adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Taksilər yollarda çox olmasa, tıxac da bu qədər çox olmaz - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
1064 | 2023-07-21 12:38

Son vaxtlar istər sosial hesablarımda apardığım canlı yayımlarda, istər şəxsimə edilən müraciətlər də əksəriyyət bir məsələyə köklənib - #taksi. Hesab edirəm ki, bu haqda bəzi fikirləri deməsəm olmaz.

Yazılanlardan və deyilənlərdən məlum olur ki, bu gün həm taksi sürücülərini, həm də gündəlik taksidən istifadə edə sərnişinləri narahat edən bir məsələ var - yeni taksi qaydaları tətbiq olunduqdan sonra günümüz-güzəranımız necə olacaq?

Sürücülər işsiz qalacaqlarından narahatdılar, sərnişinlər də onsuz da günün pik saatlarında nə minilməsi, nə düşülməsi mümkün olmayan avtobus və metro basabaslarında əsəblərinin tarıma çəkiləcəyindən. 

Bəli, taksi sahəsində kifayət qədər problemlər var. Amma gəlin bir fikirləşək, ucuz taksilər bazardan çıxsa, o problemlər həll olunmuş olur, yoxsa sadəcə kəsilib atılmış? 

Hamı bilir ki, bu gün Bakıda sərnişindaşımada taksilər daha əlçatan, daha rahatdırlar. Xüsusən günün pik saatlarında yaranan sıxlıqlarda nə avtobuslara, nə metroya minib düşmək hər adamın işi deyil. 

Hər kəs narahatdır ki, taksilərə yeni yansşma, yeni tələblər və rüsumlar bu sahədə rəqabətə son qoyacaq. Elə edəcəklər ki, ucuz taksilər istəsələr də işləyə bilməyəcəklər. Qiymətlər qalxacaq amma xidmət dəyişməyəcək, dəyişən xidmətin də qiyməti heç də hər kəsə əlçatan olmayacaq.
Rəqəmsal inkişaf və nəqliyyat naziri də mətbuata açıqlamasında xüsusi olaraq vurğulamışdı ki, 1) ilkin mərhələdə məqsədimiz taksilərin yox, taksi gedişlərinin sayını azaltmaqdır, 2) taksidə qiymətlər birmənalı olaraq qalxacaq.

Nazir vurğulasa da ki, " ilkin mərhələdə məqsədimiz taksi sürücülərini işsiz qoymaq deyil", sonrakı mərhələ sual altında qalıb. İlkin mərhələdə deyil, bəs ikinci mərhələdə?

Şəhərin taksi aləminə gələcək yenilkləri şərh edən ekspertlər də dəfələrlə "belə olsa şəhərdə sıxlıq azalaq", "belə olsa heç də hamı taksidən istifadə edə bilməyəcək", "taksi əslində heç də hər kəsin gündəlik istifadə etdiyi nəqliyyat vasitəsi olmamalıdır" kimi mesajlar ötürüblər cəmiyyətə.
Deməli, taksi sayının azalamayacağı və sürücülərin işsiz qalmayacağı o qədər də inandırıcı görünmür. Taksidən istifadə edən bu qədər sərnişin də inanmır ki, bazara girəcək yeni qaydalar rəqabətin daha da artmasına səbəb olsun. Əksəriyyət hesab edir ki, ucuz taksilər hansısa bir formmada sıxışdırılıb bazardan çıxarılacaq. 

Taksilərə gələcək yenilikdə bir səbəb də "şəhərdə hərəkətin mobilliyi" məsələsidir. Yəni hesab edirlər ki, taksilər yollarda çox olmasa, tıxac da bu qədər çox olmaz. 

Əslində tıxacı yaradan səbəblərin neçə faizini taksilərə aid etmək olar, bu haqda hələlik aydın fikir yoxdur. Mütəxəssislər Bakı küçələrindəki tıxac və sıxlıqların səbəbi kimi infrasrukturun düzgün qurulmamasını, çəkilən yollarda ötürücülük qabiliyyətinin düzgün hesablanmamasını, şəhər əhalisinin sayınln həddən ziyadə artmasını və s. əsas gətirirlər. 

İki danılmaz fakt var - Taksidən istifadə edənlərin sayı da kifayət qədərdir, yollardakı tıxaclar da.  Amma bu iki məsələnin ortaq nöqtəsi, ümid edək ki, sürücünün də, sərnişinin də ürəyincə olacaq.

Sonda bir haşiyə də çıxım: Dövlət Statistika Komitəsinin, bu ilin əvvəlidə, yaydığı məlumatda göstərilir ki, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 120,3 mln. sərnişin daşınıb ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 22,9% artım deməkdir. Sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 26,3% artıb.

TƏQVİM / ARXİV