Yazıçı dostum Aqil Abbas başda olmaqla aprel ayının 1-də doğulan bütün insanlara.
Hər kəsə bəllidi təqvimdə yeri –
İlin ildə bir yol gələn günüdü.
Haqqına sayılır aprelin 1-i
zarafat dünyanın yalan günüdü.
Şaman körükləyir yalan ocağı,
Çocuq polad bilir taxta bıçağı...
Hiylənin, kələyin gül açan çağı,
gülüstan gerçəyin solan günüdü.
Bismarki*, Pozneri*, Ayxan Ayvazı*
Milan Kunderanı o günə yazın!
Yeddi yan yeriyən Aqil Abbasın
yalana ilişib qalan günüdü.
Bəlkə də hakimlər aldanıb nəsə -
Hökm çıxarmayıb günahsız kəsə!
Hər gün boyun vurub,
hər gün baş kəsən
cəlladın üzünün gülən günüdü.
Azmış sürülərin dumana düşən,
Çobanın üzünə qurdlar gülüşən...
Xosrovun Şirinlə yataq bölüşən,
Fərhadın qayanı dələn günüdü!
Sarayı evcikdi uşaq Leylinin,
Açılmaz qapısı dustaq Leylinin,
Yalana vurulan aşiq Leylinin
Məcnunu çöllərə salan günüdü!
Yalan quş kimidi, gerçək ağır yük,
Heçdən qidalanır balaca, böyük!
Yalana möhtacsan, gopçu, ömürlük –
kisənə yalan təp... talan günüdü!
Yaradan yalanı bəndədən görüb,
Çırpınır tələdə;
sərçə dən görüb...
Dedin, axirət var –
di tərpən görüm,
İsrafil surunu çalan günüdü!
Sözdü əbədiyyət,
ömür anidi,
Tanrı cana qıymaz...
zaman canidi!
Cəmi yaratdığı, görür fanidi –
Allahın gözünün dolan günüdü!
Qeyd:
*İşarəsi qoyulan görkəmli şəxslər aprel ayının 1-də doğulublar.
2025, Mərdəkan


Bakı -°C
