəllikləri - özü olmaq xarakterini Rəmişin həyatının ayrılmaz hissəsi kimi təqdim edir və əsərdə rast gəlinən emosional partlayışlar əslində, obrazın içindəki hedonist kimliyi açmağa uğurlu vasitəyə çevrilir. Müəllif bu marjinal kimliyi Rəmişin öz gitarası ilə birgə qeybə çəkildiyi son məqama qədər qoruyur: "Mələklər Qara Niqablı Mələkdən acizanə xahiş elədilər ki, icazə ver sonuncu dəfə çalsın.
Qara Niqablı Mələk sərt şəkildə cavab verdi:
- Olmaz!
Rəmiş özünü toxdadıb:
- Brat, maa o boyda Sovet hökuməti qadağa qoya bilmədi, sən kimsən maa qadağa qoyasan? - dedi və gitaranı basdı sinəsinə, başladı ilk dəfə mələklər onu qaçıranda nə çalmışdısa, onu çalmağa.
Gitaranın səsi kainatı götürdü başına. Mələklər onun ətrafında rəqs edirdi. Qara Niqablı Mələk də bir az baxdı-baxdı və qoşuldu rəqs edən mələklərə.
Rəmiş uymuşdu, bütün kainatı da uyutmuşdu.
Xəstəxananın həyətində ölüm xəbərini gözləyənlər göylərdən gələn qəribə gitara səsi eşitdilər. Donub qaldılar. Hamının baxışı dikildi göylərə.
...Şair gitaranın səsi eşidən kimi bir kənara çəkilib başladı hönkürüb ağlamağa.
Palatadakı həkim də, tibb bacısı da çaşıb qalmışdı, gözlərinin qabağında birdən-birə Rəmiş gitarası ilə bir yerdə yox olmuşdu".
***
Povestin yazılma tarixçəsinə nəzər yetiriəm: "Ağdam, Abdal-Gülablı kəndi, Kəhrizin üstü, may 2025"...
Hər şey burdan başlamışdı. Rəmişin uşaqları başına yığıb taxtanın üstünə çəkdiyi simlərlə nəsə çalması, "Kəhrizin suyunun səsinin, meşədəki ağacların yarpaqlarının pıçıltısının, küləyin xışıltısının özü də bilmədiyi melodiyaya qarışması" ilə. Elə burda da bitir. O melodiya indi azad Ağdamda yenə əvvəlki kimi rahat və xürrəm dolaşır... Rəmişin ruhu kimi!
Digər Xəbərlər
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24
Gülməli deyil! - Tərlanə Yaqubqızı yazır
01 Aprel 2026 13:26


Bakı -°C

