“SEPAH generalları İranda faktiki hakimiyyəti ələ keçiriblər. Ali dini lider öldürülüb, yeni lider seçilməyib, Prezident Məsud Pezeşkianın isə səlahiyyəti yoxdur. Müharibəni aparanlar və qonşu ölkələri raket və dron atəşinə tutan SEPAH generallarıdır. Strateji düşünə bilməyən bu generallar İranı daha ağır təlatümlərə sürükləyirlər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Misal üçün İranın Azərbaycan ərazisinə dron zərbəsi yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirmədi, İranın böyük ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti qeyri-müəyyən dövrə qədər dayandırıldı, idxal-ixrac əməliyyatları dondurulub. Və ya İran günlərdir Birləşmiş Ərəb Əmirliklərinə zərbələr endirir. Birləşmiş Ərəb Əmirlikləri buna cavab olaraq İranın milyardlarla dollarlıq aktivlərini dondurmağa qərar verib. Məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərini hədəf seçən İslam Keşikçiləri Korpusunun bu ölkədəki banklarda müxtəlif hesabları var. İslam Keşikçiləri Korpusu bu hesablar vasitəsilə Qərbin sanksiyalarından yayınır və pul kütləsini gizlətməyə çalışırdı. Yəni İrandakı radikal güclər oturduqları budaqları kəsirlər”, - deyə o bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
