İyulun 4-də Azərbaycan Dövlət Kukla Teatrında növbəti səhnə işinin premyerası olacaq.
Azərbaycan xalq nağıllarından “Ağ daşın sirri” adlı qısa və məzmunlu nağıl əsasında Əməkdar artist, dəvətli rejissor Rauf Avşar səhnələşdirmə və quruluşunda hazırlanan tamaşa klassik nağılların xarakterinə xas üslubda ərsəyə gəlib.
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.
Birhissəli uşaq tamaşasında obrazları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Rəhim Rəhimov, Yasin Abbasov, Vüqar İsmayılov, Könül Nəsibova canlandırırlar.
Pepertuara yenicə daxil olan “Sirli dolça” tamaşası uşaqlara sirli nağıllar aləmindən xoş anlar vəd edir.
Sözsüz ki, əyləncə və sehr dolu nağıl-tamaşada qəhrəmanlar izləyiciləri həm də bir sıra mətləblərdən hali edəcəklər.
Məsələn, dürüstlüyün ən böyük güc olduğunu, həqiqətin gec-tez üzə çıxdığını, saf sevgi və sədaqət kimi hisslərin bütün maneələri dəf etdiyini, zəkanın fiziki gücdən daha öndə olduğunu və s.
Tamaşanın hekayəti maraqlı və bir o qədər də fərqlidir. Belə ki, qocalıb əldən düşən hökmdar taxt-tacının kimin əlinə keçəcəyi, xalqına kimin rəhbərlik edəcəyi barədə çox düşünür.
Gözünün ağı-qarası bir qızı olan Padşah onu çoxdan narahat edən məsələni Vəziri ilə bölüşür. Vəzir də ona qızının artıq həddi-buluğa çatdığını, ərə getməli olduğunu deyir.
Sözsüz ki, bu sözlər Padşahın ağlına batmır. Çünki o, bilir ki, Şahzadə ilə evlənəcək şəxs mütləq taxt-tacına da sahib olacaq.
Elə bu zaman bir Dərviş peyda olur və çarəsiz şah ondan kömək umur.
Sonra hiyləyə əl atan şah qızına elçi düşən saysız gəncin həyatına son qoyur. Belə ki, dolçaya bir qara bir ağ daş əvəzinə 2 qara daş qoyur və nəticədə şahzadə ilə evlənəcək namizədlər ağ daşı tapa bilməyərık dar ağacından asılırlar.
Atasının bu əməlindən xəbər tutan qızı onun planını pozur və bir dürüst gənc ağ daşı taparaq şahzadə ilə evlənir.
Sözsüz ki, Padşah da sonda bu əməlindən peşman olur və taxtını itirməklə bağlı qorxusunu aşaraq rahat ömür sürür.
Onu da qeyd edək ki, tamaşa klassik kukla texnikasında parket kuklalarla ərsəyə gətirilib.