adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

«Su üzərində bahar» kitabına atüstü diqqət - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
360 | 2022-07-07 10:23

Onunla bugünlərdə «Azərbaycan» nəşriyyatında qarşılaşdıq. Çoxdan tanıdığım və mənim üçün həm dəyərli, həm də köhnə kişilərdən olan Rəfail Tağızadə ilə bu qarşılaşmam yaddaşıma bir işıq saldı. Atüstü də olsa, keçmiş günlərin müəyyən məqamları canlandı gözümün önündə. Söhbət əsnasında ruh doğmam olan Rəfaili yeni kitabı münasibəti ilə təbrik etdim. Bildirdim ki, kitabı barəsində internetdə oxumuşam. 

Elə bil Rəfail mənim bu sözümü gözləyirdi. Özünəməxsus təbəssümlə dedi ki, yolum nəşriyyata düşmüşdü, özümlə sənin kitab payını da gətirmişəm. Və beləcə Rəfailin «Su üzərində bahar» kitabı mənim də kitab dünyamın sakini oldu.

 Adətimdi, yeni kitab görəndə rahatlıq tapmıram. Əlimə düşən hər fürsətdə onu vərəqləyir, gözdən keçirirəm. Xüsusi ilə yaradıcılığını yaxşı bildiyim, ruhuna bələd olduğum həmkarlarımın kitabları bu məsələdə öncə cərgədə dayanır. Bax, Rəfailin də kitabı mənim dincliyimi əlimdən almışdı. Ona görə də ayın 4-də avtoqrafla mənə bağışladığı bu kitabı bir gün sonra əməlli-başlı oxumuşdum. Burda bir həqiqət də var, o da kitabdakı müəyyən şeirlərin dövri mətbuatda çap olunmasıdı. O cümlədən də «Ədalət» qəzetində. Ona görə də mənə tanış olan şeirlərlə təkrar təmas indi fərqli bir ovqat yaradırdı. Həmin ovqatın içərisində mən öz-özümə pıçıldayan adam kimi indi bura köçürəcəyim misraları təkrar edirəm:

 

Götürüb gedirəm səni özümlə,

gecənin ən sakit, gizlin yerinə.

Qıymaram mən sənə könlümdən başqa,

bir baxış toxuna, yerin bilinə.

 

Mən səni köksümə sıxıb apardım,

Bürüdüm hissimin burulğanına.

Bir də görərsən ki, qaçıb özümdən,

Dodağım qonubdu dodaqlarına.

 

İlahi, sən bunda cazibəyə bax!

Bu sevgi özündən qoparır məni.

Bu xumar gecədə bədirlənən ay

Salıb işığına aparır məni.

 

Bəli, bu bir rəssam əsəridi, sadəcə sözlə çəkilib, qələmlə, hərf-hərf, sətir-sətir naxışlanıbdır. Təbii ki, müəllifi də Rəfail Tağızadədi. Tam səmimiyyətlə deyirəm ki, mənə bir sevgi tablosu kimi təsir bağışlayan bu şeirin aurasında kitabdan ayrılmaq, digər bir işin qulpundan tutmaq heç də xoş deyildi Ona görə də əksər işlərin qarşısında sual işarəsi qoyub girişdim bu kitaba. Oxuya-oxuya təkcə mənzərələrin, fikir dünyasının şahidi və iştirakçısı olmadım, həm də daxilən o gözəlliyin havasına, nəfəsinə büründüm. Özümü müəllifin yanında gördüm. Elə bildim ki, bu şeiri haçansa sevdiyimə mən də demişəm:

 

Sənin çətirini alan küləyin,

Öpüşü qonacaq yanaqlarına.

Enəcək, enəcək bir az aşağı,

O solan, göyərən dodaqlarına.

 

Bu yerin, bu göyün heç bilmədiyi,

Ayın duymadığı, eşitmədiyi.

Bir sevgi nəğməsi oxuyacağam,

Qara buludların qulaqlarına...

 

Bəli, şeiri oxuyub başa çıxanda, yaşanmış bir sevginin müəllifinə sadəcə olaraq həsəd apardım. Çünki ürək, duyğu o zaman qarşı tərəfin halının, ovqatının bir parçasına çevrilir ki, onda reallıq  və səmimiyyət hakim olsun. Bu mənada Rəfail Tağızadənin şeirlərində gerçəklik qədər də yaşam var, yaşam qədər də gerçəklik. Elə bu andaca birmənalı şəkildə vurğulayım ki, Rəfailin poeziyasında Sevgi bir varlıqdı, canlıdı və onun da iki qanadı var. Biri Vətənin üzərinə sərilib, biri şairin munis duyğularının, özünə bəlli aləminin üzərinə çəkilibdi. Ona görə də Vətən sevgisi də ictimailikdən həmin o munis sevgiyə bir növü əl uzadır, onlar qoşalaşırlar. Necə ki, Rəfail deyir:

 

Yolumda izim qalmadı,

Baxmağa gözüm qalmadı.

Kül oldum, közüm qalmadı,

Mən sənin nəyinəm, Vətən?

 

Bu müraciət və bu ərklə Vətəni sorğulamaq həmin o sevginin bariz göstəricisidi. Deməli, şairin öz munis hislərini ifadə edərkən sevgilisinə verdiyi sual da bu ölçüdə, bu biçimdə, bu çəkidədi. Həmin yanaşma dəyişmir  və  Rəfail soruşur ki:

 

Mən sənin nəyini sevdim,

bilirsənmi?

Baxışlarını sevdim, baxışlarını.

Duruşunu sevdim, Qamətini sevdim.

İçindəki ucalığı sevdim.

Düşüncəni, anlayışını sevdim

Sözünü, söhbətini  sevdim.

Mən sənin özünü sevdim.

 

Və bu sevginin yozumu da, yəni onun mayası da, söykəndiyi dayaq nöqtəsi də sonrakı bəndlərdə sadə, həm də tam inandırıcı bir şəkildə öz ünvanına çatdırılır. Onda bir oxucu kimi mən də inanıram ki, bəli, həqiqətən onu sevmək olar. Özü də təkcə olar yox, həm də zəruridi. 

«Su üzərində bahar» kitabı ilə bir günlük təmasında yaşadıqlarım mənə çox mətləbləri, elə bir günün içərisində də pıçıldadı. Hətta əlimdən tutub məni də bildiyim, xəyal etdiyim yerlərə çəkib apardı. Və anladım ki, bu kitab barəsində bir yazıda, bir atüstü qeyddə hər şeyi demək mümkün deyil. Bunun üçün zaman lazımdı. Elə bir zaman ki, kitabın hər şeirini təkrar oxuyasan. Və onda biləcəksən ki:

 

Qarabağ –

harda olsam

məni ana kimi qoynuna çəkən

Torpaq.

Ciyərimin süzgəcsiz sorub

qəbul etdiyi

Hava.

Qayaları, daşları yarıb

damcılayan, süzülən, çıxan –

isti,

soyuq,

turş

Su.

 

Bəli, bax, insana gərək olan da hava, torpaq, su-du!  və bunun  da  bircə anlamı var. Havasız, torpaqsız, susuz yaşamaq mümkünsüzdü. Deməli, həm də Qarabağsız yaşamaq da mümkünsüzdü!. Şükürlər ki, Qarabağın, Şuşanın, Ağdamın, Tuğun havasını, torpağını, suyunu  öpə bildik. Mən də Rəfailin bu kitabını bir dost sevgisi ilə, bir oxucu məhəbbəti ilə öpüb təkrar ona qayıdacağıma əminəm. Mübarək olsun Rəfail Tağızadə!

  • Oktyabr:
  • 1

TƏQVİM / ARXİV