Üçüncü cəhd

MEHMAN CAVADOĞLU
585 | 2022-01-21 13:33

Ötən həftənin sonlarında Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Sərdar Qılıcla Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın keçirdikləri təkbətək görüşlə iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində növbəti üçüncü cəhdə start verildi. Xatırladaq ki, Türkiyə sovetlərin çöküşünün ilk aylarından sonra yaranmış müstəqil Ermənistan dövlətini tanıyan ilk ölkələrdən biri olsa da həmin vaxt qarşı tərəfdən adekvat reaksiya görməmişdi. Çünki öz uydurduqları saxta tarixin psixoloji gərginliyi və şoku altında sadomazoxist bir qövmə çevrilmş “qarşı tərəf” bitmək bilməyən hikkəsinin, soyumaq bilməyən qisasçılıq hissinin başgicəlləndirici təsirindən ayıla bilmirdi. Həmin vaxt yeni (deyəsən, həm də köhnə) Ermənistan tarixinin hələ ki ağlı başında olan yeganə siyasətçisi Levon Ter-Petrosyan Türkiyədən gələn nümayəndə heyətiylə yalnız ticarət və iqtisadi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparmış, siyasi müstəvidə konkret hər hansı müzakirəni mümkünsüz saymışdı. Lakin Kəlbəcərin işğalından sonra Türkiyənin təşəbbüsüylə iqtisadi və ticari əməkdaşlıq sahəsindəki bütün kövrək gəlişmələrin üstündən də xətt çəkildi, sərhədlər tamamilə qapandı, təzə-təzə yaranan əlaqələr tamamilə kəsildi.

İkinci nizamlama cəhdi 2008-2009-cu illəri əhatə edir. Rusiya, ABŞ, Fransa kimi böyük beynəlxalq oyunçuların iştirakı, vasitəçiliyi və təhrikiylə müşayət olunan, təxminən iki il boyu gərgin dramatik süjet üzrə inkişaf edən danışıqlar son nəticədə uğursuzluğa düçar oldu. 2008-cu il oktyabrın 10-da ABŞ –ın Dövlət katibi Hilari Klintonun, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Fransanın xarici işlər naziri Bernar Kuçnerin İsveçrənin Sürix şəhərində yekun protokollar imzalansa da, bu uğurun ömrü uzun olmadı. Yeri gəlmişkən bir faktı da xatırladaq ki, həmin imzalanma törəninin gedişində Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan sənədin imzalanması anında xüsusi bəyanatla çıxış etmək fikrinə düşür, yalnız Lavrovun ona göndərdiyi “Eduard, heç bir bəyanatsız imzalama mərasiminə razı ol” məxfi qeydindən sonra bu tərəddüdünə son qoyur. Sadəcə olaraq, ona görə ki, həmin vaxt Türkiyə XİN başçısı da cavab əlavə bəyanatıyla çıxış etməyə məcbur olacaq və iki illik vurnuxmalar hədər gedəcəkdi.

Onsuz da hədər getdi. Ermənistan Konstitusiya Məhkəməsi genosidin tanınması və təzminat ödənməsi şərtinin sənədə salınmayacağı təqdirdə onu təsdiq eləməkdən imtina edəcəyini, Türkiyəsə heç cür bu şərti qəbul edə bilməyəcəyini, üstəlik, Azərbaycan torpaqları işğaldan azad edilməyincə münasibətlərin normallaşmasının mümkün olmayacağını bəyan elədi. Beləliklə, danışıqlar dövründə prezident Abdulla Gül Türkiyə-Ermənistan milli futbol komandalarının oyununu Yerevanda, cavab görüşünüsə Serj Sərkisyan Bursada izlədiyinə görə tarixə daha çox “Futbol diplomatiyası” ekzotik adıyla düşmüş bu uzun və gərgin diplomatik proses başa çatdı və onun nəticəsi olaraq imzalanmış Sürix protokolları bir çox ekspertlərin haqlı olaraq söylədiyi kimi ölü doğuldu.

İki ölkə arasındakı son 30 illik münasibətlərin bu qısa tarixçəsinə nəzərə aldıqda hazırda başlayan və şərti olaraq “üçüncü nizamlama cəhdi” adlandırdığımız prosesin uğurlu sonluqla bitəcəyinə o qədər də optimist yanaşmaq olmur. Düzdür, hazırda iki ölkə arasındakı münasibətlərdə yeni çalarlar meydana gəlib, amma bu yenilik gərginliyi azaltmayıb, sadəcə, onun ağırlıq mərkəzini dəyişib. 44 günlük müharibədə qazanılmış qələbə Azərbaycan torpaqlarının işğalına əhəmiyyətli dərəcədə son qoyması bir tərəfdən Türkiyənin əl-qolunu açıb, onun manevr imkanlarını artırıbsa, digər tərəfdən erməniləri daha da aqressivləşdirib. Çünki bu məğlubiyyətin günahını özlərindən başqa hamıda, ilk növbədəsə Türkiyədə görürlər.

Beləliklə, Rubinyanla Qılıc arasında Moskvada keçirilən görüş üçüncü nizamlama cəhdidi və onun uğurla başa çatacağı, yoxsa əvvəlki cəhdlər kimi fiaskoya uğrayacağını proqnozlaşdırmaq çox çətindir. İlk görüş haqqında iştirakçıların özləri heç bir söz deməyib, hər iki ölkənin xarici işlər nazirliyindənsə ümumi ifadələrə söykənən açıqlamalar verilib. Odur ki, içəridə hökm sürən atmosfer haqqında hələlik konkret bir xəbər yoxdu. Hərçənd, mürəkkəb situasiyalarda heç bir xəbərin olmamasının özü şox vaxt yaxşı xəbərin müjdəsi olur.

Görüş haqqında məlumat yayılan kimi erməni cəmiyyətində növbəti çalxalanmalar başladı. Parlamentin bu həftənin əvvəlində keçirilən iclasında müxalif “Hayastan” blokunu təmsil edən deputat Aqnessa Xamoyan Rubinyanı birbaşa türk agenti olmaqda ittiham elədi. Xanım Xamoyan bunu gəlişi gözəl söz kimi işlətmədiyini sübut eləmək üçün Rubinyanın vaxtilə Türkiyədə çalışdığını bildirərək onun həmin vaxt türk kəşfiyyatına cəlb edildiyinə eyham vurdu.

Az qala əlbəyaxa davaya çevrilmək dərəcəsinə çatmış söz atışması vaxtı Rubinyanın davranışları və ritorikasını təkcə onun xarakteriylə yox, həm də Ermənistan hakimiyyətinin Türkiyə ilə danışıqlarda həqiqətən real nəticələrə nail olmaq istəyilə izah oluna bilər. Ağır və sarsıdıcı məğlubiyyətdən sonra Paşinyanın qonşularla dinc yanaşı yaşama və əməkdaşlığa əsaslanan münasibətlər sisteminin qurulmasnda maraqlı olması getdikcə daha çox hiss olunur. Bir tərəfdən Azərbaycanın gücü qarşısındakı zəiflik, digər tərəfdən beynəlxalq birliyin bütün şirin vədlərinə baxmayaraq konkret hərbi-siyasi yardım göstərmək imkanlarının düşünüldüyü qədər asan olmadığını dərk etdikcə praqmatikləşən inqilabçı baş nazir gerçəkliyin sərt üzüylə barışmağa sadəcə məcburdu.

Ağır məğlubiyyətin ardınca keçirilən seçkilərdəki qələbə geniş xalq dəstəyinin bariz nümunəsidi. Üstəlik, Ermənistan və Qarabağ erməniləri arasındakı münasibətlərin get-gedə artan gərginlik üzrə inkişafı da baş nazirin əlinə oynayır. Amma onun sayca az olsa da proseslərə həlledici təsir göstərmək imkanları və rıçaqlarına malik güclü rəqibləri də var ki, hamısını tək Paşinyana yox, həm də Türkiyəyə olan nifrət hissi birləşdirir. Diaspora, kilsə, xalq arasında geniş dəstəyi olmasa da, güclü beynəlxalq əlaqələrə və maliyyə imkanlarına malik “Daşnaksütun”, “Asala” və digər irili-xırdalı terror təşkilatları bu prosesdə baş nazirin ən ciddi rəqibləridi və hər vəchlə onun təşəbbüslərini əngəlləməyə çalışacaqlar. Necə ki artıq buna start veriblər.

Rubinyan-Qılıc görüşünün mümkün əməkdaşlıq formatları üzərində aparılması nəzərdə tutulub. Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib ki, tərəflər konstruktiv məcrada dialoq aparmaq barədə razılığa gəliblər. Yəni, heç bir siyasət, yalnız iqtisadiyyat! Hərçənd yuxarıda adını çəkdiyimiz ikinci nizamlama cəhdi də də bu prinsipin üzərində qurulmuşdu. Lakin sonda siyasət istər-istəməz proseslərə bulaşdı və iki illik əzab-əziyyət hədər getdi. İndiki nizamlama prosesində də siyasətsiz ötüşmək çətin ki, mümkün olsun. Çarter reysləri, açılan sərhədlər, mal mübadilələrii, idman yarışları və s. və i.a. kimi nəsnələrin son olaraq siyasətə gəlib dirənəcəyi və bütün gəlişmələrin üstündən bir anın içində qalın bir xətt çəkiləcəyi şübhə doğurmasın. Çünki nə kilsənin, nə diasporanın, nə də çoxsaylı erməni siyasi-terrorçu qruplarının heç birinin erməni xalqının firavan yaşayışı deyə bir lüksü yox.

 

M. Cavadoğlu

 

 

TƏQVİM / ARXİV