Vaqif  Aslanın 75 illik yubileyi  keçirildi

279 | 2025-07-02 09:30

Vaqif Aslanın  75 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər  Şəkidə, Oğuzda və bu dəfə də Bakıda davam edib. Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının  və Mahmud Kaşğari adına Beynəlxalq Fondun  təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını salamladı və Vaqif Aslanın yaradıcılığı haqqında məruzə etdi. O, qeyd etdi ki, Vaqif Aslan şair kimi   poeziyada ictimai fikrin əks edilməsinə   üstünlük verən azsaylı sənətkarlardandır. Onun yaradıcılığını Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə müqayisə etsək, Bəxtiyar Vahabzadənin poeziyasında vətəndaşlıq, kəskin ictimai fikir, istiqlal düşüncəsi üst qatda öz əksini tapıb. Vaqif Aslanın poeziyasında isə  ictimai lirikanın  milli – mənəvi cəhətdən dərk edilməsi çox qabarıqdır. Milli-mənəvi dəyərlərə qayıdış baxımından Vaqif Aslan poeziyası əvəzedilməzdir.

Onun “Ruhlarla söhbət” poemasında bütün cəmiyyətə, dünyaya baxışı əks olunur. Vaqif Aslanın milli-mənəvi özünü dərk edilməsi dünyanı dərk etməyin bir formasıdır. Onun poeziyasında lirika, sevgi məhəbbət mövzusu təbii ki, vardır. Amma onun aparıcı tərəfi gələcək nəsillərə Vaqif Aslanın təqdimatında Azərbaycan poeziyasını tanıtmaqdır. Akademik qeyd etdi ki, Vaqif Aslanın  ədəbi  tənqidçilik fəaliyyəti də çox genişdir və çox sayda elmi məqalələri onun görkəmli bir ədəbiyyatşünas olduğunu da təsdiqləyir. Vaqif Aslanın rus və fransız ədəbiyyatından tərcümələri də vardır.  Onun publisistikası elmi publisistikadır. Vaqif Aslan yaradıcılığı  haqqında  görkəmli  alimlər Yaşar Qarayev, Allahverdi Tağızadə, Aydın Məmmədov, İsa İsmayılzadə, Rüstəm Kamal, Vaqif Yusfli, Asif  Rüstəmli, Tofiq Hacıyev, Şamil  Salmanov və başqaları yazıblar.

Vaqif Aslan  uzun illərdir Azərbaycan Yazıçılar Birliyinin Şəki Bölməsinə rəhbərlik edir. O, ölkəmizi xarici dövlətlərdə də layiqincə təmsil edir.

 Mən  Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə təşkil olunan Vaqif Aslan yaradıcılığına həsr olunmuş  bu tədbiri də yüksək qiymətləndirirəm.  Çıxışının sonunda akademik İsa Həbibbəyli  eyni zamanda direktoru olduğu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  “Fəxri dostu” diplomunu Vaqif  Aslana təqdim etdi. Sonra söz  Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Birol Akgünə verildi. O, tədbirə dəvətə görə təşəkkürünü bildirdi və bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən  “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziuma diqqəti çəkdi.  O, qeyd etdi ki, bu kimi elmi-mədəni əməkdaşlıqların iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.  Cənab səfir dedi ki, bizim bir millət, iki dövlət ifadəmizə şairlər də, yazarlar da, alimlər də ortaqdır. B.Akgün Vaqif Aslanla  bağlı fikirlərini söylədi və Vaqif Aslan yaradıcılığını yüksək qiymətləndirdi. Şairin Türkiyədə xüsusilə sevildiyini qeyd etdi. Dedi ki, . Şairlər  haqqın sözünü haqq adından söyləyirlər.  O, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Vaqif Aslan  kimi böyük şairlərin yaradıcılığının əsas mövzusunun insan olduğunu vurğuladı. Cənab səfir Vaqif Aslanı yubiley münasibətilə təbrik etdi, qələminin iti olmasını arzuladı və Vaqif Aslana Türkiyə Cümhuriyyəti Elmlər Akademiyasının “Fəxri doktoru” diplomunu  və mantiyasını  təqdim etdi.

Tədbirin aparıcısı Tarix üzrə Fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzi Kitabxanalar Sisteminin direktoru Lətifə Məmmədova  qeyd etdi ki, Milli Məclisin deputatı Cavanşir  Feyziyevin dəstəyi ilə  Mahmud Kaşğari adına beynəlxalq fond tərəfindən Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş kitablar nəşr olunub. O, “Ruhlarla danışan adam” kitabı haqqında qısa məlumat verdi. Qeyd etdi ki, bu fundamental əsərdə elm, ədəbiyyat və mədəniyyət adamlarının, həmçinin ictimai xadimlərin Vaqif  Aslanın zəngin yaradıcılığı ilə bağlı elmi məqalələr nəşr olunub. 

Tanınmış yazıçı, şair Seyran Səxavət çıxış edərək Vaqif Aslanın son dərəcə gözəl  qələmi olan nadir şair olduğunu vurğuladı. Seyran Səxavət Vaqif Aslanı yubiley münasibətilə təbrik etdi  və çıxışını “İlk məhəbbətim, son məhəbbətim” şeiri ilə tamamladı.

Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd etdi ki, doktorluq dissertasiyasını yazarkən Vaqif Aslanın yaradıcılığını araşdırıb. Yeganəxanım onu da  bildirdi  ki, Qazaxıstanda  nəşr edilən “Türk dili” jurnalında Vaqif Aslanla bağlı məqalə ilə də çıxış edib. O,  Vaqif Aslanın “Oğuz elinə salam” şeirindən bir neçə bənd deyərək çıxışını tamamladı.

Şair  Qadir Hüseynov Vaqif  Aslana yaradıcılıq uğurları arzuladı, həm özünün, həm də Vaqif  Aslanın yeni  kitabının işıq üzü görməsi münasibətilə onu təbrik etdi. Q.Hüseynov Vaqif Aslana həsr etdiyi “Aləmə bəzəksən, gözəlsən, Şəki” şeirini oxudu.

Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov toplantıda çıxış etdi və Vaqif Aslana Türk Ağsaqqalları İctimai Birliyi adından Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələrə  Vaqif Aslana diplom təqdim   etdi.

Neft və Qaz İnstitutunun professoru Mahir Rəsulov çıxışında vurğuladı ki, bu gün Vaqif Aslanla yanaşı, müasir Azərbaycan ədəbiyyatının təntənəli yubileyidir.  O, Vaqif  Aslana daha geniş yaradıcılıq uğurları arzuladı. 

Bakı Dövlət Universitetinin kafedra müdiri. Professor İsmayıl Əliyev , Bakı şəhər  172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova ,şair  Tural Adışirin maraqlı çıxışlar etdilər  Tural bəy  çıxışının sonunda Milli Məclis adından Milli Məclisin Mədəniyyət komitəsinin sədri  Fazil Mustafanın Vaqif Aslanın yubileyi ilə bağlı göndərdiyi təbrik məktubunu oxudu.

Türk şair, yazar Hasan Kallımcının şair Vaqif Aslana videoformatda göndərilmiş təbriki təqdim edildi, onların  bir-birlərinə həsr etdikləri şeirlər səsləndirildi. 

Türkiyəli yazar, ədəbiyyatşünas alim Süheyla Karaca Şəkinin gözlliyindən və Şəkidə şair olmamağın günah olduğundan danışdı. S.Karaca Vaqif  Aslanı təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı.    

Daha bir Türkiyəli yazar Selvigül Şahin də çıxış edərək Vaqif Aslanı təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı və rəngli boya ilə işlənmiş gözəl tablo hədiyyə etdi.

Vaqif Aslanın qızı Yeganə Aslanova və bacısı nəvəsi Abdulqədir Lətifov yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirdi və Vaqif Aslana daha yeni yaradıcılıq uğurları arzuladı.

Sonra söz yubilyara verildi. Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi. Bu əlamətdar gündə göstərilən diqqət və ehtirama görə təşəkkür etdi.

Çingiz Nağıyev,

“Qızıl qələm” mükafatı laureatı

 

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV